İqtisadçı: Azərbaycanda idxal inflyasiyası 25 faizdən çox artıb

Rövşən Ağayev, foto: Meydan TV

Ekspertlərin fikrincə, qiymətlərin bahalaşması gömrük sistemi və hökumətin qiymət siyasəti ilə əlaqədardır


Dövlət Statistika Komitəsi istehlak bazarındakı qiymətlərlə bağlı məlumat yayıb.

Bildirilib ki, 2025-ci ilin fevral ayında inflyasiya göstəricisi 2024-cü ilin fevralına nisbətən 5,5 faiz, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 5,7 faiz, qeyri-qida məhsulları üzrə 2,7 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 7,4 faiz artıb.

Cari ilin fevral ayında əvvəlki aya nisbətən ayrı-ayrı qida məhsullarından daha çox bahalaşma çörəyin, makaronun, yulaf yarmasının, kolbasa məmulatlarının, uşaq qidası üçün quru süd qarışığının, süfrə marqarininin, kərə, günəbaxan və qarğıdalı yağlarının, limonun, portağalın, naringinin, almanın, armudun, heyvanın, qozun, fındığın, kələmin, xiyarın, pomidorun, balqabağın, sarımsağın, soğanın, kartofun, qara və yaşıl çayın, şokolad məmulatlarının, meyvə şirələrinin, ucuzlaşma isə əsasən mal ətinin, pasterizə olunmamış üzlü südün, yumurtanın, göyərtinin, brokkolinin, şirin bibərin qiymətlərində müşahidə olunub. Digər qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

2025-ci ilin fevralında qeyri-qida məhsulları üzrə infilyasiya əvvəlki aya nisbətən 0,2 faiz, yanvar-fevral aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,7 faiz artıb. Fevral ayında əvvəlki ayla müqayisədə qeyri-qida məhsullarından bahalaşma kərpicin, sementin, yumşaq mebellərin, zərgərlik məmulatlarının, ucuzlaşma isə qış geyimlərinin, kəsilmiş taxtaların, parketlərin, yazı kağızlarının qiymətlərində müşahidə olunub.

2025-ci ilin fevral ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0,2 faiz, yanvar-fevral aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 7,9 faiz artıb. Fevral ayında əvvəlki ayla müqayisədə əhaliyə göstərilmiş ödənişli xidmətlərdən bahalaşma əsasən geyimlərin kimyəvi təmizlənməsi, fotoatelye və tibbi xidmətlərin, ucuzlaşma isə istirahət turlarının və hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətlərində müşahidə olunub.

İqtisadçı Rövşən Ağayev deyir ki, statistikanın açıqladığı hesabatdan görünür ki, ölkədə idxal inflyasiyası olduqca yüksəkdir.

“Ötən ilin yanvar-fevral ayına nisbətən idxal qiymətlərinin 25%-dən çox artdığı görünür. Postpandemiya dövründə idxalın ucuzlaşması ilə bağlı gözləntilər Azərbaycanda özünü doğrultmadı. Məsələn, baza ilinin eyni dövrü ilə müqayisədə baxdıqda, 2025-ci ilin iki ayında qeydə alınan idxal inflyasiyası 2024-cü ilin göstəricisindən 1,5% daha yüksəkdir. Yaxud 2024-cü ildə Azərbaycanda idxal inflyasiyası 17%-ə yaxın olduğu halda, Türkiyədə bu göstərici 1% ətrafında olub”, – iqtisadçı bildirib.

Müstəqil ekspertlərin fikrincə, ölkədə qiymətlərin bahalaşmasının əsas səbəbi gömrük sistemi və hökumətin qiymət siyasəti ilə bağlıdır.

Ana səhifəXəbərlərİqtisadçı: Azərbaycanda idxal inflyasiyası 25 faizdən çox artıb