İnstitut direktoru Dövlət Gömrük Komitəsinin məlumatını yalan adlandırdı

A.Qəribov Milli Nüvə Tədqiqatları Mərkəzinin “Rosatom” ilə əməkdaşlıq etdiyini təsdiqlədi

Foto: arxiv


“Ölkəyə nüvə reaktorları, qazanlar, avadanlıq gətirilməyib”

2020-ci ilin yanvar ayında Azərbaycana “Nüvə reaktorları, qazanlar, avadanlıq, qurğular və onların hissələri” idxal edilib.

Məlumatı

marja.az

Dövlət Gömrük Komitəsinə istinadən yayıb.

Bildirilib ki, idxala 97 milyon 446 min dollar ödənilib.

2019-cu ildə Azərbaycana 152 milyon 762 min dollar məbləğində “Nüvə reaktorları, qazanlar, avadanlıq və mexaniki qurğular; onların hissələri” idxal edilmişdi.

Sayt yazıb ki, Qobu qəsəbəsində Tədqiqat nüvə reaktorunun inşası planlaşdırılır. Milli Nüvə Tədqiqatları Mərkəzinin yaradılmasında məqsədlərdən biri də tədqiqat nüvə reaktorunun tikilərək istifadəyə verilməsidir.

Milli Nüvə Tədqiqatları Mərkəzi “Rosatom” ilə əməkdaşlığa da başlayıb.

AMEA Radiasiya Problemləri İnstitutunun direktoru akademik Adil Qəribov Meydan TV-nin bu barədə sorğusuna cavabında Dövlət Gömrük Komitəsinin məlumatını təkzib edib:

“Əvvəla, Azərbaycana 1 manatlıq da nüvə reaktorları, qazanlar, avadanlıq və mexaniki qurğular; onların hissələri gəlməyib. İkincisi, tədqiqat nüvə reaktorunun tikilməsi də yalandır. Üçüncü, elə bir obyektin tikilməsi üçün Prezidentin xüsusi sərəncamı, siyasi qərar olmalıdır. Bu, oyuncaq deyil, yarım milyardlıq qiyməti olan şeydir. Bəli, Qobu qəsəbəsində Milli Nüvə Mərkəzi var, amma yazılanların heç biri yoxdur”.

A.Qəribov Milli Nüvə Tədqiqatları Mərkəzinin “Rosatom” ilə əməkdaşlıq etdiyini təsdiqlədi:

unnamed (1).jpg
Adil Qəribov

“Rosatom” bizim üçün təmənnasız olaraq kadr hazırlayır, yəni buna görə onlara pul ödəmirik. Moskva fizika üzrə Mühəndislik İnstitutunda reaktor yox, nüvə fizikası sahəsində kadr hazırlanır. Artıq 6 nəfər gəncimiz orada təhsil alır. Bir daha deyirəm, “Rosatom” üçün nə atom elektrik stansiyası, nə reaktor tikirik. Bunun üçün Prezidentin sərəncamı olmalıdır və sənəddə detallı şəkildə hər şey göstərilməlidir. Bəli, gələcəkdə tədqiqat nüvə obyektinin tikilməsi nəzərdə tutulur. Amma bunun üçün xüsusi siyasi qərar olmalıdır. Bundan əvvəl biz sübut etməliyik ki, reaktor respublikaya lazımdırmı? Gəliri və zərəri nə qədər olacaq. Bütün tərəflər təhlil ediləndən sonra qərar haqda düşünmək mümkündür. Yəni bunlardan sonra da o an qərar verilməyəcək. Ölkə başçısı maliyyə imkanına baxıb qərar verəcək. Çünki reaktorun dəyəri təqribən yarım milyard dollardır. Atom Elektrik Stansiyası isə 5 milyard dollar tələb edir. Ona görə də Dövlət Gömrük Komitəsinin məlumatı yalandır”.

Adil Qəribov hesab edir ki, əgər Tədqiqat Nüvə Obyekti tikilsə, bundan respublika qazanacaq. Onun əsasında böyük nüvə poroqramı həyata keçiriləcək.

“Heç bir radiasiyası da yoxdur. Dünyanın böyük şəhərlərində belə laboratoriyalar var. Türkiyə Texniki Universitetinin şəhərdəki ofisində həmin laboratoriya var, Parisdə də var”.

Ana səhifəSiyasətİnstitut direktoru Dövlət Gömrük Komitəsinin məlumatını yalan adlandırdı