Analitiklər atəşkəsin kövrək olduğunu, münaqişənin yenidən başlaması riskinin yüksək olduğunu bildirirlər
İran və İsrail arasında iyunun 13-də başlayan və 12 gün davam edən hərbi qarşıdurma atəşkəs rejimi ilə nəticələnib.
Hər iki tərəf münaqişədə özünü qalib elan edib, lakin bölgədə vəziyyət hələ də gərgin və qeyri-sabit qalır.
İranın Prezidenti Məsud Pezeşkian yerli mediaya açıqlamasında “böyük qələbə” qazandıqlarını bildirib. O, İranın hərbi əməliyyatlarının uğurlu olduğunu vurğulayıb.
İsrailin Baş naziri Benyamin Netanyahu isə müharibənin əsas hədəflərinə nail olunduğunu, İranın nüvə proqramı və 20 min ballistik raket potensialının aradan qaldırıldığını açıqlayıb. Netanyahu əlavə edib ki, İranın silah proqramının bərpasına imkan verilməyəcək.
ABŞ Prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff iyunun 24-də bildirib ki, Vaşinqton hazırda Tehranla həm birbaşa, həm də vasitəçilər yolu ilə danışıqlar aparır və bu dialoqlar perspektivlidir.
“Biz artıq dialoq qurmuşuq və bu danışıqlar ümidvericidir. Əminəm ki, hərtərəfli sülh sazişinə nail olacağıq”, – Uitkoff qeyd edib.
Rəsmi açıqlamalara baxmayaraq, analitiklər atəşkəsin kövrək olduğunu, bölgədə strateji tarazlığın dəyişdiyini və münaqişənin yenidən başlaması və ya təhlükəli eskalasiya riskinin yüksək olduğunu bildirirlər.
Pentaqonun məlumatına görə, ABŞ-nin İran ərazisində yerləşən nüvə obyektlərinə endirdiyi hava zərbələri yeraltı infrastrukturda ciddi dağıntılara səbəb olmayıb.
Girişlərdə dağıntılar yaransa da, daxili hissələr toxunulmamış qalaraq uranın zənginləşdirilməsi proqramının bərpası üçün imkanlar yaradır və İran nüvə proqramını bir-neçə ay ərzində yenidən bərpa edə bilər.
İsrail 2025-ci il iyunun 13-dən etibarən İranda bir sıra hərbi və strateji hədəflərə qarşı hava hücumlarına başlayıb.
Əsasən İranın nüvə proqramı ilə əlaqəli obyektləri, eləcə də yüksək rütbəli hərbi şəxslər və nüvə alimləri hədəfə alınıb.
Rəsmi Tel-Əviv bunu nüvə planlarına qarşı yönəldilmiş “önləyici zərbə” adlandırıb.
İyunun 22-də Birləşmiş Ştatlar da İranda yerləşən üç nüvə obyektinə hava zərbələri endirib. Vaşinqton bu hücumları İranın regionda sabitliyi pozan fəaliyyətlərinə cavab olaraq həyata keçirdiyini bildirib.
Cavab olaraq isə İranın iyunun 23-də ABŞ-nin Qətərdə və digər ölkələrdə yerləşən hərbi bazalarına raket hücumu etdiyi bildirilir. Tehran bunu Amerikanın İrana qarşı son zərbələrinə cavab adlandırıb.
ABŞ Prezidenti Donald Tramp iyunun 24-nə keçən gecə tərəflər arasında atəşkəs elan olunduğunu deyib. Lakin atəşkəs razılaşması elan ediləndən bir neçə saat sonra tərəflər bir-birinə qarşı yenidən hücumlara başlayıb. ABŞ Prezidenti buna görə İsraili tənqid edib və tərəfləri atəşkəsə əməl etməyə çağırıb.
Beləliklə, tərəflər arasında müvəqqəti atəşkəs əldə olunsa da, həm nüvə təhlükəsinin tam aradan qalxmaması, həm də siyasi dialoqun hələ ilkin mərhələdə olması bölgədə vəziyyətin sabitləşməsinə dair sualları açıq saxlayır. Beynəlxalq ictimaiyyətin diqqəti indi tərəflərin bu razılaşmaya nə dərəcədə sadiq qalacağı və gərginliyin davamlı sülhə çevrilib-çevrilməyəcəyi məsələsinə yönəlib.