“İşçi Masası”nın həbsdə olan üzvü Elvin Mustafayev aclıq aksiyasına başlayıb

Elvin Mustafayev.Foto: Fərqanə Novruzova

O, Cəzaçəkmə Müəssisəsində məhbusların hüquqlarının pozulmasına, Tofiq Yaqublu və digər siyasi məhbusların azad edilməsinə görə aclığa başlayıb

“İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyasının həbsdə olan üzvü Elvin Mustafayev yenidən aclıq aksiyasına başlayıb.

Bildirilir ki, bu dəfə o, 13 saylı Cəzaçəkmə Müəssisəsində məhbusların hüquqlarının pozulmasına, həmçinin Tofiq Yaqublu və həbsdə olan digər siyasi məhbusların azad edilməsinə görə aclığa başlayıb.

“Müəssisəsədəki məhbusların ticarət hüquqları pozulur, köşklərdə qiymətlər çox bahadır. Siyasi və vicdan məhbuslarına xüsusi cəzalar tətbiq edilir. Cərimə kameralarına yerləşdirilmələri, müəssisənin dəyişdirilməsi ilə bağlı olaraq təhdid edirlər və yaxud reallaşdırırlar”, -Elvin Mustafayevə istinadla bildirilir.

Elvin Mustafayev 4 avqust 2023-cü ildə saxlanılıb və narkotik alverində ittiham olunub.

Mustafayev ittihamları rədd edərək bildirib ki, narkotik maddəni onun üzərinə qoyublar.

2024-cü il yanvarın 31-də Bakı Ağır Cinayətlər Məhkəməsi onu 3 il müddətinə azadlıqdan məhrum edib.

Həmin il səhhətində problem olsa da, müalicə müəssisəsindən yenidən cəzaçəkmə müəssisəsinə qaytarılan Elvin Mustafayev buna etiraz olaraq aclıq aksiyası keçirmişdi.

Azərbaycanda işçi hüquqlarını müdafiə etmək məqsədilə 2022-ci ildə yaradılan “İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyasının dörd üzvü – sədr Afiəddin Məmmədov və üzvləri Ayxan İsrafilov, Elvin Mustafayev və Möhyəddin Orucov hazırda həbsdədir. Onlar müxtəlif ittihamla üzləşsələr də, ittihamların hamısını qurama, siyasi sayırlar.

Amma rəsmilər ölkədə siyasi həbslərin olması ilə bağlı deyilənləri qəbul etmirlər.

Ana səhifəSiyasət“İşçi Masası”nın həbsdə olan üzvü Elvin Mustafayev aclıq aksiyasına başlayıb