Ötən həftə sosial şəbəkələrdə xəbər yayıldı ki, 13 yaşlı yeniyetmə yaşadığı mənzildə intihar edib. Yayılan məlumatlarda qeyd olunurdu ki, o “Mavi Balina” oyununun aludəçisinə çevrilib və onun əmrlərini yerinə yetirib.
Amma hələ ki, intihar səbəbləri ilə bağlı rəsmi açıqlama verilməyib.
Meydan TV-yə danışan psixoloqlar deyir ki, doğurdan da belə oyunun olub-olmaması özü belə şübhəlidir. Burada əsas məqam uşağın boşluğa düşməsidir. Çünki belə təhlükələr təkcə oyundan yox, hər hansı virtual qruplardan, yeni tanışlıqlardan da gələ bilər. “Ona görə də, valideyn övladı ilə münasibətləri elə tarazlamalıdır ki, uşaq həm də həyatındakı yenilikləri onunla bölüşməyə cürət edə bilsin. Söhbət uşağı başa düşməkdən, onu aktiv dinləməkdən gedir. Uşağın sərhədlərini pozmaq, qorxu və təşviş içində saxlayıb, ‘tərbiyələndirmək’ uyğun üsul deyil”.