“COVİD-19” hər iki ölkədə iqtisadi fəallığa oxşar dərəcədə zəiflədibsə, bahalaşma səviyyələri arasında niyə bu dərəcədə fərq var?”
Son 5 ayda istehlak qiymətləri indeksi ötən ilin eyni dövrü ilə müqayisədə 2,9 faiz artıb.
Ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 5,5, qeyri-ərzaq məhsulları üzrə 1,2, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 1 faiz artım olub.
Dövlət Statistika Komitəsinin məlumatında belə deyilir.
Bildirilir ki, cari ilin may ayında istehlak qiymətləri indeksi aprelə nisbətən 0,5 faiz azalıb. Ancaq ötən ilin may ayına nisbətən 2,9 faiz artıb.
"Bu ilin may ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 1,3 faiz az, əvvəlki ilin may ayına nisbətən 5,7 faiz çox olub. Bu ilin may ayında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0,1, əvvəlki ilin may ayına nisbətən 1,4 faiz artıb".
İqtisadçı Nemət Əliyev deyir ki, Azərbaycanda 2020-ci ilin yanvar-aprel aylarında ərzağın qiyməti ötən ilin eyni dövrünə nəzərən 5,4 faiz artıb. Bu rəqəm Rusiyada 2,4-dür. Azərbaycandakı artım Rusiyadakından belə 2,3 dəfə çox olub.
Nədir bunu səbəbi?
İqtisadçı sual edir ki, əgər hər iki ölkə neftin ucuzlaşan təsirinə eyni dərəcədə məruz qalıbsa, “COVİD-19” pandemiyası hər iki ölkədə iqtisadi fəallığa oxşar dərəcədə zəiflədici təsir göstəribsə, bahalaşma səviyyələri arasında niyə bu dərəcədə fərq var?
"Belə baxanda Rusiyada bahalaşma daha yüksək olmalı idi. Çünki Azərbaycandan fərqli olaraq bu qonşu ölkə həm də Amerika və Avropanın ağır sanksiyalarının təsirindən əziyyət çəkir. Üstəlik, rus rublu cari ilin əvvəlindən başlayaraq aprelin sonunadək dollar qarşısında əhəmiyyətli dərəcədə devalvasiyaya uğrayıb. 21 faiz dəyər itirib (orta məzənnə yanvarda 61,8 rubl/dollar olubsa, apreldə 74,8 rubl/dollar təşkil edib)".
Bundan əlavə, iqtisadçı bildirir ki, Rusiyada həm də idxal mallarının bahalaşmaya artırıcı təsiri daha yüksək səviyyədə hiss olunub. Lakin yekun nəticələr tərsinədir:
"Əgər müqayisə olunan dövrdə ərzaq malları Ermənistanda 2 faiz ucuzlaşıbsa, onun Azərbaycanda 5,4 faiz bahalaşmasının gerçək səbəblərini izah etməyə hökumət özündə güc tapmalıdır. İzahını verməlidir ki, məhz hansı səbəbdən 2 faizlik ucuzlaşma şəraitində Ermənistanın ticarət-şəbəkə monopolistləri ötüşə bilibsə, 2,4 faizlik qiymət artımı Rusiyanın ticarət-şəbəkə monopolistlərini qane edibsə, niyə bu faiz dərəcələri Azərbaycanın ticarət-şəbəkə monopolistləri üçün azlıq təşkil edib?"
Nemət Əliyev bildirir ki, monopoliya və korrupsiya zəli kimi Azərbaycan iqtisadiyyatının boğazından yapışıb. İdxaldan asılılıq dərəcəsi həddən artıq yüksəkdir:
"Yerli istehsalın qarşısına o qədər daş-kəsək atılıb ki, yarıb keçmək də olmur. Mal, iş və xidmətlərinin istehsalına vergi-büdcə sisteminin stimullaşdırıcı təsirindən isə heç danışmağa dəymir. Pul-kredit siyasətində buraxılan kobud səhvlər bu gün də qalmaqda davam edir. Məzənnə siyasətinin isə bir qara qəpiklik dəyəri yoxdur. Milli valyutamız elə günə salınıb, qol-qanadı o dərəcədə sındırılıb ki, nəfəsi kəsilib, ətrafda baş verən qasırğalara belə reaksiya verməyə taqəti qalmayıb. Odur ki, neft qiymətlərinin düşüb-düşməməsindən, devalvasiyanın baş verib-verməməsindən asılı olmayaraq Azərbaycanın daxili bazarlarında qiymətlər ucdantutma qalxmaqda davam edir. Durdurulmasa, bu xəmir hələ çox su aparacaq".
Pandemiya dövründə Azərbaycanda bir sıra ərzaq mallarının qiyməti qalxıb. Daha öncə bu barədə Meydan TV-yə danışan paytaxt sakinləri əvvəllər 25-26 manata aldıqları un kisəsinin qiymətinin indi 30-32 manat civarında olduğunu bildirirdilər.