İranda hicaba etiraz edərək soyunan tələbənin sərbəst buraxıldığı bildirilir

İranda qadın haqları. İllüstrasiya: Meydan TV

Ədliyyə rəsmisi onun ailəsinə təhvil verildiyini açıqlayıb

Tehran Azad Universitetinin həyətində məcburi hicab qaydalarına etiraz olaraq soyunduğu üçün saxlanılan tələbənin sərbəst buraxıldığı bildirilir.

İran rəsmiləri tələbənin ittiham olunmayacağını deyiblər.

Ədliyyə qurumunun sözçüsü Əsgər Cahangir qadının psixiatriya xəstəxanasına aparıldığını və daha sonra isə ailəsinə təhvil verildiyini bildirib.

Noyabrın əvvəlində sosial şəbəkələrdə universitetin Elmi-Tədqiqat şöbəsinin həyətində alt paltarında gəzən qadının videosu yayılıb.

Başqa bir videoda isə bir neçə kişi onu zorla maşına mindirərək ərazidən uzaqlaşdırır.

Universitetin mətbuat xidmətindən Amir Mahcub bildirib ki, tələbə həbs edilib və məsələ araşdırılır.

“Amir Kabir Newsletter” yazır ki, tələbə hicabını səhv geyindiyinə görə, “Bəsic” (yarımhərbi dəstə, İnqilab Keşikçiləri Qvardiyasının əsas kadr bazası) dəstəsinin üzvləri tərəfindən təzyiqlərə məruz qaldıqdan sonra paltarını çıxararaq, cırıb.

Nəşrin məlumatına görə, həbs zamanı qız döyülüb, o cümlədən başı avtomobilin qapısına dəyib, təkərlərində qan izləri olub.

Tələbənin videoları yayılandan sonra beynəlxalq insan haqları qrupları ona qarşı kobud rəftarı qınayaraq dərhal azadlığa buraxılmasına çağırıblar.

Beynəlxalq Amnistiya Təşkilatı (“Amnesty International”) da onun dərhal və qeyd-şərtsiz azadlığa buraxılmasını istəyib.

“AFP” yazır ki, 2024-cü ilin aprelindən bəri İran şəhərlərinin küçələrində hicabın düzgün geyinilməsinə nəzarət edən “Bəsic” hərbi dəstələrinin sayı daha da artıb.

Xarici görünüşü qaydalara uyğun gəlməyən tələbələrin isə içəri daxil olmasının qarşısını almaq üçün universitetlər girişdə üztanıma texnologiyası tətbiq edirlər.

Buna baxmayaraq, Tehranda bir çox qadın qanunlara məhəl qoymur və etiraz olaraq başlarını açıq qoyurlar.

Hazırda İran Parlamenti hicab geyinmə qaydalarını sərtləşdirən qanunu nəzərdən keçirir.

Qaydalar mühafizəkar ruhanilərdən ibarət nəzarət orqanı olan Konstitusiyanın Mühafizə Şurası tərəfindən təsdiq edilib.

Bir dəfə qayda pozuntusuna görə təqribən 50 ABŞ dolları, təkrar pozuntuya görə isə 400 dollara qədər cərimə nəzərdə tutulur.

İranın yeni Prezidenti Məsud Pezeşkian, sələfi İbrahim Rəisidən fərqli olaraq, hicabın məcburi geyinilməsinin tərəfdarı deyil.

“Biz qadınları hicab geyinməyə məcbur edə bilmərik. Həbslər, qarşıdurmalar, onları utandırmaq cəhdləri bu problemi həll edəcəkmi?” – Pezeşkian deyib.

Lakin o, bu məsələdə geniş səlahiyyətlərə malik deyil.

İranda real hakimiyyət Ali Rəhbər (Ayətullah) Əli Xamneyiyə məxsusdur.

Hələliksə, Mühafizə Şurası öz qərarını rəsmi açıqlamadığı üçün sənəd imzasız olaraq qalır.

BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığının Ofisi bildirib ki, İranda qadınlar hicab qanununa görə şiddətli repressiyalarla üzləşirlər, həbs olunurlar.

2022-ci ilin sentyabrında İranda 22 yaşlı Məhsa Əmininin polis nəzarətində ölməsi ilə bağlı kütləvi etirazlar baş verib.

O, başını örtmədiyi üçün həbs edilmişdi.

BMT-nin İnsan Haqları Şurasının məlumatına görə, iğtişaşlar zamanı azı 49 qadın və 68 uşaq olmaqla 551 nəfər həlak olub.

Ana səhifəDünyaİranda hicaba etiraz edərək soyunan tələbənin sərbəst buraxıldığı bildirilir