İqtisadçı: “Tək AZAL brendi bazarda qalacaqsa, deməli, qiymətlər də bahalaşacaq”

Foto: arxiv


Natiq Cəfərli aviaşirkətlərin eyni brend altında birləşməsini şərh edib

“Azərbaycan Hava Yolları” QSC iyulun 28-də elan etdi ki, aşağı büdcəli hava yolu şirkəti sayılan “Buta Airways” vahid AZAL brendi altında birləşəcək.

Birləşmə bu ilin oktyabrında baş tutacaq.

“Bu birləşmə hər iki aviaşirkətin ən yaxşı keyfiyyətlərini özündə ehtiva etməklə, sərnişinlərin sərfəli tariflərlə səyahət etmək imkanlarını daha da genişləndirəcək. Eləcə də müştərilərimizin səyahətlərini rahat planlamasını və onlara göstərilən xidmət səviyyəsində artımı təmin edəcək”, – QSC-nin məlumatında bildirilir.

İqtisadçı Natiq Cəfərli deyir ki, “Buta Airways” – “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin struktur bölməsidir, yəni, onsuz da AZAL-a məxsus idi. 

Bəs niyə eyni ad altında birləşdirilir?

İqtisadçı əlavə edir ki, “Buta Airways” və AZAL-ın eyni istiqamətlər üzrə xeyli uçuşu var. Məsələn, Türkiyə, Gürcüstan, Rusiya, Orta Asiya uçuşları… Həmin istiqamətlərdə müəyyən qiymət fərqi var – yəni AZAL biletləri daha bahadır. Baha olmasının səbəbi kimi daha fərqli baqaj və yemək siyasəti yürüdüklərini əsas gətirirlər. 

Natiq Cəfərli bildirir ki, məntiqlə, əgər oktyabr ayından tək AZAL brendi bazarda qalacaqsa, deməli, qiymətlər də bahalaşacaq. 

Hökuməti məntiqlə anlamaq olmur, çünki öz dünyaları var. Əslində 3-5 sadə və hakimiyyətə ancaq reytinq gətirə biləcək addımlar atmaqla ölkədə yığılmış daxili gərginliyi azalda bilərlər. Üstəlik, həmin addımlar hökumətə çox ucuz başa gələcək, yəni, maddi dəyəri yüksək olmayacaq. Bunlardan biri quru sərhədlərin açılmasıdır. Digəri xarici avia-şirkətlərin Azərbaycan bazarına buraxılmalarıdır. Bundan əlavə, məsələn, hər ailədə ikinci uşağa ayda 100 manat vəsait ayıra bilərlər. Sonra ərzaq və dərmanlarda ƏDV-ni 18 faizdən 2 faizə sala bilərlər. Mənasız siyasi həbsləri dayandırıb ziyanın yarısından geri dönsələr, böyük ziyana düşməzlər. Lakin etmirlər, görünür, maraqlı deyil”.

İqtisadçı deyir ki, bütün bu addımların büdcəyə yükü cəmi 2,5-3 mlrd. manat olacaq, amma bir müddət sonra bu vəsait də dolayısı ilə büdcəyə geri dönəcək:

Quru sərhədlərın açılması turizmə, sərhədyani ticarətə əlavə divident gətirəcək, bu isə əlavə vergi yükünün yaranmasına səbəb olacaq ki, büdcəyə xeyri olacaq. Xarici “low-cost” (aşağı büdcəli hava şirkəti) şirkətlərin bazara birbaşa daxil olması regionlarda boş qalan, büdcəyə yük olan hava limanlarını canlandıracaq, bu isə həm turizmə, həm də regionların inkişafına müsbət təsir edəcək, deməli, büdcəyə daxilolmalar artacaq. Ailədə hər ikinci uşağa 100 manat verilməsi ilə cəmi 1 mlrd. manat büdcə xərci yaranır, amma valideyn aldığı o 100 manatı yastığın altına qoymayacaq ki, xərcləyəcək, xərclədikcə iqtisadi aktivlik yaranacaq, ticarət dövriyyəsi artacaq. Bu isə büdcəyə əlavə vergilər gətirəcək. Ərzaq və dərmanlarda ƏDV faizinin aşağı salınması büdcəyə ƏDV-dən daxilolmaları 1,4 mlrd. manat azalda bilər, amma vətəndaş qənaət etdiyi pula başqa sahələrdə alış-veriş edəcək ki, (məsələn, ayaqqabı alacaq), bu da qeyri-ərzaq ticarət dövriyyəsində canlanma yarada, o sahədən vergilərin artmasına səbəb olacaq. Siyasi həbslər isə ölkəyə heç bir maddi qazanc gətirmir, əksinə, bəzi ölkələr təzyiqi artıraraq ölkədən iqtisadi güzəştlər qoparırlar – həbslər, həm də maddi olaraq bahadır”.

Natiq Cəfərli düşünür ki, hökumət atacağı 3-5 sadə addımla ölkənin nəfəs almasını asanlaşdıra bilər və bu, hökumətin reytinqinin artmasına səbəb olacaq.

“Buta Airways” ilk biletlərini 2017-ci il iyulun 11-də satışa çıxarmışdı.

“Buta Airways” “Azərbaycan Hava Yolları” QSC-nin struktur bölməsidir və Azərbaycanın ilk aşağı büdcəli aviaşirkəti idi.

Aviaşirkət Bakıdan Türkiyə, Gürcüstan, Ruisiya, Qazaxıstan, Özbəkistan İran və başqa ölkələrə uçuşlar gerçəkləşdirirdi. Təyyarə parkına “Embraer” E190 və E170 təyyarələri daxil olan “Buta Airways”ın fəaliyyətə başlaması ilə aşağı büdcəli “AZALJET”in fəaliyyəti dayandırılmışdı.

“AZALJET”in yaradılmasına isə 2016-cı ilin əvvəlində başlanmışdı. Bu brend adı altında uçuşlara həmin il martın 28-dən Azərbaycan mülki aviasiyasının mövcud infrastrukturu əsasında yerinə yetirilməyə başlanmışdı.

2016-cı ilin dekabrında hökumət “Azərbaycanda ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”ni açıqladı. Həmin xəritədə yeni aşağı büdcəli aviaşirkətin – “Buta Airways”ın yaradılması nəzərdə tutulurdu.

Ana səhifəİqtisadiyyatİqtisadçı: “Tək AZAL brendi bazarda qalacaqsa, deməli, qiymətlər də bahalaşacaq”