İqtisadçı: “Qarabağın bərpasına xərclənən vəsaitin şəffaflığı ilə bağlı suallar var”

İşğaldan azad olunmuş ərazilər. Foto: AAYDA

“Tikinti işlərinin aparılmasına çəkilən xərclərlə bağlı Ermənistandan nümunə götürülməlidir”

Maliyyə Nazirliyi 2024-cü ilin yanvar-sentyabr ayları üzrə icmal və dövlət büdcələrinin icrasına (operativ) dair məlumat yayıb.

Məlumatda azad olunmuş ərazilərin bərpası üçün xərclənən vəsaitin də məbləği açıqlanıb.

2024-cü ilin doqquz ayı ərzində dövlət büdcəsindən işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası məqsədilə illik nəzərdə tutulmuş 4 milyard 855,8 milyon manat vəsaitin 64,6 faizi və ya 3 milyard 137,6 milyon manatı xərclənib.

Dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu üçün nəzərdə tutulan vəsaitin isə 61,4 faizi və ya 1 milyard 728,9 milyon manatı istifadə olunub.

Gələn il işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpasına 4 milyard manat ayrılacaq. Bu, “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.

Bəs Maliyyə Nazirliyinin açıqladığı rəqəmlər doğrudurmu? Ümumiyyətlə, Qarabağın bərpasında vəsaitlərin xərclənməsi ilə bağlı şəffaflıq necədir?

İqtisadçı Akif Nəsirli Meydan TV-yə deyir ki, tikinti-bərpa işlərinə ayrılan vəsaitin şəffaf xərclənməsi ilə bağlı suallar var:

“Tikinti-bərpa işləri aparılan ərazilərdə olmuşam və orada tikilən evlərin keyfiyyətinə də diqqət etmişəm. Çox aşağı keyfiyyətli mənzillər tikirlər. Əksər evləri də tək daşla hörürlər. Halbuki həmin ərazilərdə iqlim şəraiti həm Bakıya, həm də ölkənin mərkəzi rayonlarına nisbətən sərtdir, qış çox soyuq keçir. Elə sərt iqlimi olan yer üçün tək daş divar tikmək nə qədər doğrudur? Üstəlik, layihədə qoşa daşla tikinti nəzərdə tutulsa da, faktiki olaraq orada binanı tək daşla hörürdülər”.

Akif Nəsirli. Foto: “Telegraf.az”

Onun sözlərinə görə, tikinti-bərpa işlərinin aparılmasına çəkilən xərclərə qənaət ediməsi ilə bağlı Ermənistandan nümunə götürülməlidir:

“Belə tikinti-bərpa işlərinin aparılmasına çəkilən xərclərə qənaət ediməsi üçün Ermənistandan nümunə götürməliyik. Ermənistan Qarabağdan köçənlərə ev tikmək üçün adambaşına 8 min dollar verir. Məsələn, dörd nəfərlik ailəyə 32 min dollar verirlər ki, get, özünə ev tik. Bizim pulla 50-60 min manat pul edir. Bu pulla bir ev tikmək olur. Büdcədən şirkət vasitəsilə tikiləndə, şişirtmə, vəsaiti oğurlama varsa da, böyük miqdarda vergi tutulmaları da var. Məsələn, ayrılan vəsaitin elə 18 faizi əlavə dəyər vergisinə tutulur və s. Hökumət bunun optimal yolunu düşünməlidir. Görürsünüz, Paşinyan dərhal optimal yol tapdı”.

Bu yaxınlarda Cəbrayılın 1042 ailəlik Şükürbəyli kəndində tikinti üçün 7 milyon 664 min 194 manat ayrılıb. Bu vəsaitlə ilkin olaraq 48 fərdi yaşayış evinin tikintisi nəzərdə tutulub. Bir fərdi yaşayış evinin tikinti xərci orta hesabla 159,6 min manat edir. 159,6 min manatla bir kənddə üç ev tikmək mümkündür”, – deyə iqtisadçı vurğulayıb.

Ana səhifəİqtisadiyyatİqtisadçı: “Qarabağın bərpasına xərclənən vəsaitin şəffaflığı ilə bağlı suallar var”