İrandan Türkiyəyə atılan ballistik raket zərərsizləşdirilib, ABŞ səfər xəbərdarlığı edib

Фото: Novikov Aleksey/shutterstock

Türkiyə Milli Müdafiə Nazirliyi bildirib ki, İrandan atılan və Türk hava sahəsinə daxil olan ballistik raket Şərqi Aralıq dənizində yerləşən NATO hava və raket müdafiə qüvvələri tərəfindən zərərsizləşdirilib.

Nazirliyin açıqlamasında qeyd olunub ki, raket parçaları Gaziantep ətrafındakı boş sahələrə düşüb. Hadisə nəticəsində xəsarət və ölüm faktı qeydə alınmayıb.

“Türkiyə yaxşı qonşuluq əlaqələrinə və regional sabitliyə böyük önəm verir. Lakin ölkəmizin torpaqlarına və hava sahəsinə yönələn hər cür təhdidə qarşı zəruri bütün addımlar qətiyyətlə və tərəddüdsüz atılacaq. Türkiyənin bu mövqedəki xəbərdarlıqlarına əməl olunmasının hər kəsin xeyrinə olduğunu bir daha xatırladırıq”, – Milli Müdafiə Nazirliyinin açıqlamasında belə deyilir.

Eyni zamanda ABŞ-nin Ankaradakı səfirliyi Türkiyənin cənub bölgələrinə səfər etməməyi tövsiyə edib. Təcili işi olmayan əməkdaşların Adana Konsulluğundan çıxarılması qərarı verilib.

Səfirliyin açıqlamasında bildirilir:

“Cənub-şərq Türkiyə üçün səfər xəbərdarlığı səviyyəsi ‘Səviyyə 4 – Səyahət etməyin’ statusuna qaldırılıb”.

Qeyd olunur ki, ümumilikdə Türkiyə üçün səfər səviyyəsi isə hələ də “Səviyyə 2 – Əlavə ehtiyatlı olun” statusunda qalır.

Ana səhifəDünyaİrandan Türkiyəyə atılan ballistik raket zərərsizləşdirilib, ABŞ səfər xəbərdarlığı edib