İqlim sammiti dövründə azərbaycanlı alimin azad edilməsinə çağırışlar artır

Qubad İbadoğlu. Foto: Meydan TV

60 milyonluq auditoriyası olan THE bu barədə yazıb

60 milyon auditoriyası ilə dünyanın 100 nüfuzlu şəbəkəsindən biri olan, təhsil və bacarıqların qiymətləndirilməsi sahəsində aparıcı beynəlxalq təşkilat “Times Higher Education” (THE) xəbərlər buraxılışında “İqlim sammiti başlayan kimi azərbaycanlı alimin azad edilməsinə çağırışlar” başlığı ilə geniş yazı dərc edib

Hər il dünya universitetlərinin reytinqini hazırlayan “THE” yazır ki, mədən yanacağı istehsalçısı dünya liderlərinin toplantısına ev sahibliyi edərkən müxaliflərə qarşı sərt tədbirlər görür.

Hüquq müdafiə qrupları COP29 iqlim konfransına ev sahibliyi edən Azərbaycan hökumətini mədən yanacağı siyasətini tənqid etdikdən sonra saxlanılan alimin azad edilməsinə çağırır.

Yazıda qeyd olunur ki, London İqtisadiyyat Məktəbinin (LSE) baş elmi işçisi Qubad İbadoğlu 2023-cü ilin iyulunda ölkəyə səfəri zamanı səlahiyyətlilər tərəfindən saxlanılıb. Dünya liderləri Bakıda Birləşmiş Millətlər Təşkilatının iqlim sammitində görüşərkən, “Amnesty İnternational” səlahiyyətliləri insan haqları təşkilatının “uydurma ittihamlar” kimi təsvir etdiyi maddələrlə bir ildən artıqdır ki, həbsdə olan Azərbaycan vətəndaşını azad etməyə çağırıb. Qrupun bəyanatında deyilir:

“Onun həbsi siyasi və vətəndaş fəaliyyətinə görə açıq-aşkar qisasdır”.

Doktor İbadoğlu əvvəllər Azərbaycan hökumətinin neft və qaz siyasətini tənqid edən və sektordakı korrupsiyanı təfərrüatlandıran məqalələr dərc edib.

Britaniya parlamentinin üzvləri  İbadoğlunun səhhətinin pisləşdiyini, o cümlədən şəkərli diabet və hipertoniya xəstəliyini qeyd edərək, Vestminster hökumətini onun işini sammitdə qaldırmağa çağırıblar.

Bununla bağlı oktyabr ayında Parlamentdə narahatlıqlara cavab verən Xarici İşlər, Birlik və İnkişaf Ofisinin (FCDO) sözçüsü bildirib ki, xarici işlər naziri David Lammy məsələni Azərbaycanın xarici işlər naziri ilə müzakirə edib və hökuməti İbadoğlunun tibbi müayinə və müalicə üçün xaricə getməsinə icazə verməyə çağırıb. Hökumət bu işi COP-da müzakirə etməyi öhdəsinə götürməyib.

“Biz Azərbaycanda azadlıqların və insan hüquqlarının qorunması ilə bağlı narahatlığımızı bildirmək üçün diplomatik kanallarımızdan istifadə etməyə davam edəcəyik”, – deyə FCDO-nun sözçüsü bildirib.

“THE” yazır ki, Azərbaycan 2024-cü il Akademik Azadlıq İndeksində Əfqanıstan və Venesuela daxil olmaqla, ən aşağı 10-20 faiz arasında yer alıb. “Human Rights Watch”-a görə, hökumətin “müxalif səslərə” qarşı repressiyaları son iki ildə gücləndirilib.

Yazıda qeyd olunur ki, 2024-cü ilin avqustunda hökuməti tənqid etdikdən sonra dövlətə xəyanət ittihamı ilə həbs edilən politoloq Bəhruz Səmədov da daxil olmaqla ölkədəki digər alimlər də həbsdə saxlanılır.

“The Daily Telegraph”a danışan doktor İbadoğlunun qızı Jalə Bayramova deyib: “Mən gözləyərdim ki, Böyük Britaniya hökuməti iki il Britaniya vətəndaşlarına dərs deyən LSE professorunun, həyati təhlükəsi olan atamın həbsdə qalmasına icazə verməyəcək”.

“THE” dünya unversitetlərinin reytinqini hazırlayan ən nüfuzlu beynəlxalq təşkilatlardan sayılır.

“THE”-nin 2025-ci il üçün dünyanın 155 ölkəsini təmsil edən 2000 universitetin reytinqini dərc edib. Bu reytinqdə yalnız Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Bakı Dövlət Universiteti 1500 + yer alıb. Azərbaycan Respublikasının Prezidentinin 22 iyul 2022-ci il tarixdə imzaladığı Azərbaycan Respublikasının 2022-2026-cı illərdə Sosial-İqtisadi İnkişaf Strategiyasının hədəf indikatorlarından biri də dünyada top 800-lükdə təmsil olunan Azərbaycan universitetlərinin sayını 2026-cı ilədək 3-ə çatdırmaqdır.

Beynəlxalq təşkilatlar hesab edirlər ki, ölkədə akademik azadlıqların məhdudlaşdırıldığı halda buna nail olmaq mümkün deyil.

Ana səhifəCOP29İqlim sammiti dövründə azərbaycanlı alimin azad edilməsinə çağırışlar artır