İranda saxlanılan azərbaycanlı tələbəyə son söz üçün vaxt verilib

Fərid Səfərli və anası Dilarə Əsgərova. Mənbə: Şəxsi arxiv. Montaj: Meydan TV

Fərid Səfərliyə yaxın günlərdə hökm oxunacaq

İranda həbs edilən azərbaycanlı tələbə Fərid Səfərliyə avqustun 3-dək məhkəmədə son söz üçün vaxt verilib.

Bu barədə anası Dilarə Əsgərova məlumat verib.

O bildirib ki, oğluna yaxın günlərdə hökm oxunacaq.

Onun sözlərinə görə, oğlu son vaxtlar məhkəmədə ciddi psixoloji təzyiqə məruz qalır. Bəzi məsələrlə bağlı vəkilə ehtiyacı var, lakin təmin edilmir:

Azərbaycanın İrandakı konsulluğu bir neçə vəkil məsləhət görsə də, razılaşa bilmədik. Xidmət haqqını fantastik həddə yüksək tələb edirlər, vəkillər İran azərbaycanlılarıdırlar. Təkcə, Fəridin telefon zənglərinə cavab verməyə görə 5000 dollar məbləğ istəyirlər. Prosesdə iştiraka görə isə ağlasığmaz bir məbləğ tələb edirlər. Hələ minnət də qoyurlar ki, öz azərbaycanlımızsan”.

Dilarə Əsgərova bildirir ki, oğlu ilə məsləhətləşib.

Fərid ona deyib ki, vəkilin məhkəmənin qərarına təsir etmək imkanı demək olar, sıfırdır və üstəlik, ona qarşı irəli sürülən ittihama dair heç bir sübut yoxdur. Yalnız məsləhət almaq üçün bu məbləği vermək mənasızdır:

“Üstəlik, mənim bu məbləği ödəməyə imkanım olmadığını da nəzərə alıb, Fəridlə qərara aldıq ki, İrandan vəkil tuta bilmirik, buna görə də Azərbaycandan Fəridi bir vəkillə əlaqələndirək ki, zəng edib suallar verə bilsin məhkəməyə qədər. İki vəkil canla, başla heç bir ödəniş olmadan Fəridə kömək edə biləcəklərini dedilər. Nədənsə Azərbaycanın İrandakı Konsulluğu Fəridlə vəkillər arasında telefon əlaqəsi yarada bilməyəcəklərini bildirdilər. Bu ümidimiz də puç oldu. Fərid çox gərgin danışırdı. Hakimin psixoloji təzyiqləri, bu günə qədər vəkillə təmin olunmaması, məhkəmədə Azərbaycan tərəfdən heç kimin iştirak etməməsi onu çox narahat edir”.

Ana bildirir ki, hər yerdən əli üzüldüyü üçün özü oğluna bəzi məsləhətlər verib:

“Məsələn, Fərid onun ifadəsinin farsca yazılı variantını başa düşmür, tapşırdım ki, altına “başa düşmürəm” yaz, sonra qol çək və s”.

Ana Azərbaycan hökumətinin vətəndaşına sahib çıxmamasından təəssüflənir.

Fərid Səfərli nə vaxt həbs olunub?

Almaniyanın Yena şəhərində magistratura təhsili alan 27 yaşlı Fərid Səfərlinin İrana səfərindən sonra ondan xəbər almaq mümkün olmayıb.

Anası deyib ki o, İrana bir zamanlar Yena Universitetində təcrübə keçən həkim qız dostunu görmək üçün gedib.

Fevralın 20-də Almaniyadan çıxan Fərid İranda olarkən dostları və ailəsi ilə əlaqə saxlayıb.

Martın 3-də Almaniyadakı dostlarından ona bilet almalarını da rica edib.

O, martın 4-də Tehran-İstanbul-Berlin reysi ilə Almaniyaya dönməliymiş, lakin həmin gündən onunla əlaqə saxlamaq mümkün olmayıb.

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) martın 9-da Fərid Səfərli ilə bağlı İrana nota verib.

Fərid Səfərlinin anası Dilarə Əsgərova oğlunun İranda həbs olunması ilə bağlı rəsmi məktubu iyunun 1-də alıb.

XİN-dən tələbənin anasına deyiblər ki, Fərid Səfərli İranda casusluq ittihamı ilə saxlanılıb.

İran hüquq-mühafizə orqanları onun saxlanılmasını 3 ay gizlədiblər.

Ana səhifəXəbərlərİranda saxlanılan azərbaycanlı tələbəyə son söz üçün vaxt verilib