Elvin Mustafayevə qarşı narkotik ittihamı irəli sürülüb
İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının sədri Afiəddin Məmmədovdan sonra bu qurumun üzvü Elvin Mustafayev də saxlanılıb. Ona qarşı narkotik ittihamı irəli sürüldüyü bildirilir.
“Demokratiya-1918” Hərəkatının (D-18) sədri Əhməd Məmmədlinin bildirdiyinə görə, Elvin Mustafayev avqustun 4-dən yoxa çıxıb:
“Avqustun 4-də axşamdan onun telefonuna zəng çatmır. Biz əvvəldən danışmışdıq, avqustun 5-də onunla görüşməliydik. Lakin heç bir vasitə ilə onunla əlaqə yaratmaq mümkün olmadı”.
Avqustun 1-də moped sürən kuryerlərin etiraz aksiyası olub. Onlar polislərin nəqliyyat vasitələrinə cərimə meydançasına aparmasına etiraz ediblər. Kuryerlərin etiraz aksiyasında İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının üzvləri də iştirak edib.
“Elvin Mustafayev özü bildirmişdi ki, polis aksiyadan sonra yaşadığı evin yaxınlığında onun barəsində məlumat toplamağa çalışıb”, – Əhməd Məmmədli əlavə edib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidməti Elvin Mustafayevin saxlandığını təsdiqləyib. Bu qurumdan bildirilib ki, onunla bağlı araşdırma aparılır.
Sosial şəbəkələrdə “Atilla Xan” profiliylə tanınan ictimai fəal Elvin Mustafayev 2023-cü ilin yanvarında Saatlı Rayon Məhkəməsinin qərarıyla 25 sutka inzibati qaydada həbs olunmuşdu. Həmin vaxt o, İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535-ci (polisin qanuni tələbinə tabe olmama) maddələri ilə cəzalandırılmışdı.
Amma yaxınları Meydan TV-yə bildirmişdi ki, Elvin Mustafayev polisə çağrılıb və könüllü şəkildə özü gedib. Ona görə də xırda xuliqanlıq, polisə müqavimət ittihamları tamamilə yalandır. Onların sözlərinə görə, ictimai fəal həmin vaxt Saatlıda sakinlərin su tələbinə yerli hakimiyyət təmsilçilərinin, polisin buna sərt reaksiyasını tənqid etdiyinə görə cəzalandırılıb.
Avqustun 1-də kuryerlərin aksiyasında iştirak edən İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının sədri Afiəddin Məmmədov da həmin gün axşam saxlanılıb. Ona İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535.1 (polisin qanuni tələbinə tabe olmama) maddələrilə 30 sutka inzibati həbs cəzası verilib.
İctimai fəal Afiəddin Məmmədov bundan əvvəl də bir neçə dəfə inzibati qaydada həbs olunub. Lakin o, bu ittihamların saxta olduğunu, ictimai fəaliyyətinə görə cəzalandırıldığını bildirib. Bu həbslərin birində ictimai fəal bildirmişdi ki, Bakı şəhər Baş Polis İdarəsində ondan telefonuna daxil olmaq üçün parolu verməyi tələb ediblər. O isə verməkdən imtina edib. Buna görə orada işgəncəyə məruz qalıb.