İqtisadçı: “Neft Fondu neft pullarını batırmaqla məşğuldur”

Dövlət Neft Fondu, Foto: Azərtac

“Bu gedişlə Fond sonuncu rübdə daha böyük zərər edərək 2022-ci ili fəaliyyətinin ən pis ili kimi tarixə yazacaq”

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) aktivlərinin indiki dəyəri 45 milyard 386 milyon dollardır. Bu, 0.80 faiz artımdan sonra belə olub.

Məsələn, ötən ilin ilk 9 ayında fondun aktivləri 1.52 faiz artmışdı.

ARDNF 2022-ci ilin yanvar-sentyabr ayları üzrə gəlir və xərclərinə dair məlumat açıqlayıb.

Həmin məlumatda qeyd edilir ki, bu ilin ilk 9 ayında ARDNF-nin büdcə gəlirləri 11 365,9 milyon manat, büdcə xərcləri isə 6 566,9 milyon manat təşkil edib.

“9 ayda ARDNF-nin neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 15 886,9 milyon manat, mənfəət neftinin və qazın satışından 15 106,2 milyon manat, bonus ödənişləri 768,7 milyon manat, tranzit gəlirləri 7,2 milyon manat, akrhesabı ödənişlər 4,8 milyon manat olub”, məlumatda qeyd edilir.

Bu müddət ərzində dövlət büdcəsinə ARDNF-nin tərəfindən 6 542,0 milyon manat transfert edilib. “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın maliyyələşməsinə 8,1 milyon manat yönəldilib. Dövr ərzində ARDNF-nin idarə edilməsi ilə bağlı xərcləri 16.8 milyon manat olub”.

Ötən 9 ay ərzində ARDNF-nin aktivlərinin bazar dəyərində qısamüddətli qiymət dəyişkənliklərindən yaranan 4 521,0 milyon manat azalma olub.

Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı ARDNF-nin büdcədənkənar xərcləri 4 185,2 milyon manat təşkil edib.

İqtisadçı Qubad İbadoğlu deyir ki, ARDNF bu il ərzində hər ay orta hesabla 1 mlrd. manat ziyana düşüb:

“Ötən 9 ay ərzində Fondun aktivlərinin dəyərsizləməsindən və valyuta məzənnələrinin dəyişməsindən itkiləri 8 milyard 706 milyon 200 min manat olub. Məlumatdan bəlli olur ki, Fondun yarıtmaz və qeyri-peşəkar idarəçiliyinə görə ötən 9 ay ərzində ARDNF-nin aktivlərinin bazar dəyərində qısamüddətli qiymət dəyişkənliklərindən yaranan zərəri 4 521 milyon manat, valyuta məzənnələrinin dəyişməsindən yaranan büdcədənkənar xərcləri 4 185,2 milyon manat təşkil edib”.

İqtisadçı bildirir ki, bir sözlə, Fond neft pullarını batırmaqla məşğuldur. Elə ona görə də bu dövr ərzində Fondun büdcə gəlirləri 11 365,9 milyon manat, xərcləri isə 6 566,9 milyon manat təşkil etməsinə baxmayaraq, 2022-ci il sentyabrın 30-a aktivləri ilin əvvəlinə nisbətən cəmisi 0.8 faiz artıb:

Qubad İbadoğlu: Foto: Meydan TV

“Bu gedişlə Fond sonuncu rübdə daha böyük zərər edərək 2022-ci ili fəaliyyətinin ən pis ili kimi tarixə yazacaq. Məlumat üçün qeyd edim ki, Fondun ən böyük itkiləri Rusiya və Türkiyədə yerləşdirdiyi aktivlərdən, eləcə də avro və funt sterlinqlə valyutaların dollara nəzərən məzənnəsindəki dəyişikliklərdən yaranıb”.

Hesabatda o da göstərilir ki, Neft Fondunun investisiya portfelinin 70.8 faizi dollarla, 19 faizi avro ilə, 4.7 faizi funt-sterlinqlə saxlanılır. Portfeldə ilk üç yeri tutan valyutadan ikisi – avro və funt-sterlinq son aylarda dollar qarşısında ciddi dəyər itirib. Ucuzlaşmalar Neft Fondunun valyuta ilə bağlı itkilərini ortaya çıxarıb. Fondun investisiya portfelində Çin yuanı 1.2 faizlik, Yapon yeni 1.1 faizlik, Avstraliya dolları 0.6 faizlik, Türkiyə lirəsi 0.4 faizlik və Rusiya rublu 0.4 faizlik paya sahib olub. Portfelin daha 1.8 faizlik hissəsi digər valyutaların payına düşür. Eyni zamanda, ABŞ dolları portfelinin təxminən 12 faizlik bölümü qızıl investisiyalarından ibarətdir. Fondun Azərbaycan manatında saxladığı vəsaitin həcmi isə cəmi 730 milyon manatdır.

Fondun investisiya portfelinin 80 faizə yaxını istiqraz və səhmlərdən, 14 faizə yaxını qızıldan, 6 faizə yaxını isə daşınmaz əmlakdan ibarətdir. Fond öz investisiyalarını, əsasən, Qərbi Avropa və ABŞ-da həyata keçirir. Neft Fondunun investisiya portfelində Qərbi Avropa və Şimali Amerikanın payı 60 faizə yaxındır.

Şirkətin yatırdığı investisiyalara gəlincə, hesabatda qeyd edilir ki, ilk yarımildə səhmlərin dəyəri 5.9 milyard dollar olub. Fond dünyanın 26 ölkəsindən 1 min 600-dən çox şirkətə 14 fərqli valyutada yatırımlar edib. Ən böyük yatırımlar beş qlobal şirkətlə bağlıdır.

Neft Fondunun ən çox yatırım etdiyi şirkət “Apple”dır. Fond “Apple” şirkətinə 211 milyon dollar yatırım edib. “Apple”ın fondun investisiya portfelində payı 3.7 faizdir. İkinci yerdə qərarlaşan “Microsoft” şirkətinə yatırımların həcmi 173 milyon dollardır (3 faiz). Neft Fondu “Google” şirkətinə 121 milyon dollar, “Amazon”a 92 milyon dollar, “Nestle”ə isə 86 milyon dollar investisiya yatırıb.

Ana səhifəİqtisadiyyatİqtisadçı: “Neft Fondu neft pullarını batırmaqla məşğuldur”