İqtisadçılar nazirə cavab verdi: Uşaqpulu kimlərə və necə verilməlidir?

Foto: komokvm/Shutterstock

“Uşaqpulu üçün 30 milyarddan çox vəsait lazımdır”

“Hazırda Azərbaycanda 2,7 milyon nəfərdən çox yaşı 18-ə qədər olan uşaq var. Ayda 100 manat uşaqpulu təyinatı aparılması təkliflərini nəzərə alsaq, bu, illik 3,3 milyard manat vəsait edir. Sosial proqramlar adətən 10 illik hazırlandığına görə bu müddət ərzində uşaqpulu təminatı üçün 30 milyard manatdan çox pul tələb olunur”.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev media qurumlarının rəhbərləri ilə görüşündə belə deyib.

Nazir bildirib ki, hazırda bu qədər vəsaitin sırf uşaqpulu üçün ödənilməsi məqbul sayılmır. Çünki ölkədə demoqrafik vəziyyət yaxşıdır və proqnozlara əsasən, 2045-ci ilədək əhalinin sayı stabil olaraq artacaq:

“Bunun əlavə stimullaşdırılmasına ehtiyac görmürük. Uşaqpulu təyinatı üçün meyarların müəyyənləşdirilməsi də çətindir. Meyarlar olsa belə, burada manipulyasiya, korrupsiya əməlləri ola bilər. Biz isə bundan qaçırıq”.

“Uşaqpulundansa, minimum əməkhaqqının artırılmasına çalışdıq”

Nazir onu da qeyd edib ki, hazırda 600 mindən çox uşağa sosial müavinət və əlilliklə bağlı pensiya verilir:

“Fikirləşirik ki, uşaqpulu təyinatının yerinə əməkhaqqı artımı olsun. Məqsədimiz minimum əməkhaqqının artırılması ilə sosial rifahın yüksəldilməsidir”.

Sahil Babayev
Sahil Babayev, Foto: Azərtac

“Uşaqpulu hamıya yox, ehtiyacı olanlara verilməlidir”

İqtisadçı Qubad İbadoğlu nazirin dedikləri ilə razı deyil.

O deyir ki, onsuz da uşaqpulunun Sahil Babayevin dediyi kimi 18 yaşadək olan bütün uşaqlara verilməsi təklif olunmur. Ehtiyacı olmayanlara verilməsi gərəksizdir.

İqtisadçı əlavə edir ki, əgər nazirin dediyi kimi hazırda 600 mindən çox uşağa sosial müavinət və əlilliklə bağlı pensiya verilirsə, onda uşaqpulu 2,7 milyon uşağa deyil, yerdə qalan 2,1 milyon uşağa düşür. Belə olanda da lazımlı məbləğ 3,3 milyard manat yox, 2,52 milyard manat olur:

“Bundan başqa, 100 manata gücünüz çatmır, 80 manat verin, yaxud ehtiyaclar üzrə fərqli məbləğ ödəyin. Demoqrafik vəziyyətin yaxşılığına gəlincə, necə yaxşıdır ki, 2009-2014-cü illərlə müqayisədə 2015-2020-ci illərdə ölkədə doğum sayı 135050 nəfər azalıb, ölüm sayı 32 363 nəfər artıb. Üstəlik, nikah sayında da azalma var. Bu müddət ərzində nikah 136050 nəfər azalıb, boşanmaların sayı isə 24528 nəfər çoxalıb”.

