İran müharibəsi regionu hara aparır: Azərbaycan üçün risklər nədir?

ABŞ, Azərbaycan və İran. Foto: OnePixelStudio/shutterstock

Bir neçə gündür ABŞ və İsrail İrana qarşı birgə hərbi əməliyyatlar həyata keçirir. Bu hücumlar nəticəsində İranın ali dini rəhbəri Əli Xamenei öldürülüb. Buna cavab olaraq İran da ABŞ-nin müxtəlif ölkələrdə yerləşən hərbi bazalarına zərbələr endirir.

Baş verənlər fonunda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov martın 1-də iranlı həmkarı Abbas Əraqçı ilə telefon danışığında bildirib ki, “Azərbaycan heç vaxt öz ərazisindən İrana qarşı hər hansı təhdid üçün istifadə olunmasına yol verməyəcək”. Prezident İlham Əliyev isə İran prezidenti Məsud Pezeşkiana başsağlığı məktubu göndərib.

İran rəsmiləri bundan əvvəl də Azərbaycanı İsraillə müttəfiqlikdə ittiham edib və bu kontekstdə Azərbaycana qarşı hərbi addımlar atıla biləcəyi ilə bağlı hədələr səsləndiriblər.

Hazırda bölgədə baş verən proseslər Azərbaycan ictimaiyyətində ciddi narahatlıq doğurur.

Bəs bu müharibə hansı nəticələrə gətirib çıxara bilər? Və bu proseslərin Azərbaycana mümkün təsirləri nələr ola bilər?

Müharibənin mümkün inkişaf ssenariləri

Siyasi şərhçi, keçmiş diplomat  Nahid Cəfərov Meydan TV-yə deyir ki, ABŞ və İsrailin İrana qarşı hərbi hücumunun sonunu konkret bir nəticə və ya ssenari üzrə analiz etmək bir qədər çətindir. Onun sözlərinə görə, burada bir çox faktorlar var. 

“Bu faktorlar arasında ən mühümü İran xalqının mövcud vəziyyətdən necə istifadə etməsidir. İran xalqı ayağa qalxıb hakimiyyəti dəyişə bilər. Bunun isə baş vermə ehtimalı azdır, çünki İranda alternativ ideologiya və ya siyasi hərəkat yoxdur”.

Foto: Nahid Cəfərovun şəxsi “Facebook” səhifəsi

Siyasi şərhçinin fikirlərinə görə, ikinci ssenari ali dini lider Əli Xameneinin yerinə daha sərt bir liderin gəlməsi və xalqı manipulyasiya edərək xarici düşmənə qarşı birləşdirməyə nail olmasıdır. Onun sözlərinə görə, belə olan halda, müharibə daha uzun müddət davam edə bilər. 

“İkinci ssenari baş verərsə, Avropanın da bu proseslərə qoşulmaq ehtimalı artacaq və Çin də gizli şəkildə İrana sözsüz ki, dəstək verəcək. Nəticədə böyük bir regional müharibənin şahidi ola bilərik”.  

Ekspert bildirir ki, üçüncü ssenari isə rəhbərliyə adekvat şəxsin gəlməsi, ABŞ və İsraillə danışıqlara getməsidir. 

“Belə olan halda, sülh müqaviləsi imzalanar, ABŞ-nin şərtləri qəbul olunar və xalqın bütün istəkləri qurban verilər. Hesab edirəm ki, bu ssenarinin baş vermə ehtimalı daha çoxdur”.

Siyasi şərhçi Elxan Şahinoğlu da Meydan TV-yə deyir ki, Amerika və İsrailin məqsədi İranda rejimin dəyişməsi və zəifləməsidir. Onun sözlərinə görə, buna nail olmayana qədər inanmıram ki, müharibə dayansın. 

“Bu halda müharibə dayansa, Amerika ilə İsrail istədiyinə çatmayacaq. Bir müddət keçəcək, İran yenidən uranın zənginləşdirilməsinə davam edəcək. Ona görə də bu zərbələrlə İran hakimiyyətini başsız qoymağa, çalışırlar ki, hakimiyyətdə elə adamlar təmsil olunsun ki, onlar Amerikanın şərtlərini qəbul etsin. Bu baş verməyəcəksə, müharibə hələ bir müddət də davam edəcək”.

Bakının ehtiyatlı siyasi mövqeyi

Bu qarşıdurmada Azərbaycanın tutduğu mövqeyə gəlincə, Nahid Cəfərov hesab edir ki, rəsmi Bakı bu müharibədə əslində çox ehtiyatlı mövqedən çıxış edir. 

“Azərbaycan indiki vəziyyətdə Qərbə o qədər də güvənmir. ABŞ-Azərbaycan münasibətlərinin yaxınlaşması da elə ciddi deyil”.

