İqtisadçı: Tədbirlər Planı sosial baxımdan da ədalətli deyil

“Sual yaranır, bir aya işsiz sayı necə oldu ki, 109 min 200 nəfər artdı?!”.

Foto: Nazirlər Kabineti


“Bir aya işsiz sayı necə oldu ki, 109 min 200 nəfər artdı?!”

Aprelin 4-də Nazirlər Kabineti koronavirus pandemiyası ilə bağlı

Tədbirlər Planı

hazırlayıb.

Baş nazir Əli Əsədovun imzaladığı Qərara əsasən, “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 1950 nömrəli Sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Tədbirlər Planı” təsdiq edilib.

Sənədlə muzdlu işçilərə, işsiz kimi qeydiyyatda olanlara, eləcə də güzəştli ipoteka kreditləri üçün kompensasiya ödəniləcək. İmkansız ailələrdən olanların təhsil haqqının ödənilməsi də nəzərdə tutulub.


Neqativ sığortalı durum

İqtisadçı Rövşən Ağayev isə hökumətin açıqladığı “Tədbirlər planı”nı sosial-iqtisadi situasiyaya adekvat saymır.

Bu barədə iqtisadçı Meydan TV-yə danışıb.

R.Ağayev deyir ki, bütövlükdə pandemiyadan zərbə alacaq təbəqələrin, qrupların və sahələrin müqabilində dəstək paketi adekvat deyil.

İqtisadçının sözlərinə görə, məlum böhrandan daha çox əziyyət ev təsərrüfatlarının üzərinə düşüb:

“İnkişaf edən ölkələrdən fərqli olaraq Azərbaycanda yerli biznesinin böyük potensialı olmadığına görə böhrandan daha az ziyan görür. Əslində, biznes sektoru inkişafsızlığın sığortasını yaşayır. Yəni biznes inkişaf etmədiyinə görə sanki itkilərdən yan keçir. Böhran isə böyük sərvətləri və aktivləri olanları ciddi ziyana salır. Azərbaycanda özəl sektor daha az imkanlara malik olduğundan və beynəlxalq ticarətə daha az inteqrasiya etdiyindən qlobal böhrandan az ziyan görür. Buna neqativ sığortalı durum deyirlər. Amma ev təsərrüfatları qazanc və iş baxımından çox ağır zərər görür. Hökumətin böhran paketində bu istiqamətə yönəlik hissə çox məhduddur”.

rovsen.jpg
Rövşən Ağayev


“Daha kasıb ailələr, ev təsərrüfatları az kommunal xidmət istehlak edirlər”

İqtisadçı xatırladıb ki, Azərbaycanda ümumi işləyənlərin üçdə biri rəsmidir, dəstək paketində isə əsas fokus bunların üzərində qurulub. Qeyri-rəsmi işləyənlər isə diqqətdən kənar qalır:

“Əslində, qeyri-leqal iqtisadiyyatı leqallaşdırmaq məsuliyyəti hökumətin üzərinə düşür. Hökumət statistik etibarsızlığının, qeyri-şəffaf fəaliyyətinin bədəlini sanki vətəndaşa yükləyir. Bu mənada paket sosial baxımdan da ədalətli deyil. Əhaliyə güzəştli işıq limitinin aprel-may aylarında 100 kvts. həcmində artırılması da səhv yanaşmadır. Dünya təcrübəsi və iqtisadi ədəbiyyatlar göstərir ki, insanların həyat səviyyəsi və yaşayışı ilə kommunal xidmətlərin istehlakı arasında bir əlaqə var. Daha kasıb ailələr, ev təsərrüfatları az kommunal xidmət istehlak edirlər. Nazirlər Kabinetinin qərarına görə, aylıq minimum istehlak səviyyəsi 50 kvts-dir, bu o deməkdir ki, kasıb adamlar az istehlak edir. Hökumətin 4 aprel planında isə nisbətən daha yaxşı yaşayışı olacaq ev təsərrüfatlarının bəhrələnmək imkanları var”.


“Bir aya işsiz sayı necə oldu ki, 109 min 200 nəfər artdı?!”

