İntihar etmiş qazi: “Həyatda hərtərəfli qollarımı sındırdılar”

Pensiyası kəsildiyi üçün Sabirabad İcra Hakimiyyəti önündə özünü yandıran müharibə iştirakçısı Elvin Cəfərov Bakıda xəstəxanada vəfat edib.

44 günlük İkinci Qarabağ müharibəsində iştirak etmiş Elvin Cəfərov 2 gün əvvəl Sabirabad rayon İcra Hakimiyyətinin qarşısında intihara cəhd etmişdi.

İyulun 11-də TƏBİB bildirmişdi ki, Elvin Cəfərovun bədəninin 70 faizi yanıb.

Yaxınları onun diqqətsizliyə və pensiyası kəsildiyinə görə intihara əl atdığını demişdilər.

İntihara cəhd etməzdən əvvəl çəkildiyi videoda o da diqqətsizlikdən şikayət edib.

Ötən ilin iyununda Meydan TV Elvin Cəfərov barəsində məqalə hazırlamışdı. Müharibədən öncə günü 10 manata fəhləlik etdiyini bildirən qazi savaşdan sonra aldığı travmalardan artıq işləyə bilmədiyini deyirdi.

Sabirabadın Qalağayın kəndindən olan Elvin Cəfərov müharibədə 39 gün döyüşdüyünü deyirdi.

Mauqli ləqəbli Elvin Cəfərovun 2 oğlu var. O, müharibə zamanı kontuziya alıb. Odur ki, qayıdandan sonra iş tapa bilməməkdən şikayətlənirdi. Deyirdi ki, iş üçün dəfələrlə Sabirabad Rayon İcra Hakimiyyətinə gedib, lakin kömək etməyiblər:

O, işləyə bilmədiyindən, 78 yaşlı anasının əlinə baxdığını, ailəsini çox çətinliklə dolandırdığını bildirirdi.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Sabirabad rayon İcra Hakimiyyəti isə mətbuata Elvin Cəfərova qayğı göstərildiyini deyiblər.

11 il Saatlının, son 3 il də Sabirabadın icra başçısı olan Siraqəddin Cabbarov deyib ki, “Qazi Elvin Cərəfov özünü İcra hakimiyyətinin qarşısında yandırmayıb, Mədəniyyət Sarayının qabağında yandırıb. Ona hər cür qayğı göstərmişik. Psixoloji durumunda müəyyən problemlər olub. Məsələ araşdırılacaq, bunu siyasiləşdirməyin”.

44 günlük müharibənin iştirakçılarından bəziləri vaxtaşırı mətbuatda onlara olan diqqətsizlikdən şikayət edirlər.

Mətbuatda gedən xəbərlərə əsasən, müharibə bitəndən indiyədək 35 qazi ölüb, ümumilikdə intihar həddinə çatdırılanların sayı isə 50 nəfərdir.

Ana səhifəVideoİntihar etmiş qazi: “Həyatda hərtərəfli qollarımı sındırdılar”