Siyasi kataklizmlər təhlükəsi hər an gözləniləndir
Avropa Oyunları başa çatdı. Beynəlxalq idman yarışması “oliqrax ovu”nu yarımçıq qoymuşdu. Ehtimal emək olar ki, hər şey yenidən başlayacaq və bir sıra iş adamları, onları himayə edən məmurlar dəmir barmaqlıqlar arasına gedəcəklər. Bir sözlə, yay fəsli tamaşalarla bol olacağını vəd edir. İdman şoularını siyasi şoular əvəzləyə bilər.
Beynəlxalq təzyiqlər göz önündədir. Hakim komanda daxilində də vəziyyət olduqca gərgindir. Oliqarxiya və siyasi qruplaşmalar hakim elitanı bitirmək üzrədir. Baş verənlər fonunda Rusiya xətti daha artıq sezilir. Görünən budur ki, Kreml eyni model üzərində düşünür – Rusiyanın nəzarətində olan oliqarxiyanı milli demokratik qanadın radikal hissəsi ilə birləşdirilməsi. İstisna deyil ki, bu, Qərb və Rusiyanın birgə layihəsidir.
Azərbaycan hakimiyyətinin Moskvaya doğru reveransları, “Avropa Şurasından çıxa bilərik” sərsəmliyi vəziyyətin dramatikliyindən xəbər verir. Bakı istəsə belə, xarici siyasət kursunda önəmli dəyişikliklər edə bilməz. Lakin komanda “beşinci kolon”un kadrları ilə zəngindir və istənilən anda Moskvanın Azərbaycanda məxməri çevriliş həyata keçirmək imkanları mövcuddur.
Post-sovet məkanında oliqarxiyanın məxməri inqilablar etdiyi bir zamanda Azərbaycanda oliqarxiyanın siyasi elitaya az qala üsyan qaldırması da ciddi siqnal kimi qəbul edilə bilər. Oliqarxiyanın inqilab etmə perspektivi yalnız bir halda mümkündür – onlara kənar dəstək verilsin. Odur ki, belə bir suala cavab tapmaq zorundayıq – kim edəcək bu inqilabı – ABŞ, Rusiya, İran, yoxsa başqa bir güc mərkəzi?
Prinsipcə, ölkədə seçki mühitinin yoxluğu inqilaba şərait yaradır. Lakin bir sıra daxili və xarici amillər isə inqilab amilinə skeptik yanaşmağa əsas verir.
Əvvəla, ölkədə iqtidardan kütləvi narazılığa baxmayaraq, sosial partlayışlar hələ də idarə olunmaz həddə çatmayıb. Digər tərəfdən, Azərbaycan kimi böyük önəm kəsb edən ölkələrdə inqilab yalnız xalqın öz istəyi ilə baş vermir. Burada xarici amillər də olduqca önəmli rol oynayır. Onu da unutmaq olmaz ki, istər dünyanın aparıcı ölkələrində baş vermiş inqilabların, istərsə də “ərəb baharı”nın təhlili göstərir ki, proseslərin taleyi küçə və meydanlarda deyil, hansısa uzaq kabinetlərdə həll edilir.
Dünyanın aparıcı gücləri hələ müəyyən etməyiblər – Cənubi Qafqaza nəzarət necə bölünəcək? Bu suala hələ tərəflər cavab tapa bilməyiblər. Rusiya- ABŞ qarşıdurmasının pik həddinə çatdığı zamanda Azərbaycanda xaos (idarə olunan və ya olunmayan) supergüclərin marağında deyil. Ümumiyyətlə, Azərbaycan kimi ölkələrdə adətən “məxməri inqilablar” baş verir. Bunu reallaşdırmağın yolu isə seçkilərdən keçir. Qarşıdan parlament seçkiləri gəlir və istisna deyil ki, inqilab təhlükəsini önləmək üçün bu dəfə də passiv boykot ideyası gündəmə gələcək.
Seçkilərdən dərhal sonra inqilab variantının reallaşdırılması üçün ölkədə seçici fəallığı son dərəcə yüksək olmalı və yüz minlərlə insan öz səsini sona qədər qorumağı bacarmalıdır. Digər tərəfdən, inqilab birdən-birə baş vermir.
İnqilaba hansısa hadisə vəsilə ola bilər, lakin onu yetişdirən səbəblər daha dərin köklərə malikdir. Cəmiyyətin passivliyi fonunda ən yaxşı halda insanları mitinq və etirazlara səsləmək mümkündür, bu isə inqilab effekti yarada bilməz.
Azərbaycanda hazırda situasiya o dərəcədə qeyri-müəyyəndir ki, yeni meydana çıxacaq istənilən inqilabçı liderliyə namizəd anındaca hakimiyyətin təqiblərinə məruz qalmalı olacaq. Düzdür, inqilabın özəlliyi ondadır ki, gözlənilməyən zaman bütün proseslər ssenaridən çıxa bilər.
Siyasi kataklizmlər təhlükəsi isə hər an gözləniləndir. Onu da nəzərə alsaq ki, kataklizmlər özü də birdən-birə baş vermir, vəziyyətin heç də proqnozlaşdırıla bilməyəcəyini deyə bilərik. Ümumilikdə isə inqilablar bir qayda olaraq özü ilə təlatümlər və dağıntılar gətirir. İnqilab yolu ilə devrilən iqtidarların taleyi nə qədər acı olursa, hakimiyyətə gələn qüvvələrin karyerası da bir o qədər xoşagəlməz olur. İnqilablar adətən təkrarlanır. Bu isə dövlətin əsaslarını sarsıdır. İnqilab yolu ilə devrilən siyasi qüvvələrin hakimiyyətə qayıdış şansı son dərəcə minimal olur. Seçki yolu ilə məğlubiyyətə uğrayanlar isə bir müddət keçdikdən sonra yenidən hakimiyyətə qayıda bilirlər. Hansı yolu seçməyi isə siyasi qüvvələr özləri həll edəcəklər. İlk növbədə isə bunun məsuliyyəti iqtidarın üzərində qalacaq.
Daha bir önəmli fakta diqqət yetirək. İstər Qərb, istərsə də Rusiya anlayır ki, Azərbaycanda oliqarxlar müxalifətin tərəfinə keçməsə, bu ölkədə inqilab barədə düşüncələr reallaşa bilməyəcək. Ukraynadakı son proseslər milyonlarla maliyyə hesabına gerçəkləşdirilə bildi. Böyük və ciddi proseslər üçün maliyyə əsas şərtdir. Məhz oliqarxları müxalifətə keçməyə sövq edəndən sonra Qərb Ukrayna müxalifətini silahlanmaq, milli qvardiya yaratmaq, klassik inqilaba hazırlaşmaq barədə bəyanatlar verməyə sövq etdi.
Bu gün hiss olunur ki, Qərb Azərbaycandakı bir çox siyasi qüvvələri siyasi həyatdan silmək istəyir. İnqilab ideyasına mane olan hər bir qüvvə ofsayta salına bilər.
Hakim klanın iqtisadiyyatı tam nəzarətə götürməsi insanların kəskin etirazına səbəb olur, pulların bölünməsində digər qruplar kənarda saxlanılır. Ən müxtəlif qrupların maraqlarının get-gedə sıradan çıxarılması savaşların miqyasını böyüdür. Bu isə inqilaba yol açır…