“Azərbaycanda uşaqların sayı 236 min 200 nəfər azalıb”

Qubad İbadoğlu bildirir ki, hazırda 700 mindən çox icra sənədinin 100 mindən çoxu aliment tələbi ilə bağlıdır.
Ümumilikdə aliment tələbi ilə bağlı xeyrinə qərar verilən uşaqların sayı 160 mini ötüb:

“2009-cu ildə aliment tələbinə dair 25 mindən çox icra sənədi var idisə, bu il bu sənədlərin sayı 99 mindən çox olub. Eyni zamanda, Dövlət Statistika Komitəsi bildirir ki, 2020-ci ilin 1 yanvar tarixinə Azərbaycanda 0-17 yaşlı uşaqların sayı 2 milyon 636 min 700 nəfər olub. 2001-ci ildə bu yaşda uşaqların sayı 2 milyon 998 min 900 nəfər olub. Bu isə o deməkdir ki, son 20 ildə Azərbaycanda uşaqların sayı 236 min 200 nəfər azalıb. Demoqrafik problem necə olur ki?”

“İşsizlərin sayını ən yaxşı bilən Sahil Babayev, korrupsiyanın miqyasını ən yaxşı bilən İlham Əliyevdir”

İqtisadçı əlavə edir ki, uşaqpulunun verilməsi heç də bütün hallarda demoqrafik problemi həll etmək üçün deyil. Çünki uşaqpulu qayğı deyil, uşaqların haqqıdır:

“Uşaqpulu təyinatı üçün meyarların müəyyənləşdirilməsi çox asandır, dünya təcrübəsində onun çox örnəyi var. Azərbaycana gəlincə, uşaqpulunun məbləği ailənin gəlirləri ilə ailədə hər bir üzvün yaşayışının gerçək dəyəri arasında fərq qədər müəyyənləşdirilə bilər. Burada manipulyasiya, korrupsiya əməlləri yalnız pis idarəçilikdən qaynaqlana bilər”.

Qubad İbadoğlu
Mənbə: Meydan TV

“Nazirlik və prezident işsizlərin də uşaqlarının olduğunu fikirləşmir?”

Qubad İbadoğluya görə, normal və şəffaf idarəçilikdə, açıq hökumətdə korrupsiya yaranmır.
İqtisadçının sözlərinə görə, onsuz da digər sosial proqramlarda – özünüməşğulluqda, ünvanlı sosial yardımda, pensiyada, əlillik dərəcələrinin verilməsində də korrupsiya var:

“Uşaqpulu təyinatının yerinə əməkhaqqı artımının işsizlərə nə aidiyyatı və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin funskiyasına nə dəxli var? Ölkədə işsizlərin sayının kəskin artması və problemin kütləviləşməsinə görə məşğulluq idarələrində qeydiyyata alınmış işsizlərin sayının açıqlanmasını 2020-ci ilin aprel ayından dayandırılıb. Azərbaycanda işsizlərin sayını ən yaxşı bilən Sahil Babayev, korrupsiyanın miqyasını ən yaxşı bilən İlham Əliyevdir. Niyə nazirlik və prezident işsizlərin də uşaqlarının olduğunu fikirləşmir?”

“Hesabatlılıq və şəffaflıq olarsa, milyardlarla manata qənaət etmək olar”

Qubad İbadoğlu deyir ki, uşaqpulu verilməsi üçün büdcənin problemi maliyyə təminatında deyil, onun xərclənməsindədir. Əgər büdcə şəffaflığına əməl olunarsa, vəsaitlər səmərəli və hesabatlı xərclənərsə, dövlət sifarişləri açıq tenderlər vasitəsilə rəqabətli icra olunarsa, onda hər fiskal ildə büdcəyə milyardlarla qənaət etmək olar:

“Məsələn, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Global legal” və “Ekvita consulting” MMC-lərə verdiyi sifarişlər də bu qəbildəndir. Digər tərəfdən də, uşaq pulunun ödənilməsi ailənin xərcləmələrinin çoxalmasına, əhalinin alıcılıq qabliyyətinin artımına və bununla da dövlət büdcəsinə istehlak vergilərinin daha çox daxil olmasına gətirib çıxaracaq. Sonda dövlət uşaq pulu adı ilə ödədiyi vəsaitlərin bir hissəsini geriyə qaytaracaq”.

