İqtisadçı: Nazir deyir ki, əvvəlki nazirlər saxta pensiya təyin etməklə məşğul olublar

Foto: By Matej Kastelic/Shutterstock

“Əgər Sahil Babayevin dediyi kimidirsə, o zaman Prezident həmin nazirləri vəzifələrə necə təyin edibmiş?

“Əsassız qərarlarla saxta pensiya işlərinin formalaşdırılması və bunun hesabına köhnə dövrə yaradılan təxminən 60-80 milyon manat ödəmələrin qarşısı alınıb”.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev noyabrın 10-da Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında belə deyib.

İclasda gələn ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlər müzakirə edilib.

Sahil Babayev
Foto: APA

Nazir bildirib ki, arxiv sənədlərin mərkəzləşdirilməsi də həyata keçirilir. Bu çərçivədə yüksəkməbləğli pensiyalar üzrə saxtalaşdırılmış işlərin hamısı ləğv edilir:

“Növbəti il üçün işsizlikdən sığorta fondu 180 milyon manat məbləğində proqnozlaşdırılıb. Bu cari illə müqayisədə 14 faiz artım deməkdir”.

İqtisadçı Nemət Əliyev deyir ki, nazirin açıqlamasından əvvəlki nazirlərin saxta pensiyalar təyin etməklə məşğul olduqları məlum olub.

Üstəlik, sanki belə pensiyaların sayı o qədər çox olub ki, ildən artıqdır ləğv edilir, bitmir: “Təkcə, bu ilin 10 ayında ləğv edilmiş pensiyalar hesabına Sahil Babayevin əldə etdiyi milyonlar əvvəlki ildəkindən 2 dəfə, bir əvvəlki ildəkindən 4 dəfə, daha əvvəlki ildəkindən isə 20 dəfə çoxdur”.

İqtisadçı bildirir ki, 3 il 10 aya ləğv edilmiş pensiyalardan 1 milyarda yaxın pul toplanıb:

“Əgər bu, Sahil Babayevin dediyi kimidirsə, o zaman sual yaranır: Prezident həmin nazirləri vəzifələrə necə təyin edibmiş? Yaxşı, onun gözündən yayınıb, bəs Maliyyə Nazirliyi, Hesablama Palatası, maliyyə vəsaitlərinə dövlət nəzarətini həyata keçirməli digər strukturlar nə işlə məşğul olurmuşlar ki, qulaqlarının dibindən çırpışdırılan 100 milyonlardan xəbərləri olmurmuş?”

Nemət Əliyev
Foto: Meydan Tv

2018-ci ilin əvvəlindən 2021-ci ilin yeddinci ayınacan 211 min 151 nəfərin pensiyası kəsilib.

Nemət Əliyev əlavə edir ki, bu prosesin 2023-cü ilin əvvəlinədək, hətta ondan sonrakı dövrdə də davam edəcəyini açıqlayıblar.

Son illər ləğv edilən pensiyalar Dövlət Statistika Komitəsinin hesabatlarında da hiss edilir.
Məsələn, 2021-ci il yanvarın 1-də açıqlanan məlumata görə, Azərbaycanda əlilliyə görə pensiya alanların sayı kəskin azalıb.

Əvvəlki dövrdə olan 373,8 min nəfər əlilliyi olan və buna görə pensiya alan vətəndaş sayı 358,2 min nəfərə enib. Yəni 15 min 600 nəfər az.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu il açıqlama verib ki, ötən ilin sonlarından bəri 23 min şəxsə əlillik pensiyasının ödənilməsi dayandırılıb.

Nazirliyin məlumatında qeyd edilir ki, araşdırmalar zamanı 7 mindən çox şəxsin “saxta əlillik” arayışı düzəltdiyi üzə çıxıb.

Əlillik təyinatı üçün yenidən müraciət edənlər arasında təxminən 16 min şəxsinsə ya reabilitasiya olduğu, ya da xəstəlik durumlarının əlillik qrupu təyinatına əsas sayılmadığı qənaətinə gəlinib. Bu o deməkdir ki, ötən il hər 100 əlildən təxminən üçünün əlillik dərəcəsi ləğv edilib.

Nazirliyin açıqlamasında bu da qeyd olunub ki, ləğv edilən əlillik dərəcələri büdcəyə ildə 101 milyon manat qənaət etmək imkanı qazandıracaq.

Bu qərar əvvəllər pensiya alanlar arasında narazılığa səbəb olub.

Pensiyası kəsilənlər bir neçə dəfə aidiyyatı qurumların binaları önündə aksiyalar da keçirib.

Ana səhifəSosialİqtisadçı: Nazir deyir ki, əvvəlki nazirlər saxta pensiya təyin etməklə məşğul olublar