“İşçi Masası”nın həbsdə olan üzvündən  8 gündür xəbər yoxdur

Elvin Mustafayev.Foto: Fərqanə Novruzova

Məlumata görə, aclığa başlayan Elvin Mustafayevə həbsxanada təzyiq olunub və yeri dəyişdirilib

Ailəsi “İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyasının həbsdə olan üzvü Elvin Mustafayevdən 8 gündür xəbər ala bilmir.

Bu barədə “İşçi Masası” məlumat yayıb.

Bildirilib ki, mayın 6-da müxalif siyasətçi Tofiq Yaqublu başda olmaqla bütün siyasi məhbusların azad edilməsi tələbi ilə aclığa başlayan Elvin Mustafayevə təzyiq olunub və yeri dəyişdirilib.

“Hazırda hansı müəssisədə olduğu barədə xəbər verilmir. Ailəsi və dostları onun səhhətindən narahatdır”, – məlumatda deyilir.

Elvin Mustafayev 2023-cü il avqustun 4-də saxlanılıb və narkotik alverində ittiham olunub.

Mustafayev ittihamları rədd edərək, bildirib ki, narkotik maddəni onun üzərinə qoyublar.

2024-cü il yanvarın 31-də Bakı Ağır Cinayətlər Məhkəməsi onu 3 il müddətinə azadlıqdan məhrum edib.

Həmin il səhhətində problem olsa da, müalicə müəssisəsindən yenidən cəzaçəkmə müəssisəsinə qaytarılan Elvin Mustafayev buna etiraz olaraq aclıq aksiyası keçirmişdi.

Azərbaycanda işçi hüquqlarını müdafiə etmək məqsədilə 2022-ci ildə yaradılan “İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyasının dörd üzvü – sədr Afiəddin Məmmədov və üzvləri Ayxan İsrafilov, Elvin Mustafayev və Möhyəddin Orucov hazırda həbsdədir. Fəallar onlar qarşı irəli sürülən ittihamların hamısını qurama, siyasi sayırlar.

Amma rəsmilər ölkədə siyasi həbslərin olması ilə bağlı deyilənləri qəbul etmirlər.

Ana səhifəSiyasət“İşçi Masası”nın həbsdə olan üzvündən  8 gündür xəbər yoxdur