“Məmurlar mənasız aqrumentləri təkrar-təkrar səsləndirməkdənsə, korrupsiyanın qarşısını alsınlar”

İqtisadçı hesab edir ki, uşaqpulunun maliyyələşdirilməsi və idarəedilməsi üçün Uşaq Fondu yaradılmalıdır. Onun maliyyə mənbələri şaxələndirilməlidir: “Büdcədən, Neft Fondundan və şirkətlərdən ayırmalar hesabına Fondun vəsaiti yetərincə təmin oluna bilər. Uşaqpulunun ödənilməsi neft gəlirlərinin nəsillər arasında bölgüsü sahəsində mövcud ədalətsizliyi qismən olsa da aradan qaldıra bilər. Odur ki, mənasız aqrumentləri təkrar-təkrar səsləndirməkdənsə, korrupsiyanın qarşısını alsınlar”.

“Mövcud problemlər aradan qaldırılsa, uşaqpuluna gərək qalmaz”

Qubad İbadoğlu düşünür ki, əslində büdcə səmərəsiz xərclərdən azad edilsə və bəzi tədbirlər görülsə, uşaqpuluna ehtiyac qalmaz. Məsələn, dövlət alqı-satqılarını açıq tenderlərlə və rəqabət əsasında maliyyələşdirməli, bazarları hökmran mövqedə olan başqalarına giriş baryerləri yaradan inhisarçılardan azad etməlidir:

“Həmçinin rəqabət dəstəklənməli, insanlara azadlıq verilməlidir. Azad iqtisadi münasibətlər və sərbəst təşəbbüslər üçün şərait yaradılmalıdır. Belə olsa, heç kəs dövlətə möhtac olub, uşaqpulu davası etməz, hər kəs özünü və ailəsini halal zəhməti ilə dolandırar”.

“Dövlət istənilən sahədə ödədiyi vəsaiti lütf, alicənablıq sayır”

İqtisadçı Natiq Cəfərli isə deyir ki, nazirin ən böyük səhvi uşaqpulu məsələsini sırf demoqrafik vəziyyətə bağlamasıdır.

“Doğrudur, bəzi ölkələrdə doğuşu stimullaşdırmaq üçün uşaqpulu artırılır, ödənilir, amma bu ödənişin fəlsəfəsi başqadır, bu demoqrafik yox, sosial məsələdir. Dövlətin sosial öhdəliklərini yerinə yetirməsi, sağlam, təhsilli vətəndaş yetişdirmək konsepsiyasının tərkib hissəsidir”.

Natiq Cəfərli
Foto: Meydan.TV

“Bundan başqa, Sahil Babayevin ölkədə demoqrafik göstəricilərin qaydasında olduğunu deməsi də yanlışdır. Çünki ölkədə doğuşda nəzərəçarpan azalma var. Azərbaycan hökumətinin bir yanlışı, savadsızlığı da ondan ibarətdir ki, istənilən sahədə ödədiyi vəsaiti dövlətin lütfü, alicənablığı sayır. Sanki dövlətin büdcəsinin xalqa, vergilərə, Konstitutsiyaya görə xalqa məxsus olan təbii sərvətlərə aidiyyatı yoxdur”, – iqtisadçı deyir.

“İlkin mərhələdə 0-5 yaşarası uşaqlara ödəniş edilə bilər”

İqtisadçı bildirir ki, bu yanaşmanın tək səbəbi ölkədə vergi-seçki bağının tam qopmasıdır.
Hökumət seçkili olmadığı halda, vergi toplayır, vergiləri seçki olmadığına görə nəzarətsiz xərcləyir və buna artıq öyrəşiblər, elə bilirlər ki, normal olan da məhz budur:

