DİN deyir ki, araşdırma aparılır
İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının İdarə Heyətinin üzvü Ayxan İsrafilov saxlanılıb.
Bu barədə Meydan TV-yə “Demokratiya-1918” Hərəkatının (D-18) sədri Əhməd Məmmədli məlumat verib.
Onun sözlərinə görə, Ayxan İsrafilovun saxlanmasıyla son 11 gündə İşçi Masasının 4-cü üzvü hədəfə alınıb:
“Böyük ehtimalla, şərlənərək inzibati formada həbs olunacaq. Ssenarilər dəyişmir…”.
Avqustun 1-də kuryerlərin etiraz aksiyasında iştirak edən İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının sədri Afiəddin Məmmədov həmin gün axşam saxlanılıb.
Ona İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535.1 (polisin qanuni tələbinə tabe olmama) maddələrilə 30 sutka inzibati həbs cəzası verilib.
Ardınca avqustun 4-də bu qurumun üzvü Elvin Mustafayev həbs edilib.
Onun barəsində cinayət işi başlanıb və narkotik ittihamı irəli sürülüb.
“Kuryerlər də Azərbaycan cəmiyyətinin bir parçasıdır. Bir tikə çörəyilə imtahana çəkilir və qorxurlar. Cəsur simaları isə həbs olunur və təzyiqlərə məruz qalır”, – Əhməd Məmmədli bildirib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti Ayxan İsrafilovun polis tərəfindən saxlandığını Meydan TV-yə təsdiqləyib:
“Onun barəsində araşdırma aparılır. İctimaiyyətə əlavə məlumat veriləcək”.