İnsan həyatının qiyməti və siyası əxlaq

Etika. Foto: Rob Wilson/shutterstock

Zərdüşt Əlizadə

Zira əxlaq hər yerdə, o cümlədən, bəlkə də ilk növbədə, siyasətdə vacibdir

Yalnız hansısa ülvi bir insan və ya tam sadəlövh romantik gənc inamla deyə bilər ki, hər bir insan həyatı dəyərlidir, zira heç bir insan digər insanın eyni deyil, təkrarsızdır və hər hansı bir insan yox olursa, onunla birlikdə misilsiz bir dünya yox olur. Bu, humanist və beynəlxalq qanunlara uyğun bir fikirdir.

Bu həqiqətən hədsiz insani və düzgün fikirlə yanaşı, digər bir fikir də mövcuddur. Yer üzündə yaşayan və sayı 7 milyarddan ziyadə insan bu çoxluq ilə bir fərdin həyatının dəyərini inflyasiyaya uğradıb tam ucuzlaşdırıb.

Zərdüşt Əlizadə
Foto: Meydan.tv

“O şey ki, azdır, bahadır, o şey ki, çoxdur, ucuzdur”. Qızıl bahadır, dəmir ucuzdur.

Yer üzündə 7 milyarddan çox insan varsa, bir fərdin həyatının dəyəri baha ola bilməz. Birinci insani fikirdən fərqlənən bu ikinci fikir nə qədər qeyri-insani səslənsə də, onun həqiqətə uyğunluğunu təkzib etmək çətindir. Yer üzündə gedən aramsız müharibələrə, qətllərə, qırğınlara, bombardmanlara, raket zərbələrinə, mina və güllələrin ölüm saçan təsirinə bəşəriyyətin az qala tam biganə münasibəti ikinci fikrin daha geniş rəvac tapdığının sübutudur.

Daha bir cəhət var: insan həyatlarının dəyərində böyük fərqi heç kim inkar edə bilməz. Hərçənd ki, bütün özünü mədəni sayan dövlətlərin konstitusiyalarında insanlar arasında cins, din, irq və milli mənsubiyyətə görə ayrı-seçkilik qadağandır, əslində bütün bəşəriyyət, illah ki, onun özünü mədəni, yəni “sivilizasiyalı” sayan hissəsi bütün bu əlamətlərə görə təfriqəni sözdə də olmasa, əməldə tam təbii qəbul edir.

Uzağa getməyək, oktyabrın 7-də fələstinli ərəblər qeyri-adi vəhşiliklə 1 400 israillini öldürəndə bütün mədəni dünya hədsiz sarsıldı, etiraz üçün ayağa qalxdı. Düz də etdi! İndi qisas əməliyyatı zamanı İsrail ordusu qeyri-adi vəhşiliklə dinc fələstinliləri qırır. Noyabrın 9-u artıq 9 800 insanı, o cümlədən 4 400 uşağı qətlə yetiriblər. Vicdanlı avropalılar soruşur: günahsız yəhudi qurbanının qanının günahsız ərəb qurbanının qanı ilə yuyulması üçün ədalət məzənnəsi nə qədərdir? Artıq İsrail bir yəhudi qurbanı əvəzində 7 ərəb qurbanı öldürüb.

Yəhudi xalqının intiqam hissi soyuyubmu? Bu tövr düşünən yəhudulər (onları ağıllı millət sayırlar, deyilmi?) anlamırlarmı ki, ərəb tərəfdən də bu qurbanların mübadilə məzənnəsini gələcəkdə öz xeyirlərinə dəyişməyə cəhd edən qisasçı insanlar tapıla bilər? “Sivilizasiyalı” Avropa dövlətlərinin bəzisində fələstinlilərin qırılmasına etiraz edənləri həbs edirlər, yəhudulərin qətlinə etiraz edənlərə toxunmurlar. Necə deyərlər: barəkəllah qanacağınıza!

Ədavət və qisas hissi əksər insanların həssaslığını məhv edir. Əksər insanlar özlərinə düşmən saydıqları insanların qətlinə sevinir, özlərinə yaxın və doğma saydıqları insanların ölümünə acıyır. Nəzərə almırlar ki, bu düşmən saydıqları insanların yaxınları və doğmaları var və onlar da itirdikləri əzizlərinə acıyırlar. Ədavət və qisas insanları mərhəmət adlanan ülvi hissdən məhrum edir, bəşər övladını daha dərin quyuya salır. 35 ildir davam edən erməni-azərbaycanlı ədavəti zamanı iki xalq bir-birinə baxırdı, lakin bir-birini görmürdü və insan saymırdı. Ədavətin möhkəm təməlində məhz bu saymazlıq və qəddarlıq yatır.

İnternetdə maraqlı bir çarx var. Zeynəb Xanlarova Yerevana qastrola gəlib. Çox güman, 1970-ci illərin əvvəlidir. Onu erməni qız uşaqları gül-çiçəklə qarşılayırlar, qucaqlayıb öpürlər. Zeynəb Xanlarovanın konserti “Razdan” stadionunu ağzına qədər doldurmuşdu, bütün tamaşaçılar onun ifa etdiyi mahnılardan cuşə gəlmişdilər. Müğənni erməni mahnılarını da ifa edirdi.

