“İntihar edən şəxs travmanı müharibədə alıbsa, şəhid statusu verilməlidir”

İntihar. Foto: Freedom Studio/shutterstock

Ədalət Verdiyev: İntihar edən şəxslərin ailələri məhkəməyə müraciət etsinlər”

İkinci Qarabağ müharibəsi nəticəsində aldıqları fiziki və psixoloji travmalar nəticəsində sonradan intihar edən döyüşçülərin yaxınlarının əksəriyyəti narazıdır.

Ailələri narahat edən əsas problem müharibə nəticəsində baş vermiş intihar hallarının şəffaf araşdırılmaması, şəhidlik statusunun verilməməsi ilə əlaqədardır.

İkinci Qarabağ müharibəsində yaralanan əsgər Vüsal Musayev 2021-ci ilin yanvarında Bakıda hərbi hospitalda intihar edib.

Qardaşı Rahib Musayev Meydan TV-yə deyir ki, bir il məhkəmələrdə süründürməçiliklə üzləşiblər. Nəhayət, 2022-ci il martın 31-də şəhid statusunu almağa müvəffəq olublar.

2022-ci il aprelin 5-də İkinci Qarabağ müharibəsi iştirakçısı İsmət Namiq oğlu Babakişiyev intihar edib.

Hadisə gecə saatlarında Gədəbəyin Çanaqçı kəndində baş verib.

Yaxınlarının sözlərinə görə, 22 yaşlı İsmət Babakişiyev ailə üzvləri yatdıqdan sonra özünü asıb.

Hərbi ekspert Ədalət Verdiyev Meydan TV-yə deyir ki, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”na əsasən, Şəhid və şəhid ailəsi statusunun verilməsi məsələsinə maraqlı şəxsin müraciəti və dövlət orqanlarının və ya müvafiq hərbi hissənin vəsatəti ilə baxılır.

“Şəhid statusu Azərbaycanın azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxslərə verilir. Həmçinin döyüşlərdən sonra müalicə müəssisələrində həyatını itirənlərə şəhidlik statusu verilə bilir. İntihar edən döyüşçülərin ailələrinə tövsiyə edirəm ki, bununla bağlı məhkəməyə müraciət etsinlər. Burada baş vermiş intiharın araşdırılması, təqdim olunan sənədlərə uyğun nəsə demək olar”, – deyə o bildirib.

Ədalət Verdiyev
Ədalət Verdiyev. Foto: ”Yenicag.az”

Hərbi ekspert Telman Əbilov isə hesab edir ki, intiharın səbəbi müharibədə qazanılan travma, yaxud döyüşlər zamanı yaranan xəsarətdirsə, həmin şəxslərə şəhid statusu verilə bilər:

“İntihar əsassız ola bilməz, səbəbini araşdırmaq lazımdır. Bir döyüşçü müharibədə xəsarət alıb, hazırda xəstədir, müalicəyə ehtiyacı var. Dəfələrlə müraciət edib ki, məni müalicə edin, amma əhəmiyyət verən yoxdur. O da nəticədə intihar edib. Bu da ondan xəbər verir ki, intiharın müharibə, döyüş əməliyyatları ilə əlaqəsi var. Belə olan halda intihar edən şəxsin varisləri şəhid statusunu almaq üçün aidiyyəti orqanlara müraciət etməlidirlər. Əgər imtina cavabı alsalar, işi məhkəməyə verə bilərlər”.

Ekspertin sözlərinə görə, müharibədən sonrakı əksər intiharlar keçmiş döyüşçülərin haqlarının pozulması ilə əlaqədardır:

“İntihar edən şəxsin niyə bu addımı atdığını məhkəmə araşdırmalıdır. İntihar edən şəxslərə də qanunla, məntiqlə şəhid statusu verilməlidir. Şəhid statusu ilə bağlı edilən hər bir müraciətə düzgün yanaşılmalı, düzgün araşdırma aparılmalıdır. Əgər qanuni, inzibati araşdırmalar aparsalar, yekun qərar həmin ərizəçinin xeyrinə olacaq. Araşdırma aparmırlar, işi başdansovdu edirlər, sonda da deyirlər ki, şəhid statusu düşmür. Bunlar hamısı haqsızlıq, ədalətsizlikdir”.

Telman Əbilov vurğulayıb ki, intihar edənlərə şəhid statusu verilməsində hüquqi müstəvidə maneə yoxdur: ““Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”na intihar edənlərə də şəhid statusu düşür. Vətəndaşların şəhid adını ala bilməməsi hüquqla, qanunla bağlı deyil. Subyektiv münasibətdən asılıdır. Ən ali qanunlarımız var ki, onları da məmurlar icra etmirlər, pozurlar. Ona görə də bu qanunlara əməl edən şəxslər ədalətli olmalıdırlar ki, bu məsələlər öz həllini tapsın. Hesab edirəm ki, kütləvi müraciətlər olsa, məhkəmələr də haqq qarşısında qalıb, bu haqda ədalətli qərarlar verməyə başlayacaqlar”.

Telman Əbilov. Foto: Azadlıq Radiosu

Şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Xüsusi Dövlət Mühafizə Xidmətinin kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur.

Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti və rayon (şəhər) icra hakimiyyəti orqanları şəhid və şəhid ailəsi hesab edilməsi üçün müraciət və vəsatətləri dərhal qəbul edib, bir aydan gec olmayaraq “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununa və bu Qaydalara müvafiq surətdə arayış verməlidir.

Şəhid ailələrinə vəsiqə bu Qaydaların 4.1. bəndində göstərilən arayışlara əsasən yaşadıqları ərazi üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbələri tərəfindən verilir.

Meydan TV İkinci Qarabağ müharibəsindən sonra indiyə qədər intihar edən hərbçilərin statistikasını öyrənmək üçün Müdafiə Nazirliyinə sorğu ünvanlasa da, cavablandırılmayıb.

Ana səhifəSosial“İntihar edən şəxs travmanı müharibədə alıbsa, şəhid statusu verilməlidir”