“İşçi masası”nın həbsdə olan sədri “dözülməz” şəraitdən şikayətçidir

Afiəddin Məmmədov. Foto: Meydan TV

250-dən çox məhbus üçün cəmi 4 sanitar qovşaq fəaliyyət göstərir. Nəticədə məhbuslar saatlarla növbədə gözləməyə məcbur qalır”

“İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyasının həbsdə olan sədri Afiəddin Məmmədov saxlanıldığı 2 saylı Cəzaçəkmə Müəssisəsindəki şəraitdən şikayətçidir.

Konfederasiya Afiəddin Məmmədova istinadla bildirir ki, o, hazırda “dözülməz, antisanitar” şəraitdə saxlanılır.

“Mətbəxdə siçanlar sərbəst şəkildə gəzir, ərzaq qutularını deşir və yeməkləri yeyirlər. Yatmaq üçün ayrılmış yerlərdə də siçanlar dolaşır”, – İşçi Masası”nın sədri deyir.

Afiəddin Məmmədov həmçinin bildirir ki, müəssisədə məhbus sıxlığı var:

“Normadan artıq sayda məhbus bir yerə yığılıb. 250-dən çox məhbus üçün cəmi 4 sanitar qovşaq fəaliyyət göstərir. Nəticədə məhbuslar saatlarla növbədə gözləməyə məcbur qalır”.

“İşçi Masası” həbsdə olan sədrlərinin səhhətində nasazlıq olduğunu, lakin müəssisədə lazımi tibbi şəraitin olmadığını bildirir.

“Məhbuslar dərmanlarla təmin edilmir. Bəzi günlərdə müəssisə daxilində həkimlər olmur. Əməliyyata ehtiyacı olan insanların şikayətlərinə baxılmır. Afiəddinin iki gündür ki, qızdırması aşağı düşmür, üşüyür, boğazı şişib, dünən həkim yox idi, bu gün isə aidiyyatı olmayan dərman verilib. Afiəddin Məmmədovun səhhətində olan problemlərlə və saxlanma şəraiti ilə bağlı olan məsələlərin həllini tələb edirik”, – Afiəddin Məmmədova istinadla yayılan məlumatda deyilir.

Afiəddin Məmmədov “İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyası 2022-ci il martın 1-də Azərbaycanda işçilərin hüquqlarını müdafiə etmək məqsədilə yaradılıb.

Afiəddin Məmmədov işçilərin əmək hüquqlarının qorunması ilə bağlı etiraz aksiyalarında fəal iştirak edib. O, fəaliyyətinə görə, bir neçə dəfə inzibati həbslərlə üzləşib. Bu həbslər xırda xuliqanlıq və polisin qanuni tələbinə tabe olmama ittihamları ilə əsaslandırılıb.

2023-cü il sentyabrın 20-də isə Afiəddin Məmmədova qarşı Cinayət Məcəlləsinin 126.2.4 (xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma), 221.3 (silahla xuliqanlıq) və 228.4 (qanunsuz silah saxlama) maddələri ilə ittiham irəli sürülüb. Yanvarın 14-də ona 8 il həbs cəzası verilib.

Hazırda Afiəddin Məmmədovla yanaşı, Konfederasiyasının üç üzvü –Ayxan İsrafilov, Elvin Mustafayev və Möhyəddin Orucov da həbsdədir.

Fəallar onlar qarşı irəli sürülən ittihamların hamısını qurama, siyasi sayırlar.

Bu ilin aprelində Avropa Şurasının İşgəncələr Əleyhinə Komitəsinin sədri Alan Mitçell qurumun 2024-cü il üzrə fəaliyyətini əhatə edən ümumi hesabatında bildirib ki, Azərbaycanda qeyri-rəsmi həbsxana iyerarxiyası hələ də davam edir və cəzaçəkmə müəssisələrində məhbus sıxlığı var.

Ana səhifəXəbərlər“İşçi masası”nın həbsdə olan sədri “dözülməz” şəraitdən şikayətçidir