İrana qarşı müharibə başlayandan bugünə qədər Azərbaycanda 220-dən çox dindar həbs edilib

Siyasi məhbus. Foto: Pictrider/shutterstock

ABŞ və İsrailin İrana qarşı müharibəsi başlayandan bugünə qədər 220-dən çox şiə dindarın həbs edildiyi bildirilir.

Hüquq müdafiəçisi Arif Yunus öz sosial media hesabında Azərbaycanın Siyasi Məhbuslarına Azadlığı İttifaqının hazırladığı yeni siyasi məhbus siyahısına münasibət bildirərkən belə yazıb.

“ABŞ və İsrailin İrana qarşı müharibəsi başladıqdan sonra Azərbaycanda dindarlara qarşı yeni həbs kampaniyası başlanıb. Ümumiyyətlə, 28 fevraldan 15 maya qədər olan müddətdə 220-dən çox şiə dindar həbs edilib. Həbs prosesləri hazırda da davam edir”,- hüquq müdafiəçisi qeyd edib.

Azərbaycanın Siyasi Məhbuslarına Azadlığı İttifaqı mayın 13-də ölkədəki siyasi məhbusların yeni siyahısını yayıb. Siyahıda ümumilikdə 328 nəfərin adı yer alıb.

Siyahıya daxil edilən şəxslərin 15-i qadındır. Məhbuslar fəaliyyət sahələrinə görə 12 qrupa bölünüb. Hesabatda ən böyük qrupu 182 nəfərlə dindarlar təşkil edir. Siyahıda həmçinin 44 müxalifət və vətəndaş cəmiyyəti üzvü, 31 jurnalist və bloger, 8 hüquq müdafiəçisi yer alıb.

Bundan başqa, “İmişli işi” üzrə 15 nəfər, “Gəncə işi” üzrə 13 nəfər, “Tərtər işi” üzrə 8 nəfər, Avropadan deportasiya olunmuş 6 siyasi mühacir, milli azlıqların 5 fəalı, Söyüdlü hadisələri ilə bağlı 2 nəfər, müharibə əleyhinə çıxış edən 2 fəal və ömürlük həbs cəzası alan 12 nəfər siyahıda göstərilib.

Arif Yunus bildirib ki, əvvəlki siyasi məhbus siyahısında 340 nəfərin adı yer aldığı halda, hazırkı siyahıda 328 nəfər göstərilib və bu, bəzi suallar yaradıb. Hüquq müdafiəçisisnin sözlərinə görə, siyahıdakı azalma siyasi məhbusların sayının azalması anlamına gəlmir:

“Bəziləri diqqət yetirib ki, əvvəlki siyahıda 340 siyasi məhbusun adı var idi. Hazırkı siyahıda isə 328 nəfər göstərilir, yəni siyahı 12 nəfər azalıb. Lakin əslində siyahıda qeyri-dəqiqliklər Azərbaycan hakimiyyətinin günahı ucbatından yaranıb”.

O bildirib ki, 22 dekabrdan aprelin 1-dək həyata keçirilən Amnistiya aktı çərçivəsində adı siyasi məhbus siyahısında olan 122 nəfər şəxs azad edilib və onların 118-i dindar olub. Bununla yanaşı, son aylarda həbslər davam etdiyi üçün siyahıda cəmi 12 nəfərlik azalma var.

Arif Yunus deyir ki, xüsusilə regionlarda həbs edilən dindarlarla bağlı məlumat toplamaq çətindir:

“Təəssüf ki, dindarların həbsi ilə bağlı məlumat əldə etmək, xüsusilə bölgələrdə, çox çətindir. Bu istiqamətdə iş davam edir və indiyədək yalnız 30 dindarın adını müəyyənləşdirə bilmişik, onlardan bəzilərinin məlumatı isə natamamdır”.

Onun sözlərinə görə, buna görə də siyahıya yalnız haqqında tam və etibarlı məlumat əldə edilən şəxslər daxil edilib:

“Yeni siyahıda 328 nəfərin adı var, lakin bu, yalnız adlarını dəqiqliklə öyrənə bildiklərimizdir. Əslində isə həbs olunanların sayı xeyli çoxdur və təxminən 400–450 nəfər arasındadır”.

Siyasi məhbus siyahısını hazırlayan Azərbaycanın Siyasi Məhbuslarına Azadlığı İttifaqı bildirir ki, sənəd Avropa Şurası Parlament Assambleyasının 2012-ci ildə qəbul etdiyi 1900 saylı qətnamədə göstərilən “siyasi məhbus” meyarları əsasında tərtib olunub.

Azərbaycan hakimiyyəti isə ölkədə siyasi məhbusların olması ilə bağlı iddiaları qəbul etmir. Rəsmi mövqeyə görə, heç kim siyasi baxışlarına görə həbs edilmir və saxlanılan şəxslər konkret cinayət əməllərinə görə məsuliyyətə cəlb olunurlar.

Ana səhifəSiyasətİrana qarşı müharibə başlayandan bugünə qədər Azərbaycanda 220-dən çox dindar həbs edilib