“Nə normal hökumətlər, nə də xalqlar buna dözər”
“Ərzaq məhsullarının qiymətində kəskin bahalaşma var. Xiyar 81, ağ kələm 76, çuğundur 64, göy lobya 56 faiz bahalaşıb”.
İqtisadçı Nemət Əliyev belə deyir. Onun fikrincə, bu gün ölkə gündəmini Dağlıq Qarabağda, regionda inkişaf edən xoşagəlməz hərbi-siyasi proseslər, dünya mediasını isə Azərbaycanın adını rüsvay edən “Pandora sənədləri” məşğul edib. Nəticədə ölkə daxilində yaşanan böyük bahalaşma arxa plana keçib:
“Nə qədər çətin olsa da, həyatımızı günbəgün ucuzlaşdıran bu arzuolunmaz proses göz önündə tutulmalıdır. Əhali gəlirlərinin yerində saydığı hazırkı şəraitdə bu çox vacibdir”.
İqtisadçı bildirir ki, ötən ilin avqustunda kiloqramı 53 qəpiyə satılan xiyar bu ilin avqustunda 96 qəpiyə yüksəlib. Yerli ağ kələmin kiloqramı isə 45 qəpikdən 79 qəpiyə qalxıb:
“Süfrə çuğunduru bu ilin avqustunda 1,18 manata satılıb, halbuki ötən ilin avqustunda qiyməti 72 qəpik olub. Göy lobyanın kiloqramı isə ötən il 1,08 manatdan təklif edilirdi. Bu il isə 1,69 manata qalxıb. Bu nəticələri Dövlət Statistika Komitəsinin açıqladığı rəsmi məlumatlardan götürmüşəm”.
Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, 2021-ci ilin yanvar-avqust aylarında ötən ilin eyni dövrü ilə müayisədə 4,8 faiz bahalaşma olub. Qurum qeyd edir ki, ərzaq məhsulları, içkilər, tütün məmulatları üzrə qiymət artımı 5,4, qeyri-ərzaq malları və əhaliyə göstərilən ödənişli xidmətlər üzrə 4,2 faiz olub. Avqust ayında iyulla müqayisədə 0,5, 2020-ci ilin avqustu ilə müqayisədə isə 6,7 faiz bahalaşma baş verdiyi vurğulanır.
Nemət Əliyev deyir ki, ötən ilin avqustunda 1 litri orta hesabla 2 manat 90 qəpiyə satılan günəbaxan yağı bu ilin avqustunda 4 manat 20 qəpiyə satılıb. Bahalaşma səviyyəsi 1 manat 30 qəpik və ya 45 faizə yaxındır:
“Xaricdən gətirilən günəbaxan yağı 42 faiz, yerli günəbaxan yağı isə 51 faiz bahalaşıb. Yerli qarğıdalı yağının qiymətində 36,5 faiz və ya 1 manat 44 qəpik artım qeydə alınıb. Yerkökü 40 faizdən çox, baş soğan 29 faizə yaxın, şəkər tozu orta hesabla 31,5 faiz, badımcan 21,3 faiz, pomidor 21 faizdən çox, kəsmik 22, şor 15 faizə yaxın bahalaşıb”.
İqtisadçı bildirir ki, insanların gündəlik qida rasionunda tez-tez istifadə etdiyi ərzaq məhsullarının bahalaşma səviyyəsindən heyrətlənməmək mümkün deyil. O düşünür ki, bu ilin oktyabr ayında bahalaşma səviyyəsi daha da artacaq:
“Müqayisə olunan dövrdə orta aylıq əməkhaqqı vur-tut 1,8 faiz, adambaşına düşən əhali gəlirləri isə cəmi-cümlətanı 0,7 faiz çoxalıb. Cüzi əməkhaqqı, pensiya, sosial müavinət artımlarının bütünlüklə böyük bahalaşmanın yeminə çevrilməsi, əhalinin əlindəki ehtiyatların sürətlə əriməsi açıq şəkildə ortadadır və bunu gizlətmək mümkün deyil”.
Nemət Əliyev deyir ki, dünyanın ən bahalı şəhərlərində bu dərəcədə bahalaşma yaşanmır. Yaşansa belə, bahalaşma ilə bərabər əhalinin gəlirləri də artır:
“Nə normal hökumətlər, nə də xalqlar buna dözər. Odur ki, əhali gəlirləri ilə bahlaşma səviyyəsi arasındakı fərqin 2-cinin xeyrinə bu qədər böyüməsi ilk növbədə hökuməti düşündürməli və onu bahalaşmaya rəvac verən addımlar atmaqdan çəkindirməlidir”.
İqtisadçı düşünür ki, bahalaşmanın geriyə dönüşü olmayacaq. Belə şəraitdə tək ümid əməkhaqları, pensiya və müavinətlərin təsirli dərəcədə artırılmasınadır:
“Rəqabət qabiliyyətli yeni iş yerlərinin yaradılması da çıxış yolu ola bilər. Bunun da hələ ki, səsi-sorağı eşidilmir”.
Deputat Sabir Rüstəmxanlı da ölkədə müxtəlif sahələrdə baş verən bahalaşmaya etiraz
edib
. O, parlamentdəki çıxışı zamanı ölkədə qiymət siyasətinə kimin baxdığını sorğulayıb:
“Ölkədə bahalaşma ildırım sürətilə gedir. Benzin qalxan kimi hər şey qalxır. Təklif edirəm ki, bu məsələ ilə bağlı ayrıca yığıncaq təşkil edək. Bilək ki, əhalinin real gəliri ilə qiymətlərin artması uyğundur, ya yox”.