Yaxın Şərqdə hərbi gərginliyin artmasından sonra İrandan Azərbaycana təxliyələr davam edir.
Xarici İşlər Nazirliyinin məlumatına görə, indiyədək yalnız bir Azərbaycan vətəndaşı xəsarət alıb. Bildirilib ki, həmin şəxsə diplomatik nümayəndəlik tərəfindən yardım göstərilib və vəziyyəti stabildir.
Nazirlik qeyd edir ki, bölgədə hava məkanı bağlı olduğu üçün ümumi təxliyə planı yoxdur. İran ərazisində olan Azərbaycan vətəndaşları əsasən Azərbaycan və Türkiyə ilə quru sərhədlərindən çıxarılır. Səfirlik və baş konsulluqlar gücləndirilmiş rejimdə işləyir.
Fevralın 28-i saat 08:00-dan martın 1-i saat 12:00-dək Astara sərhəd-keçid məntəqəsi vasitəsilə təxminən 60 Azərbaycan vətəndaşı, 1 İtaliya, 5 Tacikistan və 18 Səudiyyə Ərəbistanı diplomatik nümayəndəsi, həmçinin son saatlarda 3 Banqladeş, 3 Qətər, 1 Pakistan vətəndaşı və İordaniyanın İrandakı səfirliyinin 4 əməkdaşı Azərbaycana təxliyə olunub.
XİN hazırda bölgədə olan vətəndaşlara təhlükəsizlik vəziyyətini izləməyi, kütləvi yerlərdən uzaq durmağı və yerli hakimiyyət orqanlarının göstərişlərinə əməl etməyi tövsiyə edir.