ReAL Partiyasının üzvü, iqtisadçı Natiq Cəfərli təəssüflənir ki, hökumət onların bu yöndə təkliflərindən nəticə çıxarmayıb.

Onun sözlərinə görə, hökumətin yardımı daha çox leqal biznesin bir qismində çalışan leqal işçilərə və biznes subyektlərinə aid edilib:

“Halbuki, rəsmi məlumata görə qeyri-dövlət sektorunda muzdla çalışan 729 min işçi var. Təsdiqlənən plana görə onlardan ancaq 300 mininə əmək haqqı ilə bağlı yardım ediləcək. Hökumətin məntiqinə görə bu 300 min işçi hökumətin qərarı ilə tamam qapadılan sahələrdə, yəni turizm, ictimai iaşə, qeyri-ərzaq satışında çalışdıqları üçün onlara, ortalama, 712 manat əmək haqqı ödəniləcək. Yerdə qalan 429 min işçi ilə bağlı belə bir qərar yoxdur”.

Natiq Cəfərli
Natiq Cəfərli

Natiq Cəfərli xatırladıb ki, martın 1-nə olan rəsmi məlumata görə işsiz kimi qeydiyyatdan keçən 90 min 800 vətəndaş var idi, Tədbirlər Planında isə 200 min nəfər işsiz kimi qeyd olunub və onların hər birinə 190 manat ödəniş olacaq:

“Sual yaranır, bir aya işsiz sayı necə oldu ki, 109 min 200 nəfər artdı?! Bundan sonra görəsən real işsizlik rəqəmləri hesablanacaqmı?! Eyni zamanda, plana əsasən cəmi 2 aylıq 50 min sosial iş yerləri yaradılacaq, bunun üçün 30 milyon manat nəzərdə tutulub. Deməli, adambaşına hər ay 300 manat maaş olan iş yerləri olacaq, amma bu sosial iş yerləri nə deməkdir, bunun açması yoxdur. Çox güman, bəzi sahələrə könüllüləri cəlb edib maaş verəcəklər, amma bu, müvəqqətidir”.

Əhaliyə verilən elektrik limitinin artırılmasına gəlincə, iqtisadçı hesab edir ki, limitin ləğvi əhalinin 95 faizinə təsir etməyəcək. Amma böyük villalar, çoxotaqlı mənzillər limitin artırılmasına görə ayda 4 manat qənaət edəcəklər. O, tələbələrin təhsil haqlarının ödənilməsinə 40 milyon ayrılmasını doğru qərar adlandırıb:

“Ancaq sənəddə bu güzəştin kimə və necə ayrılacağı öz əksini tapmayıb”.

Bütövlükdə Natiq Cəfərli “Tədbirlər Planı”nı indiki çətin duruma adekvat saymır. Onun fikrincə, plan çox sadə olmalıdır, ölkədə 1 milyonla 1,5 milyon arasında günəmuzd, müqaviləsiz çalışan insan var, sənəddə onlara toxunacaq heç bir addım yoxdur, sosial vəziyyəti ən ağır olan qrup da məhz həmin kəsimdir:

“Təcili olaraq həmin şəxsləri əhatə edən əlavə proqram qəbul edilməli, 1 ay öncə təklif etdiyimiz kimi, onlara birdəfəlik, heç olmasa minimum əmək haqqı səviyyəsində ödəniş olmalıdır. İndi ən vacib məsələ məhz budur. Bu, artıq sosial təhlükəsizlik məsələsidir”.


“Əgər qanunla bağlı olsaydı, münasibətimi ifadə edərdim”

Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili sənədi ekspertlərin şərh etməsini daha məqsədəuyğun sayıb:

“Biz qanunverici orqanın komitə üzvü olaraq hökumətin qərarlarını şərh edə bilmərik, bu, daha çox ekspertlərin işidir. Əgər qanunla bağlı olsaydı, münasibətimi ifadə edərdim”.

Ana səhifəİqtisadiyyatİqtisadçı: Tədbirlər Planı sosial baxımdan da ədalətli deyil