“Zaminbank”ın rəhbərinə 14 il həbs cəzası verildi
“Zaminbank”ın Müşahidə Şurasının sədri Nadir İsmayılov 14 il azadlıqdan məhrum edilib. Fevralın 4-də Bakı Ağır Cinayətlər Məhkəməsində ona hökm oxunub. Hökmə əsasən, o, mənimsəmə, dələduzluq, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və başqa əməllərdə təqsirli hesab olunub.
Nadir İsmayılovun işində zərərçəkmiş qismində tanınanlardan biri də “Şərur” Mənzil-Tikinti Kooperativinin sahibi İsfəndiyar Axundovdur. İddia olunur ki, iş adamının “Zaminbank”da depozitdə olan 5 milyon vəsaiti mənimsənilib.
İsfəndiyar Axundov məhkəmədə bildirib ki, 2012-ci ildə – bir sıra tikinti şirkətləri vətəndaşları aldatdığı ərəfədə yüksək vəzifəli məmurlar onunla görüşüb: “Onların arasında fövqəladə hallar naziri, daxili işlər naziri, baş prokuror, Bakı şəhər İcra Hakimiyyətinin başçısı da vardı. Aldadılan vətəndaşların sayı 1000 nəfəri keçmişdi, onlarda narazılıq yaranmışdı. Ona görə yüksək vəzifəli məmurlar qərar vermişdi ki, müəyyən güzəştlər eləsinlər, biz də o vətəndaşların mənzil probleminin həllinə köməklik göstərək. O adamların narazılığı aradan qaldırılmalıydı. Çünki müxalifət onları öz tərəfinə çəkə bilərdi, qarşıdan seçki gəlirdi (2013-cü ilin prezident seçkisi tutulur-red.), gərginlik ola bilərdi. Mənə dedilər ki, vergi güzəşti olacaq”.
Dövlətin əsgəri olduğunu deyən İsfəndiyar Axundovun sözlərinə görə, o, məmurların dediyilə razılaşıb. Nadir İsmayılovun köməyilə “Zaminbank”dan kredit götürərək bu işləri həyata keçirməyə başlayıb: “10 milyon kredit vermək razılaşdırıldı. 5 milyonu götürdüm, 5 milyonu qaldı. Qalan o 5 milyonu bankda depozitə qoydum. Sonra məlum oldu ki, heç depozitdəki 5 milyonu da mənim borcumdan çıxmayıblar”.
İsfəndiyar Axundov şikayətlənib ki, kredit götürərkən girov qoyulan əmlakları indi çıxara bilmir. Onun sözlərinə görə 10 milyona görə 12 milyondan çox pul ödəyib, amma yenə də əmlakları girovluqda qalıb: “Savadsızlığımdan istifadə elədilər. Mərkəzi Bankda mənə dedilər ki, aldadılmısan. Dövlətə kömək etmək istədiyim halda, özüm bataqlığa düşdüm. Heç olmasa, “Flaminqo”nu da çıxarmağa imkan vermədilər”.
İş adamı əlavə edib ki, obyektlərinin Mərkəzi Banka girov qoyulmasından xəbəri olmayıb.
Nadir İsmayılov isə bildirib ki, kredit müqaviləsi üç tərəf – “Zaminbank”, İsfəndiyar Axundov və Mərkəzi Bank arasında imzalanıb. Ona görə də əmlaklar Mərkəzi Bankın girovluğundadır.
Nadir İsmayılov vurğulayıb ki, “Şərurlu İsfəndiyar” bir çox məsələləri doğru danışmır: “2012-ci ildə mənə dedi ki, 75 min kvadrat evlərini, 16 mərtəbəli binasını, Tbilisi prospektindəki obyektini əlindən alıblar. Ad çəkmək istəmirəm ki, o zaman ona kimlər nələr edirdi. Gördüm ki, vəziyyəti pisdir, ona kömək məqəsədilə kredit ayırmağı təklif etdim, işlərini yoluna qoysun. Bankda qalan 5 milyonun faizini mən ödəyirdim. Sonra o pulu hissə-hissə özü götürdü”.
Nadir İsmayılov özünü təqsirli bilmir.
“Zaminbank” ASC-nin lisenziyası 2016-cı ildə ləğv olunub, bank müflis edlan edilib.
Nadir İsmayılov müflis olmasına görə keçmiş MTN rəhbərliyini ittiham edib: “Məni aparıb, MTN-nə salmışdılar. Heç bir hüquqi əsas olmadan bir sutka saxlayıb, ağlasığmaz məbləğ istədilər. Sonradan Eldar Mahmudovun “Bilal” MTK adlı tikinti şirkəti bankdan onun tapşırığı ilə 1.5 milyon kredit götürdü. Həmin krediti qaytarmadılar. Eldar Mahmudovun göstərişilə çox adama kreditlər verdik. Hamısı da batdı. Mənim bankımın bağlanmasının səbəbkarı Eldar Mahmudovdur”.