Sonra nə oldu? Ermənilərin Zeynəb Xanlarovaya, onun ifasına və mahnılarına vurğunluğu qaldı, fəqət bu məhəbbət Azərbaycan xalqından və azərbaycanlılardan ayrıldı, çevrilib oldu yırtıcı nifrət və kin-küdurət, barbarlıq və başkəsənlik. Bu ədavətin qanunauyğun sonluğunu da gördük, çox acınacaqlı aqibətdir.

Çox görmüşəm belə “uğurlu” siyasətçiləri. Aldadıblar, xəyanət ediblər, kəllə atıblar, badalaq gəliblər, dişləyib-cırmaqlayıblar, gözə barmaq soxublar, uğur qazanıb özlərinə çəpik çaldırıblar. Nəyisə çırpışdırıb ciblərinə təpişdiriblər. Amma nəhayətdə məğlub və zəlil olublar, rüsvayi-cahan, adları bədnam, qurduqları xanədanlar tarixin zibilliyində.

Yəhudilərin “anti-semitizm”dən şikayətini eşidəndə mənə məzə hissi qalib gəlir, zira ərəblər də samidirlər, ancaq ağıllarına gəlmir ki, anti-semitizmdən incisinlər. Görünür, ərəblər özlərindən o qədər razıdırlar ki, kiminsə onlar barədə mənfi fikirləri onları zərrə qədər narahat etmir. Yəqin ki, anti-semitizmdən inciməyi tərk ediblər yəhudilərə, “qoy onların başı ağrısın”.

Mən şübhə etmirəm ki, nə vaxtsa ərəblər və yəhudilər barışacaqlar. Belə olmasaydı, çox, lap çox ağıllı insan saydığım görkəmli ədibimiz Çingiz Hüseynov İsraildə yaşaya-yaşaya üç İbrahimi din nümayəndələrini ortaq məxrəcə gətirməyə çalışmazdı. Bilmirəm, bu barış nə vaxt baş verəcək. Ağıllı, lap çox ağıllı insan saydığım Henri Kissincerin “2020-ci illərdə İsrail dövləti yox olacaq” öncəgörməsinin uğurundan və ya iflasından sonramı bu barış baş verəcək, yenə dəqiq deyə bilmərəm, fəqət barışacaqlarına əminəm.  İndiki münasibətlər çərçivəsində bu barış mümkünsüz görünür, lakin dünyada heç nə, o cümlədən hansısa millətin və dövlətin qüdrəti, digər millətin və dövlətin zəifliyi əbədi deyil. Hamısı keçicidir.

Sadəcə bu barış zamanı bir amil xüsusi əhəmiyyət kəsb etməlidir. Guya ağıllanmış və bilik toplamış zəmanə əhli üzünə ciddi görkəm verib deyir: siyasətdə əxlaqa yer yoxdur, siyasətdə mənafe və maraqlar əsasdır. Yəni maraq tələb edirsə ki, aldat, aldatmalısan. Mənafeyin tələb edirsə ki, xəyanət et, xəyanət etməlisən. Badalaq vurmalısan, kəllə atmalısan, barmağı gözə soxmalısan, dişləməli və cırmaqlamalısan. Bütün qanunları və ədəb qaydalarını pozmalısan, zira “siyasətdə əxlaqa yer yoxdur”, siyasətdə yeganə meyar qələbədir.

İnanmıram. Çox görmüşəm belə “uğurlu” siyasətçiləri. Aldadıblar, xəyanət ediblər, kəllə atıblar, badalaq gəliblər, dişləyib-cırmaqlayıblar, gözə barmaq soxublar, uğur qazanıb özlərinə çəpik çaldırıblar. Nəyisə çırpışdırıb ciblərinə təpişdiriblər.

Amma nəhayətdə məğlub və zəlil olublar, rüsvayi-cahan, adları bədnam, qurduqları xanədanlar tarixin zibilliyində.

Bəşər övladı fanidir, hamimiz bu fani dünyada qonağıq, keçib gedəsiyik. Özümüzlə baqi dünyaya nə aparasıyıq? Süleymana qalmamış dünya kimə qalacaq?

İnsandan, o cümlədən siyasətçidən tarixdə ad qalır. Bu ad necə yaranır, necə qorunur? Bu ad yaltaq məddahların palaz-palaz yazıları ilə yaranmır, xalqın gözünün gördüyü, qulağının eşitdiyi, hafizələrdə həkk olunmuş həqiqətlərdən yoğrulur.

Xalqa xəyanət edibmi? Xalq malını oğurlayıbmı? Yetim-yesirin uzanmış əlini qaytarıbmı? Vətəndaşın haqqını tapdalayıbmı? Sözünə, vədinə xilaf çıxıbmı? Yürütdüyü siyasətdə kimisə aldadıbmı, kiməsə badalaq gəlibmi, kəllə atıbmı, dişləyib-cırmaqlayıbmı, kiminsə gözünə barmağını soxubmu? Qanunları, ədəb qaydalarını pozubmu?

Əgər bütün bu sualların cavabları müsbətdirsə, həmin siyasətçidən varislərinə on yox, yüz milyard da qalıbsa, adı tarixə layiq olduğu kimi yazılacaq.

Zira əxlaq hər yerdə, o cümlədən, bəlkə də ilk növbədə, siyasətdə vacibdir.

Ana səhifəMənim Fikrimcəİnsan həyatının qiyməti və siyası əxlaq