İntiqam Əliyevin diaqnozu açıqlanıb

“Atam pozitiv görünməyə çalışsa da, ayaq üstə durmağa çətinlik çəkirdi”

Source:


“Atam pozitiv görünməyə çalışsa da, ayaq üstə durmağa çətinlik çəkirdi”

Vicdan məhbusu, Hüquq Maarifçiliyi Cəmiyyətinin sədri İntiqam Əliyevin avqustun 24-də aparılan müayinəsinin nəticələri açıqlanıb. Bu barədə İ.Əliyevin qızı Nərmin Kamilsoy Facebook səhifəsində yazıb. Nərmin Kamilsoyun sözlərinə görə, atasının boyun nahiyəsində osteoxondroz (duzlaşma), belində isə pratuziya (yırtıq) aşkar edilib.

İntiqam Əliyevin səhhəti oktyabrın 24-də keçirilən məhkəmə prosesində kəskinləşmişdi. Məlumatı vəkil Cavad Cavadov Facebook səhifəsində yazmışdı.

Nərmin Kamilsoy atasının səhhətində ciddi geriləmə olduğunu yazır: “Pozitiv görünməyə çalışsa da, atam ayaq üstə durmağa çətinlik çəkirdi. Bizə bildirdilər ki, müalicə ambulator şəraitdə davam edəcək. Baş ağrıları özünün dediyinə görə, həbsdən sonra əsəb sisteminin pozulduğuna və psixoloji gərginlik keçirdiyinə görədir. Cəmi 2-3 saat yata bilir. Çox sayda əsəb sakitləşdirici dərmanlar qəbul edir”.

Nərmin Kamilsoy havaların kəskin soyumasına diqqət çəkərək təcridxananın qızdırılmadığını yazıb: “Kameralar çox soyuq olduğu üçün İntiqam Əliyev tez-tez qrip olur. Təcridxananın istilik sistemi noyabrın 15-də işə salınacaq. Ancaq söz veriblər ki, kameraya qızdırıcı veriləcək”.

Nərmin Kamilsoy yazıb ki, atasının içəridə yazdıqları kənara buraxılmır: “İntiqam Əliyev ona ünvanlanan məktublara, jurnalistlərin suallarına cavab verə bilmir. Hər dəfə vəkilləri ilə görüşə gələndə onun yazdıqları əlindən alınır və geri qaytarılmır. Vəkillərlə görüşdükdə isə vaxt az, müzakirə edilməli məsələlər çox olduğu üçün yenidən yazmaq imkanı olmur. Atam bütün dostlara salamlarını, sevgilərini və təşəkkürlərini çatdırdı. Tapşırdı ki, dostlar onun səhhətinə görə narahat olmasınlar. Hər şey düzələcək”.

Vicdan məhbusu İntiqam Əliyev avqustun 8-də həbs edilib. Nəsimi Rayon Məhkəməsinin qərarı ilə hüquq müdafiəçisinə qarşı Cinayət Məcəlləsinin 213.1-ci (vergidən yayınma), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 192.2-ci (qanunsuz sahibkarlıq) maddələri ilə ittiham elan olunub. Oktyabrın 24-də məhkəmə İntiqam Əliyevin həbs müddətini daha 3 ay uzadıb.

Ana səhifəXəbərlərİntiqam Əliyevin diaqnozu açıqlanıb