“Çıxış yolu nədir? Məncə, ilkin mərhələdə uşaqpulunun yaş qruplarına uyğun təyin edilməsi lazımdır, çünki beynəlxalq hesabatlar da göstərir ki, valideynlər üçün ən çox xərc yükü məhz 0-5 yaş arası olur. Xüsusi baxım malları, xüsusi yeməklər, səhiyyə xərcləri məhz bu yaş qrupunda daha çoxdur. Ölkədə 0-5 yaşarası 710 min uşaq var, ilkin mərhələdə hər birinə 150 manat ödəmək üçün 1 mlrd. 278 mln. manat vəsait lazımdır. Bu vəsaiti ödəməyə dövlətin pulu var, çünki müxtəlif sosial paketlərdə 600 min uşağa ödənişlər edilir, bunun üçün büdcədə vəsait indi də var”.

Natiq Cəfərli düşünür ki, büdcədəki vəsaitin təsnifatını dəyişməklə, ünvanlılığı və şəffaflığı artırmaqla ilkin mərhələdə 710 min 0-5 yaşarası vətəndaşa uşaqpulu vermək olar:

“Amma burada önəmli nəzarət mexanizmi də yaradılmalıdır ki, valideynlərin xərcləmə məsuliyyəti də olsun. Yəni, həmin vəsaitin məhz uşaqlara xərclənməsi üçün monirotinq mexanizmi də qurulmalıdır, bunun yolları, beynəlxalq uğurlu təcrübələri var”.

“Dövlət gələcək nəsillər qarşısında məsuliyyət hiss etməlidir”

İqtisadçı bildirir ki, hökumət bu işin fəlsəfəsini öyrənərək, ilkin mərhələdə 0-5 yaş uşaqlara ayda 150 manat ödəmək öhdəliyi götürə bilər.

2025-ci ilə dək bu mexanizm işləsə, doğuşun azaldığını nəzərə alaraq 2025-ci ildə 0-5 yaşarası uşaqların sayı 600 min civarınada olacaq:

“O yaş qrupuna ödənilən illik vəsait azalacaq, cəmi 1 mlrd. manata düşəcək. Deməli, 2025-də yaş qrupunun sərhədlərini artırmaq olar. 2025-dən sonra 0-5 yaş deyil, 0-10 yaşarası vətəndaşlara 150 manat ödəmək mümkün olacaq. Növbəti 5 ildə bu mexanizm işləsə, 2030-cu ildə artıq 0-15 yaşarası vətəndaşlarımıza ayda 150 manat ödəmək üçün iqtisadi imkanlar formalaşacaq. Beləliklə, ağılla, vicdanla, şəffaflıqla bu işə yanaşsalar, 2022-2030-cu illərarası 0-15 yaş qrupuna aid olan bütün uşaqlarımıza ayda 150 manat ödəniş etmək mümkün ola bilər. Dövlət gələcək nəsillər qarşısında sosial məsuliyyətini hiss etməlidir”.

Sosial şəbəkələrdə tez-tez uşaqların əlində “pulumu ver” plakatı ilə şəkillərini görürük. Son 2 ildir Azərbaycanda uşaqpulunun bərpasının müzakirəsi gedir. Kimi dövlətin bunu vermək üçün ayıracağı büdcənin çox olmasından, kimi də verilməsinin vacibliyindən danışır.

Azərbaycanda 2006-cı il yanvarın 1-dək 18 yaşına kimi uşaqlara aylıq müvinətlər (uşaq pulu) verilirdi.
2006-cı il yanvarın 1-də “Ünvanlı dövlət sosial yardımı haqqında” qanun qüvvəyə mindi və aztəminatlı ailələrə ünvanlı sosial yardımlar edilməyə başlandı.

Bununla da uşaqlara aylıq müavinətin verilməsi dayandı. Artıq 15 ildir ki, dövlət ailələrə uşaqlara görə ödəniş etmir.

Ana səhifəSosialİqtisadçılar nazirə cavab verdi: Uşaqpulu kimlərə və necə verilməlidir?