İsa Qəmbər Arif Hacılını dəstəklədi

Əgər Müsavat lideri kimi partiyada böyük nüfuza sahib İsa Qəmbərə növbəti qurultayda başqanın kimliyi “bəllidirsə”, o zaman debatlar, rayonlarda çətin görüşlər və qurultaya nümayəndə seçmək nəyə lazımdır!?

Foto: Meydan TV


Yadigar Sadıqlı: “Arif Hacılı qalib gəlsə, Müsavat Partiyasının çöküşü davam edəcək”

İsa Qəmbər Müsavat Partiyasının başqanlığına namizədlər arasında indiki sədr Arif Hacılını dəstəklədiyini bildirib.

Partiyanın sabiq başqanı oktyabrın 9-da özünün “Facebook” səhifəsində yaydığı açıqlamada Müsavat Partiyasının oktyabrın 12-də keçiriləcək IX qurultayının nümayəndələrini Arif Hacılıya səs verməyə çağırıb.


“Arif Hacılı təkcə başqanlığa deyil, prezident vəzifəsinə də layiq dövlət adamıdır”

O xatırladıb ki, 2014-cü ilin sentyabrında keçirilən sonuncu qurultayda başqanlığa namizədlərlə bağlı öz mövqeyini açıqlamayıb:

“Bunun iki əsas səbəbi var idi. Mənə elə gəlirdi ki, fikrimi açıqlasam, dəstəklədiyim namizəd asanlıqla qalib gələ bilər. Nəticədə bir tərəfdən gerçək seçki yarışı baş tutmaz, digər tərəfdən faktiki olaraq mən varis müəyyənləşdirmiş olaram. Mən isə demokratik seçki yarışının Müsavata və cəmiyyətə faydalı olacağına inanırdım və varis müəyyənləşdirmək istəmirdim. İstəyirdim ki, məndən sonrakı başqanı və nəticədə partiyamızın növbəti mərhələdə siyasi kursunu müsavatçılar mənim təsirim olmadan müəyyənləşdirsinlər”.

Digər bir səbəb kimi İsa Qəmbər namizədlərdən bəzilərinin ondan öz mövqeyini bildirməməyini xahiş və təkid etdiyini göstərib:

“İndi isə – IX qurultay ərəfəsində partiyamızda azad demokratik seçki ənənəsi o dərəcədə oturuşub ki, namizədlərdən heç biri mənə mövqeyimi nə bildirmək, nə də bildirməmək xahişi ilə müraciət etməyə ehtiyac duymur və bu məni sevindirir. Odur ki, indi mən də mövqeyimi açıqlaya bilərəm. Qurultayda səs verəcəyim, başqan kimi görmək istədiyim namizəd Arif Hacılıdır”.

İsa Qəmbər hesab edir ki, Arif Hacılı Azərbaycanda ən təcrübəli, ən parlaq bioqrafiyaya malik siyasətçilərindən biridir:

“Mən əminəm ki, mövqeyimi bəyan etməsəm də, IX qurultayda başqan seçkisinin qalibi bəllidir. Arif Hacılı təkcə başqanlığa deyil, prezident vəzifəsinə də layiq dövlət adamıdır”, – İsa Qəmbər yazıb.


“İsa Qəmbər və Arif Hacılı rəqiblərin güclü olduğunu dərk edirlər”

Başqanlığa namizədlərdən biri Tofiq Yaqublu Meydan TV-ə deyib ki, İsa Qəmbərin çağırışında heç bir pozuntu yoxdur, amma bu açıqlama rəqib namizədlərin işini çətinə salır:

“İsa Qəmbər partiyanın üzvü və qurultay nümayəndəsidir. Onun da namizədlərdən birini müdafiə etmək haqqı var. Nə zamansa bunu etməyibsə, bu, o demək deyil ki, indi də susmalıdır”.

