İşçi Masası kuryerlərə problem yaradan qanuna etiraz edir

Foto: sosial şəbəkə

Afiəddin Məmmədov deyir ki, qısa zamanda kuryerlərin probleminin həllini gözləyirlər

İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyası və Kuryer Birliyi Həmkarlar İttifaqı yeni qanunla bağlı bəyanat yayıb.

2022-ci il dekabrın 16-da Milli Məclisdə qəbul edilən “Yol hərəkəti haqqında” Qanuna dəyişiklik layihəsinə əsasən, sürət həddi 50 km/saat-dan yuxarı olan motolar üçün qeydiyyat nişanı və sürücülük vəsiqəsi tələb olunur.

İşçi Masası bildirir ki, motosikl sürücülərinin qeydiyyat nişanı alması üçün gömrük bəyannaməsi lazımdır.

İşçi Masası

Problem odur ki, motosiklların satıldığı yerlər bununla bağlı müvafiq sənədi təqdim etmirlər:

“Motosikllar ölkəyə vergidən yayınmaq məqsədi ilə ehtiyyat hissəsi kimi gətirildiyi üçün satış məntəqələri, bu sənədin təqdimatından boyun qaçırırlar. Ölkədə baş verən korrupsiya özünü bu sahədə də göstərir. İndi motosiklları gətirən şirkətlərin vergidən yayınmasının, qanuna uyğun olmayan qazanc əldə etməsinin cəzasını, işsizlikdən əziyyət çəkən, özünün və ailəsinin dolanışığını təmin etməyə çalışan kuryerlər çəkir”.

Bəyanatda Azərbaycan Respublikası Parlamentindən və aidiyyatı digər qurumlardan, Kuryerlər Birliyi Həmkarlar İttifaqı olaraq məsələ ilə bağlı açıqlama və problemin tezliklə kuryer işçilərinin mənafeyinə uyğun olaraq həll edilməsi tələb edilir.

İşçi Masası HİK sədri Afiəddin Məmmədov Meydan TV-yə bildirib ki, məsələ ilə bağlı hüquqi çərçivədə bütün addımları atmağı düşünürlər.

Afiəddin Məmmədov (soldan ikinci)

Ən qısa zamanda kuryer işçilərinin probleminin həllini gözləyirlər:

“Hazırda İşçi Masasının nəzdində olan Kuryer Birliyi Həmkarlar İttifaqı məsələ ilə bağlı müzakirə aparır. Yekun qərarlarımızı yaxın zamanda ictimaiyyətə bildirəcəyik”.

İşçi Masası HİK 2022-ci il martin 1-də bir qrup işçi fəallar tərəfindən qurulub.

Məqsədi Azərbaycanda baş verən işçi istismarına qarşı mübarizə aparmaq, işçilərə ödənişsiz hüquqi yardım göstərmək, həmkarlar ittifaqı ənənəsini yenidən bərpa etmək, işçiləri təşkilatlandırmaq və birgə mübarizəyə təşviq etməkdir. 

Ana səhifəSosialİşçi Masası kuryerlərə problem yaradan qanuna etiraz edir