İntihar edən həkimin atası: “Aylardır sürünürəm ki, oğlumun qanı batmasın”

Müşfiq Bağırov. Fotolar: Bağırovlar ailəsindən

Sonradan ortaya çıxan məktubdan: “Məni qorxudurdu ki, banditizmlə səni tutduraram, arxanda heç kim qalmaz…”

Lənkəran sakini Zaman Bağırov oğlunun ölümüylə bağlı aparılan istintaq araşdırmalarından narazıdır. Deyir ki, hadisədən 9 aydan çox vaxt keçib, amma onu ölümündə əli olan şəxslərin heç biri cinayət məsuliyyətinə cəlb olunmayıb. Söhbət 2022-ci il avqustun 21-də Lənkəran rayonunda özünü asaraq intihar edən, 33 yaşlı həkim-stomatoloq Müşfiq Bağırovun ölümündən gedir.

“Oğlumu özünü öldürməyə təhrik edən konkret şəxslər var”

Zaman Bağırov Meydan TV-yə danışır ki, oğlu həkim olmaqla yanaşı, həm də bizneslə məşğul idi. Onun sözlərinə görə, ölümündən öncəki son aylarda isə Müşfiq Bağırov bir qohumuyla birlikdə həm də Rusiyadan Azərbaycana göndərilən pulların çatdırılması işiylə məşğul olub.

Zaman Bağırov düşünür ki, oğlunun ölümünün kökündə də məhz bu məsələ dayanır. Onun fikrincə, Müşfiq Bağırovu intihara vadar edənlər də bu işlə məşğul olanlardır:

Mənim oğlumu özünü öldürməyə təhrik edən konkret şəxslər var və onların adlarını biz də istintaqa demişik, özü də məktubunda göstərib. Təəssüf ki, onlar hələ də məsuliyyətə cəlb olunmayıb. O adamlar uzun müddət idi ki, Rusiyadan pul köçürməsiylə məşğul olurdu. Oğlumu isə 2022-ci il iyunun əvvəlindən bu işə İbrahim Teymurov qoşdu. Oğlumun əvvəldən biznesi, kifayət qədər imkanı da vardı. İbrahim Teymurov mənim dayım oğludur. Müşfiqə təklif elədi ki, gəl sən bu işlə də məşğul ol. Rusiyadan pul göndərilirdi. Axşam saat 11 radələrində pulu İbrahim gətirib oğluma çatdırırdı. Oğlum da səhər Aqşin Abdullayevə verirdi ki, o, pulu çatacaq adamlara paylasın. Axır vaxtlar elə olub ki, İbrahim pulu verməyib, o biri tərəfdən də Aqşin pul tələb eləyib. Aqşin hədə-qorxu gəlib oğluma. Təsəvvür edin, bir gündə 22 dəfə zəngi var”.

“Qalmışam camaatın əlində, başqa yolum yox idi”

Zaman Bağırovun sözlərinə görə, hadisədən öncə Müşfiq Bağırov fotosunu çəkərək İbrahim Teymurova göndərib, özünü öldürəcəyi haqda xəbərdarlıq edib.

Hadisədən sonra Müşfiq Bağırovun iş otağından məktub tapılıb. Atası deyir ki, xətşünaslıq ekspertizası məktubu oğlunun yazması haqda rəy verib. Məktubda yazılıb:

“Məni İbrahim bu günə qoydu. Hesab bilmirdi. Məni qorxudurdu ki, banditizmlə
səni tutduraram, arxanda heç kim qalmaz. Camaat Rusiyadan pul vurub, burada pulu vermirdi. Mən də qalmışam camaatın əlində. Başqa yolum yox idi”.

Prokurorluq cinayət işinə xitam verib, məhkəmə bu qərarı düzgün saymayıb

Müşfiq Bağırovun ölümündən sonra Lənkəran Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanıb. Lakin 5 ay sonra cinayət işinə xitam verilib. Prokurorluq belə nəticəyə gəlib ki, onu heç kim intihar həddinə çatdırmayıb, bu hadisədə cinayət tərkibi yoxdur.

Müşfiq Bağırovun yaxınları qərarın ləğvi üçün məhkəməyə üz tutub. Məhkəmə prokurorluğun düzgün nəticəyə gəlmədiyini hesab edib və xitam qərarını ləğv edib. Beləliklə, Müşfiq Bağırovun intiharıyla bağlı yenidən istintaq aparılmasına qərar verilib. Lakin onun ailə üzvlərinin çoxsaylı şikayətlərinə görə bu dəfə araşdırmalar Lənkəran Rayon Prokurorluğuna yox, Baş Prokurorluğun İstintaq İdarəsinə həvalə olunub. 2023-cü ilin fevralından istintaq bu qurumda aparılır. İş müstəntiq Pərviz Cəlilovun icraatındadır.

Zaman Bağırov gileylənir ki, üstündən üç aydan çox vaxt keçsə də, bu qurumdakı istintaqın da nəticəsi yoxdur:

Zaman Bağırov

“Nə qədər sübutlar təqdim etmişik, günahkarlar məsuliyyətə cəlb olunmayıb. Mənim 33 yaşında oğlum gedib, üç azyaşlı övladı atasız qalıb, amma onun ölümündə rolu olanlar sərbəst gəzir. Niyə? Aylardır prokurorluq qapılarında sürünürəm ki, oğlumun qanı batırılmasın”.

İstintaq davam edir

Bağırovların ittiham etdiyi şəxslər – İbrahim Teymurov, Aqşin Abdullayev isə dindirmə zamanı onların ünvanına səslənən iddiaları rədd edib. Bildiriblər ki, Müşfiq Bağırovun intiharının onlara aidiyyəti yoxdur və onu özünü öldürmə həddinə çatdıracaq heç bir addım atmayıblar.

Prokurorluqdan isə bildirilib ki, Müşfiq Bağırovun ölümüylə bağlı Cinayət Məcəlləsinin 125-ci maddəsilə başlanmış cinayət işi üzrə araşdırmalar Baş Prokurorluğun İstintaq İdarəsində davam edir:

 “İstintaq üçün lazım olan bütün addımlar atılır”.

Ana səhifəSosialİntihar edən həkimin atası: “Aylardır sürünürəm ki, oğlumun qanı batmasın”