İqtisadçının həyat yoldaşı müraciət yaydı
İyulun 23-də saxlanılan Qubad İbadoğlunun həyat yoldaşı İradə Bayramova Azərbaycan xalqına müraciət edib.
İradə Bayramova bildirib ki, həyat yoldaşı İlham Əliyevin sifarişi ilə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılıb:
“Hökumət yenidən nağıl uydurub, onu saxta pul satışı ilə ittiham edir. Eyni zamanda, həm Tükiyə, həm Azərbaycan mediası ona “FETO”çü deyə böhtan atır”.
İradə Bayramova saxlanılarkən zorakılığa məruz qaldıqlarını qeyd edib:
“Həm mənə, həm də Qubad İbadoğluya zorakılıq tətbiq olunub! Hər ikimizin bədənində xəsarət izləri var”.
Onun sözlərinə görə, həyat yoldaşına dərmanlarını çatdıra bilmir:
“Qubad bəy xəstədi və gün ərzində dəfələrlə bir çox dərman qəbul etməlidir. Buna icazə verməyərək, onu sadəcə öldürmək istəyirlər! Hər kəsdən xahiş edirəm, etiraz edin! Qubad bəy üçün yığışın küçələrə! Səsinizi qaldırın! Qoymayın Qubad İbadoğlunu öldürsünlər, qoymayın bu hakimiyyət onun axrına çıxsın!”.
Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri, iqtisadçı Qubad İbadoğlu iyulun 23-də Sumqayıtdan qayıdarkən Novxanıda saxlanılıb. Onu Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (“Bandotdel”) aparıblar, ardınca ofisində və mənzilində axtarış aparılıb.
İyulun 24-də Q.İbadoğluna qarşı Cinayət Məcəlləsinin 204.1 (Saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma) maddəsilə ittiham irəli sürülüb.
Onun vəkili Zibeydə Sadıqova Meydan TV-yə bildirib ki, iyulun 23-dən 24-də keçən gecə ADR sədri şübhəli şəxs qismində cəlb olunaraq, onun haqqında tutma qərarı verilib.