ABŞ və İsrailin İrana endirdiyi zərbələrdən sonra regionda qarşılıqlı hücumlar başlayıb.
Reuters agentliyinin İran rəsmisinə istinadən yaydığı məlumata görə, ABŞ və İsrailin hücumları nəticəsində İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) bir neçə yüksək rütbəli komandiri və siyasi fiqur həlak olub.
Bundan sonra İran Qətər, Bəhreyn, Küveyt və Birləşmiş Ərəb Əmirliklərində yerləşən ABŞ hərbi bazalarına raket zərbələri endirib.
Eyni vaxtda regionun bir neçə ölkəsində partlayış səsləri eşidilib.
BƏƏ-nin paytaxtı Əbu-Dabidə partlayışlar qeydə alınıb. BƏƏ ordusu İran raketlərinin havada vurulduğunu açıqlayıb. Küveytdə də partlayış səsləri eşidilib və həyəcan siqnalları işə düşüb.
Media Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda güclü partlayış səslərinin eşidildiyini bildirib.
İran mediası İordaniyanın da hücuma məruz qaldığını təsdiqləyib. “Tasnim” agentliyinin yaydığı siyahıya görə, İranın zərbə endirdiyi ölkələr bunlardır: Qətər, Bəhreyn, BƏƏ, Səudiyyə Ərəbistanı, Küveyt və İordaniya.
Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi İranın Körfəz ölkələrinə qarşı hücumlarını sərt şəkildə qınayıb.
Bu arada, İsrailin İrana endirdiyi zərbələrin İranın ali rəhbərliyini hədəf aldığı bildirilir.
Anonim İsrail rəsmisi The Times of Israel nəşrinə deyib ki, hücumlar zamanı İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xamenei və Prezident Məsud Pezeşkian hədəf alınıb. İran tərəfi Pezeşkianın öldürüldüyü ilə bağlı iddiaları təkzib edib. “Reuters” isə Xameneinin Tehranda olmadığını və təhlükəsiz yerə köçürüldüyünü yazıb.
İraqda da İran tərəfdarı olan silahlı qruplara məxsus obyekt vurulduğu bildirilir. “Kataib Hizbullah”ın 47-ci briqadasının bazasına hücum edilib. Zərbə nəticəsində azı iki nəfər ölüb, beş nəfər yaralanıb. Hücumu kimin həyata keçirdiyi açıqlanmayıb.
Hazırda regionda vəziyyət gərgin olaraq qalır.