Ekspertin sözlərinə görə, ikinci ssenari baş verərsə, yəni münaqişənin coğrafiyası böyüyərsə, Avropa da bu qarşıdurmada yer alarsa, Azərbaycan İranı dəstəkləyə bilər. Onun fikrincə, proseslərin gedişatından Azərbaycan hakimiyyəti çox narahatdır.  

“Azərbaycanın Çinlə münasibətlərinin yaxınlaşması və Çinin İranla mühüm əlaqələrinin olması nəzərə alsaq, əgər vəziyyət çox gərgin və kritik həddə çatarsa, Azərbaycan İranı dəstəkləyən addımlar atmağa məcbur ola bilər. Azərbaycan münasibətlərin və ya proseslərin gərginləşməsində maraqlı deyil. Çünki avtoritar liderlər öz regionlarında qeyri-sabit vəziyyət görmək istəmirlər. Buna görə də İlham Əliyev və onun komandası kifayət qədər narahatdır. Proseslərin necə inkişaf edəcəyini bilmirlər”.

Nahid Cəfərov bildirir ki, əgər İranda humanitar böhran baş verərsə, orada yaşayan azərbaycanlıların Azərbaycana axını baş verəcək və ölkədə sosial baza ciddi şəkildə dəyişmiş olacaq. 

“Bu, hakimiyyəti həddindən artıq narahat edir. Ona görə də Azərbaycan hakimiyyəti eskalasiyada maraqlı deyil. Səsləndirilən bəyanatlar da bunu bir daha göstərir”.

Elxan Şahinoğlu foto Meydan TV
Elxan Şahinoğlu. Foto: Meydan TV

Siyasi şərhçi Elxan Şahinoğlu bu qarşıdurmada Azərbaycanın tutduğu mövqeni doğru hesab edir. 

“Azərbaycan dəfələrlə İran rəsmilərinə də deyib ki, heç bir ölkə Azərbaycan ərazisini İrana qarşı istifadə etməyib və etməz də. Düzdür, İran mühafizəkarları arasında Azərbaycana qarşı təxribatçı açıqlamalar verənlər bu illərdə az olmayıb. Amma fakt yoxdur ki, Azərbaycan ərazisindən kimsə İrana qarşı istifadə edib. Üstəlik, Amerikanın və İsrailin Azərbaycanda hərbi bazası da yoxdur. Azərbaycan rəsmiləri də dünən Xameneinin ölümü ilə bağlı başsağlığı verdilər. Yəni bütün bunlar ortada varkən, İrandakı mühafizəkarların məntiqi olsa, Azərbaycana qarşı təxribat etməzlər”.

Humanitar böhran riski

Ekspertin fikrinə görə, əgər İranda vəziyyət daha da qarışarsa, xaos yaşanarsa və İran azərbaycanlılarının problemləri artarsa, onda Azərbaycan orada yaşayan İran azərbaycanlılarına humanitar yardım edəcək.

Nahid Cəfərov bildirir ki, bu qarşıdurmanın ilk mərhələsində Azərbaycana neft və qazın qiymətinin artması ilə bağlı müəyyən qədər qısamüddətli müsbət təsiri ola bilər. Amma əgər İranda fövqəladə vəziyyət və humanitar böhran yaranarsa, bu, sözsüz ki, Azərbaycana ciddi şəkildə təsir edəcək. 

“Azərbaycan sərhədlərini nə qədər bağlasa da, bu təsir qaçılmaz olacaq. Bu, həm siyasi, həm də iqtisadi münasibətlərə ciddi təsir göstərəcək”.  

Elxan Şahinoğlu isə bildirir ki, müharibənin Azərbaycana elə böyük təsiri olacağını düşünmür. Onun sözlərinə görə, İranda vəziyyət ağırlaşarsa, iqtisadi durum pisləşərsə, bunun Azərbaycana ciddi iqtisadi təsiri olmayacaq.

“Xaos yaşanarsa və İran Suriyanın gününə düşərsə, qaçqın axını ilə üzləşə bilərik. Amma belə problem yaranmasa, böyük çətinliklərlə üzləşməyəcəyik. Düzdür, Şimal–Cənub nəqliyyat dəhlizi var, amma o nəqliyyat dəhlizi onsuz da normal işləməyib. Çünki Rusiya özü Ukrayna bataqlığının içindədir. Azərbaycanın önəm verdiyi dəhliz isə Orta Dəhlizdir, Bakı–Tiflis–Qars yolu ilə məhsulların daşınmasıdır. Ona isə böyük təhlükə olacağını zənn etmirəm”, – deyə ekspert fikrini yekunlaşdırır.

Ana səhifəSiyasətİran müharibəsi regionu hara aparır: Azərbaycan üçün risklər nədir?