“İnsanlar çoxdandır restorana getmədikləri üçün çox oturur, qalxmaq istəmirlər”

İqtisadçı, deputat Vüqar Bayramov deyib ki, ictimai iaşə və xidmət sektoru ilə bağlı olan sözügedən iki sahədə 160 minə yaxın rəsmi çalışan var.

Source: Specify Source


Açıq havada fəaliyyət göstərən kafelərin bəzisində növbə yaranır

18 avqustda Azərbaycanda uzun müddətdən sonra açıq havada fəaliyyət göstərən kafe və restoranlar açıldı. Ancaq müəyyən şərtlərlə. Bu şərtlərdən ən önəmlisi sosial məsafədir. Bundan əlavə, kofe almaq üçün restoranın içinə daxil olursansa, mütləq tibbi maskadan istifadə etməlisən.

Meydan TV əməkdaşı kafe və restoranların fəaliyyəti ilə bağlı müşahidə aparıb. Həmin gün paytaxtın Nizami küçəsində fəaliyyət göstərən kafe və restoranlara polis və hərbçilər nəzarət edib. Onlar tez-tez restoranın içinə daxil olub, orada kimlərinsə olub-olmamasına baxıb, sosial məsafənin qorunub-qorunmamasına nəzarət ediblər.

Kafe və restoranların bağlı olması xeyli insanı işsiz qoymuşdu.

8 ildir Bakıdakı balıq restoranlarından birində ofisiant kimi çalışan Xəyyam Səfərov deyib ki, bu il onun üçün çox çətin keçib. Ən çox müştəri gələn aylar demək olar ki, iş olmayıb:

“Yayda müştəri yaxşı olur. Hətta gün ərzində rəsmi qazancımdan çox bəxşiş toplayıram. Elə buna güvənib, evə soyuducu, televizor və paltaryuyan almışdım. İndi onların krediti yük kimi çiynimdədir. Bir tərəfdən də evin kirayəsi, körpə uşağın yeməyi, xərcləri var. Düzdür, karantinin ilk 3 ayında kreditə güzəşt də etdilər. Sonrası mümkün olmadı. Onları da qınamıram. Hamı pis vəziyyətdədir”.

32 yaşlı Xəyyam Səfərov açıq havada da olsa, restoranların açılmasına sevinir. Deyir, düzdür, əvvəlki kimi çox müştəri yoxdur, çünki masalar məsafə ilə düzülüb, içəri otaqlarda xidmət göstərmirlər. Bununla belə, heç yoxdan yaxşıdır:

“İnsanlar çoxdandır restorana getmədikləri üçün çox oturur, qalxmaq istəmirlər. Ona görə də, satış zəifdir. Amma işsizlikdən yaxşıdır. Dünən yer yox idi restoranda. Bir masa boşalan kimi yeni adamlar gəlirdi. Növbədə nə qədər insan gözləyirdi. Amma əvvəlki kimi işçilərin hamısı işə çıxmır. Bir gündən bir növbə dəyişəcək ki, kimsəyə haqsızlıq olmasın”.

Rəsmi statistikaya görə, 4 milyon 879 min məşğul əhalinin 1 milyon 769 mini aqrar sektorda çalışır. Onların əksəriyyyəti pay torpaq sahibləridir. Turistlərin yerləşdirilməsi və ictimai iaşə 78,2 min, istirahət, əyləncə və incəsənət sahəsində 81.5 min vətəndaş çalışır.

İqtisadçı, deputat Vüqar Bayramov deyib ki, ictimai iaşə və xidmət sektoru ilə bağlı olan sözügedən iki sahədə 160 minə yaxın rəsmi çalışan var. Odur ki, iqtisadi açılım məşğulluq baxımdan çox vacibdir:

“Hələlik, ictimai iaşə müəssisələri qapalı məkanda xidmət göstərə bilmirlər. Bu baxımdan, qapalı xidmət göstərən kafe və restoranlar üçün də yeni standartların müəyyənləşdirilməsi və onların fəaliyyətlərinə də icazə verilməsi məqsədəuyğun olardı. Məsələn, elə kafe və restoranlar var ki, onlar ümumi zalda deyil, müştərilərə fərdi otaqlarda qulluq edirlər. Halbuki, virusdan qorunma qaydalarını tətbiq etməklə onların da fəaliyyətinin bərpası mümkün idi. Nəzərə almaq lazımdır, ölkəmizdə kafe, restoran və xidmət obyektlərinin çalışdığı sektorda il ərzində 2 milyard manata yaxın dəyər yaradılır. Bu isə kifayət qədər ciddi rəqəmdir”.

Vüqar Bayramov
Vüqar Bayramov

Vüqar Bayramov deyib ki, Mərkəzi və Şərqi Avropa ölkələrinin təcrübəsi göstərir ki, pandemiyaya qarşı mübarizədə karantin qaydaları qədər standartların müəyyənləşməsi, onlara nəzarət və əməl edilməsi vacibdir:

“Buna görə də iqtisadiyyatın digər sektorlarının yenidən açılımı kontekstində həm qaydalara nəzarətin güclənməsi, həm də hər birimizin bu qaydalara əməl etməyimizə ehtiyac var. Yalnız bu halda həm yoluxma sayını azaltmaq və lokallaşdırmaq, həm də mərhələli şəkildə bütün sferalarda iqtisadi fəaliyyəti bərpa etmək mümkündür”.

Avqustun 15-də Nazirlər Kabineti yanında Operativ Qərargah karantin rejimində bəzi dəyişikliklər haqqında qərar qəbul edib. Həmin qərarlardan biri də avqustun 18-dən etibarən ictimai iaşə obyektlərində müştərilərə açıq hava şəraitində xidmət göstərilməsinə icazə verilməsidir.

Ana səhifəİqtisadiyyat“İnsanlar çoxdandır restorana getmədikləri üçün çox oturur, qalxmaq istəmirlər”