İqtisadçı: 2020 iqtisadiyyat və əhali üçün ağır il olacaq

İqtisadçı deyir, rəqəmlərdən belə çıxır ki, pul kütləsi sürətlə artır.

Source: Foto: sosial şəbəkə


“Azərbaycan bu il üçün gizli inflyasiya 10 faizin üzərindədir”

“Gələn il iqtisadiyyat və əhali üçün ağır il olacaq”.

Demokratiya və Rifah Hərəkatının sədri, iqtisadçı Qubad İbadoğlu belə deyir.

İqtisadçı bildirir ki, pul kütləsi sürətlə artır, inflyasiya sabit qalır. Belə mütənasiblik hələ dünya iqtisadiyyatında qeydə alınmayıb. Bununla Azərbaycan daha bir “ilk”ə imza atmış sayılır.


“Statistika inflyasiyanın sabit qalmasından xəbər verir”

Azərbaycan Mərkəzi Bankının (AMB) açıqlamasına görə, dekabrın 1-ə olan göstəricilərə görə, inflyasiya ötən ilin müvafiq dövrünə nisbətən 2,6 faiz olub. Həmin tarixə olan illik hesablamada pul bazasının həcmi isə 18,8 faiz artıb. Noyabrın sonuna Azərbaycanda pul kütləsi 10 mlrd. 674 mln. 500 min manat təşkil edib. İlin əvvəlindən pul kütləsinin artımı 1 mlrd. 128 mln. 800 min manat yaxud 11,8 faiz, illik hesablamada isə artım 1 mlrd. 689 mln. 300 min manat yaxud 18,8 faiz olub.


“Dövlət Statistika Komitəsi infilyasiya göstəricisini saxtalaşdırıb”

Qubad İbadoğlu deyir ki, 2018-ci ildə pul bazasının artımı 12 faiz və ya 1002,5 milyon manat təşkil edib.

“Göründüyü kimi cari ildə pul bazası daha sürətlə artır. İqtisadi qanunauyğunluğa görə pul bazasının artımı ÜDM-in atımından çox olanda, monetar amillərin inflyasiya yaradıcı təsirləri güclənir. Cari ilin 10 ayının yekunlarına görə, illik hesablamada pul bazasının artımı ÜDM-in artımını 9 dəfə çox olduğu halda, inflyasiyanın ötən ilin eyni dövrü ilə müqayisədə demək olar ki, eyni səviyyədə qalması Dövlət Statistika Komitəsinin bu göstəricini saxtalaşdırmasından xəbər verir”.


“Ərzaq məhsullarının qiyməti bahalaşır”

İqtisadçı deyir, rəqəmlərdən belə çıxır ki, pul kütləsi sürətlə artır. İnflyasiya sabit qalır. Bu isə düz mütənasiblik təşkil edən iki göstəricidən birinin düzgün hesablanmamasının nəticəsi ola bilər:

“Hesab edirəm ki, düzgün hesablanmayan və manipulyasiya olunan inflyasiya göstəricidir. Həmişə olduğu kimi rəsmi hesabatlarda yenə də inflyasiya aşağı göstərilir. Halbuki müşahidələr göstərir ki, qiymətlər ötən illə müqayisədə daha sürətlə artır. Xüsusilə də əhalinin istehlakında daha yüksək çəkiyə malik olan ərzaq məhsullarının qiyməti bahalaşır. Əslində pul bazasının artımını əmək haqları və sosial ödənişlər, eləcə də istehlak kreditləri şərtləndirdiyindən onun inflyasiyaya təsiri daha çoxdur. Şübhəsiz ki, Azərbaycan bu il üçün gizli inflyasiya 10 faizin üzərindədir”.

İqtisadçı sonda bildirir ki, bütün bu göstəricilər Azərbaycan iqtisadiyyatının yaxşı durumda olmadığından xəbər verir. Gözləntilərə görə, gələn il iqtisadiyyat və əhali üçün ağır olacaq.

Ana səhifəİqtisadiyyatİqtisadçı: 2020 iqtisadiyyat və əhali üçün ağır il olacaq