İqbalnamə

Foto: İqbal Əbilovun şəxsi arxivindən

Zərdüşt Əlizadə

Nə baş verir?

Nizaminin “İskəndərnamə” poeması iki hissədən ibarətdir: “İqbalnamə” və “Şərəfnamə”. Əzəmətli sərkərdə və imperiya qurucusu Makedoniyalı İskəndərin fütuhatını və dərin zəkasını tərənnüm edən Nizami onun bu işləri görmək üçün necə tərbiyə aldığını, necə yetişdiyini əsərinin birinci hissəsində təsvir edir. İskəndəri dünya fəlsəfəsinin nəhəngi Ərəstu tərbiyə etmişdi.

“İqbal” ərəbcə “qabilə”(qəbul etmək) felinin 4-cü babdakı “əqbələ”(gələcəyə getmək, onu qəbul etmək) törəməsinin məsdər formasıdır. Mənası – gələcəyin qəbul edilməsidir. Təsadüfi deyil ki, Pakistanın mənəvi qurucusu Məhəmməd İqbal bu adı daşıyır.

Müsəlman aləmində İqbalı şəxsi ad kimi seçən xalqların içində azərbaycanlılar da var. Bu ad dərin məzmunludur və onu daşıyanlar adlarına layiq olmağa çalışmalıdırlar.

Zərdüşt Əlizadə
Foto: Meydan TV

Bu dəqiqə Azərbaycan məhbəsində dindirilən və ona qarşı qondarma iş tikilən İqbal Əbilovun atası oğluna bu adı seçəndə onun dərrakəli, elmə və biliyə mail bir insan olacağına ümid edirdi. Oğul atasının ümidlərini doğrultdu, tərbiyəli və savadlı alim oldu.

Azərbaycanlıları xaricdə əsasən gödəkçə, qarpız və pomidor alverçisi kimi tanıyırlar, elm və incəsənət sahəsində tək-tük azərbaycanlı uğur qazana bilir. İqbal Əbilov ona nail oldu ki, elmi işini müdafiə edəndən sonra onu Belarusda ali məktəbə müəllim götürdülər.

8 yaşından Minskdə yaşayan İqbal vətəni ilə əlaqələrini heç vaxt qırmır, Azərbaycanı, xüsusilə xalqımızın tərkib hissəsi olan talışların mədəniyyətini, talış-türk bağlılığını öyrənir və təbliğ edir. Öz təşəbbüsü ilə jurnal dərc edir, bu jurnala dünyanın müxtəlif ölkələrindən alimləri cəlb edir. Bu alimlərin sırasında bir erməni alim-etnoqraf da var.

İqbal nə biləydi ki, vətəni Azərbaycana qohumunun toyuna gələndə məhz onun bu erməni alimi ilə sadəcə elmi münasibətini bəhanə edib onu həbs edəcəklər. Tam 37-ci il ənənəsinə uyğun olaraq ona qarşı yalnız acı istehza oyadan səfeh və məntiqsiz ittihamlar quraşdıracaqlar.
İqbalı milli ədavətin qızışdırılmasında və dövlətə xəyanətdə ittiham edirlər.

Nə baş verir? Ermənistan məğlub olub və yaxın 20-30 ildə Azərbaycana qarşı nə isə edə biləcəyi dərin şübhə oyadır. İndi Azərbaycanın və Ermənistanın siyasi rəhbərliyi və ekspertləri arasında qızğın görüşlər keçirilir ki, sülh müqaviləsi imzalansın və münaqişəyə son qoyulsun.

Mənə maraqlıdır, İqbalın əlində hansı məlumat və ya hansı səlahiyyət var ki, Minskdə yaşaya-yaşaya Azərbaycan dövlətinə xəyanət edə bilsin? Hərbi, siyasi və iqtisadi biliklərin sahibidir? Yox, oturub özü üçün Belarusda, tələbələrə mühazirə deyir və şifahi xalq ədəbiyyatı, ədəbi əlaqələr barəsində məqalələr yazır.
Ola bilərmi ki, Azərbaycan dövlətində hansısa mühüm məlumata əli çatan birisi bu dövlət sirrini Belarusa, İqbala göndərir, o da öz növbəsində bu sirri ötürür Yerevana, həmkarı erməni etnoqrafa? Belədirsə, İqbalın gələcək məhkəməsində onunla yanaşı müttəhimlər kürsüsündə gərək bir samballı general və ya azı polkovnik əyləşib bu sirləri Minskə necə göndərməsi barədə etiraflarını hakimə bəyan etməlidir.

Nə isə, mənim qəti rəyimə görə, bütün bu cəfəng ittihamlar bizim müstəntiqlərin ya biliyinin bəsitliyindən, ya da onlara verilmiş sifarişin səfehliyindən xəbər verir.
Keçək ikinci ittihama: milli ədavətin qızışdırılmasına. Bu idbar ittihamı öz talış mənliyini qorumağa və öyrənməyə çalışan talış mənşəli Azərbaycan ziyalılarına tez-tez verirlər.

