Rövşən Ağayev hesab edir ki, seçkili paytaxt idarəçiliyi yaradılmasa heç nə dəyişməyəcək
“Bakı Nəqliyyat Agentliyinin Bakı Şəhər İcra Hakimiyyətinin tərkibinə qaytarılması problemləri həll etməyəcək. Çünki uğurlu nümunələr göstərir ki, bu sistem sərəncamlar, göstəriş və fərmanlar əsasında fəaliyyət göstərən, hesabatlı və kollegial olmayan icra hakimiyyəti sisteminin idarəçilik imkanları xaricindədir”.
İqtisadçı Rövşən Ağayev belə düşünür.
Fevralın 7-də Prezident İlham Əliyevin fərmanı ilə Bakı Nəqliyyat Agentliyi publik hüquqi şəxs statusu ilə Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyinə verilib.
Bakıda nəqliyyat əvvəlcə Bakı Şəhər İcra Hakimiyyətinin tərkibində olub, sonra Nəqliyyat Nazirliyinin tabeliyinə keçib, ardınca Bakı Nəqliyyat Agentliyi (BNA) adlı qurum yaradılaraq onun tərkibinə verilib. Bu gün isə yenidən Bakı Şəhər İcra Hakimiyyətinin tərkibinə qaytarılıb.
Rövşən Ağayev deyir ki, son 30 ildə Bakıda nəqliyyatın təşkili icra orqanlarının tərkibində hər cür idarəçilik görüb.
İqtisadçının fikrincə, hökumət seçkili paytaxt idarəçiliyinin yaradılması zərurətini nə qədər tez qəbul etsə, belə problemlərdən daha tez can qurtarmaq mümkün olacaq. Əvvəla, qərarlar kollegial və ictimaiyyətin iştirakı ilə qəbul edildiyi üçün illərlə davam edən ekspermentlərə yer olmayacaq. Üstəlik, hər bir qərar ictimai rəy öyrənilərək qəbul ediləcək. Nəticədə səhv qərarların qəbulu riski əhəmiyyətli dərəcədə azalacaq:
“Digər tərəfdən, seçkili liderlər biləcək ki, paytaxtı qışda qar, payızda-yazda yağış fəlakətindən qoruya, tıxac əsarətindən qurtara bilmədinsə, növbəti dəfə kürsü də olmayacaq. Yəni indiki halda təyin olunmuş şəxs üçün belə qorxu yoxdur. Amma seçkili orqanın taleyini həll edən əsas meyarlardan biri məhz şəhərdə nəqliyyatın effektiv təşkilidir”.
Rövşən Ağayev bildirir ki, məsələn, seçilən şəxs metro xətti çəkilməli olan bir ərazidə, onu etmirsə, yaxud yolötürücü körpü tikilməli olan hissədə tikinti aparmırsa, həmin ərazidə səs almaqdan əlini üzməlidir. Odur ki, məcburdur xidmət etsin, ortaya yaxşı iş qoysun:
“Əlbəttə, söhbət demokratik və şəffaf seçki nəticəsində formalaşan şəhər yerli özünidarəsindən gedir. Bir də bu tip yerli əhəmiyyətli məsələlərlə ali icra hakmiyyətinin, dövlət başçısının məşğul olmasına, həmin problemlərə zaman və enerji xərcləməsinə də lüzum qalmır. Vətəndaş seçkili şəxsləri ya mandatı verərək, ya da tutub geri alaraq həmin problemləri həll etməyə məcbur edir”.
İqtisadçı düşünür ki, 21-ci əsrin sivil toplumları problemlərini bu qədər asan şəkildə həll edirlər.
Prezidentin bugünkü fərmanı ilə BNA-nın tabeliyində olan “Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi” MMC isə Azərbaycan Daxili İşlər Nazirliyinin (DİN) tabeliyinə verilib.
Azərbaycan Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyi Prezidentin 2015-ci il dekabrın 21-də imzaladığı fərman ilə yaradılıb. 2016-cı ildə isə prezidentin növbəti fərmanı ilə BNA əsasında “Bakı Nəqliyyat Agentliyi” publik hüquqi şəxs təsis edilib.