İran və ABŞ arasında nüvə danışıqlarının beşinci raundu başlayıb

ABŞ-İran. Foto: tunasalmon/shutterstock

Dövlət Departamentinin sözçüsü bildirib ki, ABŞ bu danışıqlarda uğur qazanacağına inanır

Bu gün Romada İran və ABŞ arasında nüvə danışıqlarının beşinci raundu başlayıb. Danışıqlarda əsas mübahisə mövzusu isə uranın zənginləşdirilməsi məsələsidir.

ABŞ rəsmiləri, o cümlədən Prezident Donald Tramp israr edirlər ki, İrana tətbiq olunan sanksiyaların yumşaldılması müqabilində Tehran uranı zənginləşdirməyə tamamilə son qoymalıdır. İranın xarici işlər naziri Abbas Əraqçi isə “X” sosial şəbəkəsində yazıb ki, zənginləşdirmənin dayandırılması “sazişin olmaması” deməkdir.

“Razılaşma yolunu tapmaq raket elmi deyil. Qərar verməyin vaxtıdır,” – Əraqçi qeyd edib.

Danışıqlarda vasitəçilik rolunu Ərəbistan yarımadasında yerləşən və həm Tehran, həm də Vaşinqton üçün etibarlı vasitəçi olan Oman Sultanlığının xarici işlər naziri Bədr əl-Busaidi yerinə yetirir.

Günorta saat 1-dən sonra nümayəndə heyətləri Romadakı Oman səfirliyinə gəlib. Bu səfirlik əvvəllər də danışıqlara ev sahibliyi edib. İran mediası saat 2-yə yaxın danışıqların başladığını elan edib.

Zənginləşdirmə danışıqlarda əsas məsələ olaraq qalır.

Danışıqların məqsədi İranın nüvə proqramını məhdudlaşdırmaq müqabilində ona qarşı tətbiq olunan ciddi iqtisadi sanksiyaların bir hissəsinin ləğv edilməsidir.

Tramp dəfələrlə razılaşma əldə olunmasa, İranın nüvə proqramına qarşı hava zərbələri endiriləcəyi ilə hədələyib. İran rəsmiləri isə xəbərdarlıq ediblər ki, əgər təzyiqlər davam etsə, ölkə artıq silah səviyyəsinə yaxın zənginləşdirilmiş uran ehtiyatı ilə nüvə silahı istehsalına keçə bilər.

ABŞ Müdafiə Kəşfiyyat Agentliyinin yeni hesabatında bildirilir ki,“İran çox güman ki, hələ nüvə silahı istehsal etmir, lakin son illərdə həyata keçirdiyi tədbirlər onu bu silahları istehsal etməyə daha yaxınlaşdırır. Bu addımlar İranın ilk nüvə bombası üçün lazım olan silah səviyyəsində zənginləşdirilmiş uranı bir həftədən az müddətdə istehsal etməsini mümkün edir”.

Danışıqlarda əsas mübahisə zənginləşdirmə məsələsi ətrafında gedir. Əvvəlcə İranın uranı maksimum 3.67% zənginləşdirə biləcəyi barədə kompromis olsa da, sonradan ABŞ-nin mövqeyi sərtləşərək zənginləşmənin tamamilə dayandırılmasını tələb etdi.

Dövlət Departamentinin sözçüsü Temmi Brus bildirib ki, ABŞ bu danışıqlarda uğur qazanacağına inanır və zənginləşmənin qarşısının alınması istiqamətində mövqeyini qoruyur:

“İranlılar da bu mövqeyimizi bilirlər və danışıqlarda iştirak etməyə davam edirlər”.

İranın zənginləşməni dayandıraraq uranı xaricdən alması ideyası da gündəmdədir. Belə təkliflər arasında ABŞ və region ölkələrinin dəstəklədiyi birgə konsorsiumun yaradılması və yaxud uranın Beynəlxalq Atom Enerjisi Agentliyi vasitəsilə təmin edilməsi də var.

Lakin İran XİN israr edir ki, zənginləşdirmə ölkə daxilində davam etməlidir. 2010-cu ildə oxşar yanacaq mübadiləsi təklifi danışıqlarda uğur qazanmadı.

İsrail özünü təhdid altında hiss etsə, İranın nüvə obyektlərinə təkbaşına hücum edəcəyini bəyan edib. Bu, artıq Qəzzada İsrail-HƏMAS müharibəsi fonunda gərgin vəziyyəti daha da çətinləşdirir.

Ana səhifəDünyaİran və ABŞ arasında nüvə danışıqlarının beşinci raundu başlayıb