Sizin həqir bəndəniz bu ittihamda çox siyasi qatlar görür:

1.Azərbaycan xalqının ayrılmaz tərkib hissəsi olan talışlarla xalqın əksər hissəsi arasında nifaq salmaq cəhdi. Bu cəhdin qaynağı “ayır-buyur” siyasəti yeridən imperiya xüsusi xidmət qurumlarından və onların yerli qul-beçələrindən gəlir;

2.Zəngin etnik tərkibi olan çoxşaxəli Azərbaycan mədəniyyətini, ədəbiyyatını, tarixini və mətbəxini üzvi və doğma talış ünsüründən məhrum etmək, onu kasıblaşdırmaq cəhdinin mənasını, çox güman ki, kəmsavad müstəntiqlər anlamasa da, onlara bu sifarişi verən yüksək məqamlı bədniyyətli şəxslər gözəl anlayır;

3.Azərbaycan Respublikasının imzaladığı beynəlxalq müqavilələrin və əsasən, Konstitusiyamızın təmin etməli olduğu hüquqları dünyanın gözü önündə tapdalamaq dövlətimizin dünyadakı şəninə aşkar qara ləkə yaxmağa bərabərdir.

Dövlət üçün əhali gərək yetişsin. Yetişib bu dövlətə sahib çıxsın. Əgər gözümüzün önündə Azərbaycan xalqı öz hüquqlarını qoruya, dövlətinə sahib çıxa bilmirsə, siz bilən, talış əhalisi bunu bacaracaqmı?

İqbal Əbilovun həbsi azı bu üç xəbis məqsədə xidmət edir.
Lakin İqbalın həbsi məsələsində sizin həqir bəndənizi daha bir acınacaqlı cəhət narahat edir. Əvvəla, Azərbaycan cəmiyyəti istedadlı alimin şərlənib həbs edilməsinə çox zəif münasibət bildirdi. Səbəbi aydındır, işdə əvvəla, sehrli “erməni” sözü var. Bizdə istənilən insanı “erməni” sözünə calayıb xortdana çevirmək mümkündür, necə ki, Yerevanda bir-birlərini “türk” sözü ilə söyürlər. Bu barbar adətdən, çox güman ki, asan qurtulmayacağıq.

İkinci, İqbalın müdafiəsinə əsasən talış kökənli soydaşlarımız qalxdılar. Bu isə imperiya qurumlarının artıq müəyyən uğur qazandıqlarından, xalqımızın sıralarına müəyyən ayrı-seçkilik sala bildiklərindən xəbər verir.

Üçüncüsü, İqbalı müdafiə edənlər ön sıraya onun etnik talış mənbəyini çəkirlər, onun fundamental insan hüquqlarının pozulmasını yox. Bu isə yenə də milli şüurumuzun və ictimai əxlaqımızın geriliyini, onun müasir meyarlardan dalda qaldlğını sübut edir.

İqbalın işi ilə bağlı müsahibələrdə oxucu şərhlərini oxuyuram. Qəribə mənzərədir. Ümumvətəndaş həmrəyliyinə çağıranda bəzi talış izləyicilər sizin həqir bəndənizi “pantürkist” adlandırır. Bu, mənim üçün yenilikdir. 1990-cı illərdə cahil vəzifə aşiqləri məni Rusiya və İran casusu adlandırırdılar. İndi isə olmuşam “pantürkist”.
Niyə? Nə üçün ümumazərbaycan həmrəyliyini önə çəkirəm, talış muxtariyyəti ideyasını müdafiə etmirəm?

Əziz və möhtərəm talış əsilli həmvətənlərim, ey hakimiyyət vəzifələri həsrətilə alışıb-yanan cahil bəradərlərim, bilin və agah olun ki, “talış dövləti”nin ilk bəhrələrini mən çox yaxından görmüşəm. Cəmi iki ay ömür sürmüş TMMR-in sakini, köhnə tanışım, kənd məktəbinin müəllimi və fermer Nizami bəy Bakıya, mənim yanıma gəlib acı-acı şikayət etdi ki, talış xalqının qəhrəman oğlu Ələkrəm bəyin sağ əli Yapon Adil onun borc-xərclə aldığı bir maşın elektrik lampasını zor gücünə müsadirə edib və özü satıb. O vaxt başı beynəlxalq işlərə qarışmış köhnə cəbhədaşıma zəng edə bilməzdim, sadəcə Nizami bəyə məsləhət gördüm ki, bir-iki ay dözsün, bu musiqisiz TMMR komediyasının ömrünə az qalıb.
Necə dedimsə, elə də oldu.

Dövlət üçün əhali gərək yetişsin. Yetişib bu dövlətə sahib çıxsın. Əgər gözümüzün önündə Azərbaycan xalqı öz hüquqlarını qoruya, dövlətinə sahib çıxa bilmirsə, siz bilən, talış əhalisi bunu bacaracaqmı?

Dövlət qurmaq üçün gərək əvvəl “İqbalnamə”, sonra isə “Şərəfnamə” olsun. Talış İskəndərin gərək talış Ərəstunu olsun.

Varmı?

Ana səhifəMənim Fikrimcəİqbalnamə