Avropa Şurasının İnsan haqları komissarı Dunya Miyatoviç (Dunja Mijatović) martın 3-də Azərbaycanın Daxili işlər naziri Vilayət Eyvazova məktub ünvanlayıb. Komissar son etiraz aksiyalarında nümayişçilərə zor tətbiq edilərək dağıdılması, habelə insanların sərbəst toplaşmaq azadlığına qoyulan məhdudiyyətlərlə bağlı narahatlığını ifadə edib.
Dunya Miyatoviç xüsusilə bildirib ki, Bakının mərkəzində dinc etirazın bütün formalarının qadağan edilməsindən narahatdır. Bura nümayişlərin dağıdılması zamanı hüquq- mühafizə orqanlarının əməkdaşları tərəfindən aksiyaçılara həddən artıq güc tətbiq edilməsi, o cümlədən, etirazçıların inzibati cərimələrə və həbslərə cəlb edilməsi, eləcə də hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən etirazları işıqlandıran jurnalistlərə qarşı zor tətbiq edilməsi aiddir.
Komissarın müşahidələrinə görə, hakimiyyət Azərbaycan qanunvericiliyini əsas gətirərək insanların bir araya gəlməsinin razılaşdırılmasını tələb edir. O, dinc aksiya iştirakçılarına nümayişdə iştirak etdikləri üçün sanksiya tətbiq edilməməli olduğunu vurğulayıb. Bununla yanaşı komissar hakimiyyəti dinc etirazçıların və jurnalistlərin nümayiş zamanı aldıqları xəsarət hallarını araşdırmağa çağırıb.
Miyatoviçin məktubu həbslərin qanuniliyini yoxlamağı tələb etməklə sona çatıb.