İyunun 16-da Milli Məclisə oğlunun həbsinə etiraz etmək üçün gələn Natalya Sadıqova polislərin onu döydüyünü deyir. Oğlu Ələkbər Sadıqov son aylar narkotik ittihamı ilə həbs olunan yüzlərlə inanclı şəxsdən biridir. Natalya Sadıqova oğlunun Müsəlman Birliyi Hərəkatının üzvü olduğuna görə şərləndiyini bildirir. O, səsini eşitdirmək üçün Milli Məclisə gələn zaman zorakılıqla üzləşdiyini deyir. Natalya Sadıqovanın sözlərinə görə, hadisə zamanı polis əməkdaşları onun qızını saxlayıb maşına mindirmək istəyəndə o, buna mane olmaq istəyib, nəticədə polislər onun saçlarını yolub, qolunu burub. Binəqədi Rayon Polis İdarəsinə aparılan Natalya Sadıqova
bildirir ki, polislər saxlanılan digər valideynləri də təhqir edib, hədələyib, aksiyalara son qoymaqlarını tələb ediblər.
Natalya Sadıqova vurğulayıb ki, İranla Azərbaycanın münasibətlər pozulubsa, onlar bunun qurbanı olmaq istəmirlər. İyunun 16-da bir qrup şəxs yaxınlarının həbsinə etiraz üçün Milli Məclisin qarşısında etiraza cəhd edib. Polis aksiyaya müdaxilə edərək şikayətçiləri bölmələrə aparıb. Hüquq müdafiəçiləri Azərbaycanda 3 minə yaxın inanclı şəxsin həbs olunduğunu deyirlər. Onlara qarşı narkotikin qanunsuz dövriyyəsi ittihamı irəli sürülüb, amma ictimaiyyətə İran casusu kimi təqdim olunurlar.
Rəsmi orqanlar isə həmin şəxslərin inanclı olduqlarına görə həbs edilməsini təkzib edir və bəzilərinin narkotik satmaqla Azərbaycanda Kərimə dövlətini qurmaq niyyətləri olduqlarını bildirir.