Azərbaycan Mərkəzi Bankının nəzdində fəaliyyət göstərən İpoteka və Kredit Zəmanət Fondu satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizmi üzrə yaşayış sahələrinin satın alınması ilə bağlı tenderə yekun vurub.
Dövlət satınalmalarının vahid internet portalına istinadən tenderin qalibi “Körpü-Bina-Tikinti” MMC seçilib. Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 152 milyon 298 min 846 manatdır.
Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, “Körpü-Bina-Tikinti” MMC 17 sentyabr 2001-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 300 000 manat olan şirkətin qanuni təmsilçisi isə Göyüşov Xaliq Avdil oğludur.
Mətbuatda “Körpü-Bina-Tikinti” MMC iş adamı Xəlil Göyüşovun şirkəti kimi tanınır. Xaliq Göyüşov isə onun qardaşıdır. Şirkətin tarixçəsində qeyd olunur ki, Xəlil Göyüşov şirkətin ilk qanuni təmsilçisi olub. Göyüşovlar ailəsinin biznesi barədə geniş məlumatı Meydan TV-nin araşdırmasında oxuya bilərsiniz.
2024-cü ilin oktyabr ayında İpoteka və Kredit Zəmanət Fondu oxşar müqavilə keçirmiş və o zaman da qalib eyni şirkət olmuşdu. Lakin müqaviləyə əsasən tender vəsaiti 139 milyon manata yaxın idi.
Elə həmin ayda da Bakının Sabunçu rayonu Asəf Əsədullayev küçəsində yerləşən tuneli su basdığı üçün 2 nəfər dünyasını dəyişmişdi. Sözügedən tunel 2019-cu ildə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sifarişi ilə “Körpü Bina Tikinti” MMC tərəfindən tikilmişdi.