Tofiq Yaqublu
Tofiq Yaqublu

O, İsa Qəmbərin Arif Hacılını müdafiə etməsinə sevindiyini bildirdi:

“Çünki hər ikisi rəqiblərin güclü olduğunu dərk ediblər. Əvvəl düşünürdülər ki, çox rahat şəkildə qalib gələcəklər. İsa Qəmbər çağırışında səbəblər göstərsə də, əslində, onlar vəziyyəti bilirlər. Biz bölgələrdə müsavatçılarla görüşdük. Bu görüşlərin nəticələri barədə aldıqları informasiyalardan narahat olublar”, – Tofiq Yaqublu deyib.


“Müsavat Partiyası ötən 5 ildə heç bir uğur qazanmayıb”

Başqanlığa digər namizəd Yadigar Sadıqlı isə İsa Qəmbərin açıqlaması ilə razı olmadığını söylədi:

Yadigar Sadıqov
Yadigar Sadıqlı

“Müsavat Partiyası ötən 5 ildə heç bir uğur qazanmayıb. Əgər uğur qazansaydı, mən namizədliyimi irəli sürməzdim. Bunun əvəzində Arif bəyə kömək edib, uğurlarını daha da çoxaldardım. Sabiq başqan tamamilə yanlış mövqe sərgiləyib. Partiyanın indiki durumu acınacaqlıdır və İsa Qəmbərin son mövqeyi də acınacaqlı vəziyyətin davam etməsini şərtləndirir”.

Yadigar Sadıqlı Arif Hacılının belə bir çağırışa ehtiyacı olmadığı və qurultayda kimin qalib gələcəyinin əvvəlcədən bəlli olması barədə İsa Qəmbərin dediklərinə toxunaraq, bildirib ki, əgər ehtiyac yox idisə, niyə İsa Qəmbər qurultay iştirakçılarını Arif Hacılıya səs verməyə çağırır.

O hesab edir ki, İsa Qəmbərin çağırışından sonra vəziyyət xeyli mürəkkəb olub, çünki onun partiyada nüfuzu ciddidir və tərəddüd edən insanlar üçün onun yanaşması həlledicidir:

“Amma bununla belə sona qədər mübarizəmi davam etdirəcəm. Bilirəm ki, Arif Hacılı qalib gələcəyi təqdirdə, Müsavat Partiyasının çöküşü davam edəcək. Mən buna kənardan baxaraq “bəlkə namizədliyimi geri götürməsəydim, qalib gələrdim” deyə vicdan əzabı çəkmək istəmirəm. Heç olmasa “mən əlimdən gələni etdim” rahatlığı ilə yaşamaq istəyirəm. Çünki belə davam etsə Arif Hacılı Müsavat Partiyasını bərbad vəziyyətə qoyacaq”.


“Demokratik cəmiyyətə demokratlar gərəkdir”

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin sədri Anar Məmmədli İsa Qəmbərin açıqlamasına “Twitter” mikrobloqunda reaksiya verib:

Anar Məmmədli
Anar Məmmədli

“Əgər Müsavat lideri kimi partiyada böyük nüfuza sahib İsa Qəmbərə növbəti qurultayda başqanın kimliyi “bəllidirsə”, o zaman debatlar, rayonlarda çətin görüşlər və qurultaya nümayəndə seçmək nəyə lazımdır!? Nəsə, qəlizdi. F.Naumann demiş, demokratik çəmiyyətə demokratlar gərəkdir”.

Müsavat Partiyası 1911-ci ildə Məmməd Əmin Rəsulzadə və milli demokratiya ideoloqları tərəfindən təsis edilib. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra partiya öncə gizli, sonradan siyasi mühacirətdə fəaliyyət göstərib.1992-ci ildə Azərbaycanda Müsavat Partiyasının fəaliyyəti bərpa edilib. Xalq Cəbhəsinin liderlərindən biri, parlamentin o zamankı spikeri İsa Qəmbər partiyanın sədri seçilib və 2014-cü ilə qədər ona rəhbərlik edib. Nizamnamədə sədrlik müddətləri üçün qoyulan məhdudiyyətlərə əsasən, İsa Qəmbər başqanlıq üçün namizədliyini irəli sürməyib. 2014-cü ildə keçirilən qurultayda Arif Hacılı partiyanın yeni sədri seçilib.

Ana səhifəSiyasətİsa Qəmbər Arif Hacılını dəstəklədi