İqtisadçı “Baku World Challenge”dən yazdı

“Bu sferada normal rəqabətli mühit yaranmayıb ki, qiymətlər aşağı, keyfiyyət isə yuxarı olsun”

Source:


“Bu sferada normal rəqabətli mühit yaranmayıb ki, qiymətlər aşağı, keyfiyyət isə yuxarı olsun”

REAL İdarə Heyətinin üzvü, iqtisadçı Natiq Cəfərli Azərbaycan paytaxtında noyabrın 2-də başa çatan “Baku World Challenge” avtomobil yarışları ilə bağlı münasibətini Facebook səhifəsində paylaşıb.

Natiq Cəfərli hesab edir ki, dünya ölkələrinin böyük idman yarışlarının keçirilməsinə can atmalarının bir neçə səbəbi var. Olimpiada, Dünya və Qitə çempionatları, Formula-1 yarışları – bütün bu tipli yarışlar üçün ölkələr mübarizə aparır, təşkilatçı olmağa çalışırlar. Belə yarışlar ölkənin imicinə yaxşı təsir göstərir, ölkənin tanıtımına xidmət edir, bununla da turizm axınını gücləndirir. Böyük idman yarışlarını yüzlərlə dünya telekanalları işıqlandırır ki, bu da ölkələrin reklamına xidmət edir.

Onun sözlərinə görə, CNN, CNBS, BBC, Evronyus, Al-Jazeera, kimi telekanallarda reklam vaxtı almaq çox bahadır. Məsələn, ABŞ-da amerikan futbolunun final oyununda 30 saniyəlik reklam 5 milyon dollardan bahadır. Amma, iri miqyaslı yarışlar olanda həmin telekanallar xəbərlər blokunda dəqiqələrlə yarış olan ölkəni göstərirlər, reportajlar hazırlayırlar ki, bu da çox zaman “prime-time” efirə gedir və yüz milyonlarla izləyiciyə çatır. Məhz buna görə də, ölkələr yarışlar uğrunda savaşırlar.

İqtisadçı şimal ölkəmizdə keçirilən idman yarışlarından missal da çəkir: “Rusiya Soçi Olimpiadasına 50 milyard dollar, futbol üzrə DÇ-na 25-30 milyard dollar xərcləyir, güya, imic yaradır, digər tərəfdən isə aqressiv şəkildə qonşu ölkələrə saldıraraq öz imicinin içinə edir. Əslinə qalsa, Rusiya turizm potensialına görə dünyada ən cəlbedici ölkə ola bilər, amma, bacarmırlar, çünki, idarəetmə zay, ölkə yarıqapalıdır”.

“Bəyənmədikləri ABŞ ildə turizmdən 110 (2013-ci ilin məlumatıdı), İspaniya 61, Fransa 59, İtaliya 46, Almaniya 40, Britaniya 36, Türkiyə 22 milyard dollar turizmdən pul qazanırlar. Bu hələ birbaşa qazancdır, turizmin multiplikator effekti var, arxası ilə bir çox sahəni aparır, və dolayısı ilə qazanc daha çox olur, məsələn, ABŞ-da bu rəqəm 300, qardaş Türkiyədə isə 40 milyard dollara yaxındır”,- deyə Natiq Cəfərli yazır.

Azərbaycana gəldikdə, iqtisadçı bildirib ki, hökumət böyük idman yarışlarının ölkəmizə qazandırmaqda çox maraqlıdır, son illərdə bu daha da artıb. İstək olaraq çox yaxşı, ölkəmizin tanıtımına xidmət etməli addımlardır. Avropa oyunları, Formula-1, İslam Ölkələri Oyunları, Şahmat üzrə Dünya Çempionatı – üzümüzə gələn 3 ildə ölkəmizdə bu qədər önəmli beynəlxalq yarışlar olacaq.

Natiq Cəfərli bu yarışların təşkilinə ilkin hesablamalara görə 4-5 milyard dollar xərclənəcəyini yazır: “Aparıcı Dünya TV-lərində reklam qiymətlərini nəzərə alsaq, pis deyil, bu qiymətə ölkəni imicini yaxılaşdırmaq, tanıtımını artıqmaq olar. Amma: 1) Bu qədər yatırım edirlər ki, ölkənin imici düzəlsin, sonra da onlarla adamı absurd ittihamlarla zindanlara dolduraraq, ölkənin imicini yerlə bir edirlər, 2) Bu turnirlərin məqsədi turizm cəlbirdirsə, qanunları o qədər sərtləşdiriblər ki, gələn xarici vətəndaş 3 gündən artıq qeydiyyatsız qala bilməz, nə AB ölkələri, nə ABŞ, nə Çin, nə Yaponiya (dünyada ən çox gəzən bu ölkələrin vətəndaşlarıdır) vizaları qaldırmayıblar ki, onlar ölkəmizə rahat gedib-gəlsinlər, hətta qardaş Türkiyə ilə belə viza problemi həll olunmamış qalıb, 3) Bu sferada normal rəqabətli mühit yaranmayıb ki, qiymətlər aşağı, keyfiyyət isə yuxarı olsun. Əksər turizm obyektləri məmurlara məxsusdur ki, onlar üçün də o obyektlərdən gələn gəlir əhəmiyyətli deyil, ciddi deyil, sadəcə, onlar da sistemdaxili oyun qaydalarına görə tapşırıqla belə obyektləri inşa edirlər”.

REAL İH üzvü hökumətin məntiqini anlamaqda çətinlik çəkdiyini bildirib: “Bir yandan ölkəmizin imici üçün iri yarışların keçirilməsində maraqlıdırlar, digər yandan da imicimizi korlayan nə addımlar varsa, onu atırlar, turistlərin gəlməsinə də ciddi əngəllər yaradırlar”.

Ana səhifəXəbərlərİqtisadçı “Baku World Challenge”dən yazdı