İnanclı məhbusu Penitensiar Xidmətin Müalicə Müəssisəsi qəbul etmir

Ağamehdi Məmmədov Foto: şəxsi arxivindən

Narkotik ittihamı ilə həbs olunan inanclı Ağamehdi Məmmədovu Penitensiar Xidmətin Müalicə Müəssisəsinin qəbul etmədiyi deyilir.

Bu barədə onun qardaşı Rüstəm Məmmədov Meydan TV-yə danışıb.

O bildirib ki, qardaşı ikinci qrup əlildir və uzun müddətdir xəstəlikdən əziyyət çəkir. Onun limfa vəzləri şişib və qaraciyərində böyümə var.

“Qardaşım uzun müddətdir xəstəliklərdən əziyyət çəkir, amma Penitensiar Xidmətin Müalicə Müəssisəsi onu qəbul etmir. Dəfələrlə müraciət etdikdən sonra Penitensiar Xidmətin Tibb Baş İdarəsinin baş həkimi Cəmil Kamilli qardaşımın yanına gəldi, gözündə olan problemlə bağlı baxış keçirdi və müəyyən müalicələr apardı. Sonra qardaşım Ağamehdi 2-ci kolona köçürüldükdən sonra soyuqdəymədən limfa vəzləri şişdi. Bununla bağlı biz dəfələrlə şikayət etdik. Qardaşım özü də həbsxanadan Cəmil Kamillinin müavini Çingiz Əlləzova müraciət edib. Mən də bir neçə dəfə telefonla Tibb Baş İdarəsi ilə əlaqə saxlamışam. Amma bütün bu müraciətlərimiz cavabsız qalıb”, – deyə Rüstəm Məmmədov bildirib.

Rüstəm Məmmədov deyir ki,  qardaşının görməsində ciddi problemlər var. Üstəlik xəstəliyinə görə ağrıları artıb. Bu səbəbdən təcili həkim baxışından keçməlidir.

“Qardaşımın sol gözü ümumiyyətlə görmür, sağ gözündə isə görmə əvvəl 70 faiz idi, indi 15 faizə düşüb. Artıq təkbaşına özünü idarə edə bilmir, mütləq kimsə yanında olmalıdır. Qaraciyəri ağrıdığı üçün ona ağır dərmanlar verirdilər. İndi isə nə mənə resept verirlər ki, dərmanı özüm alım, nə də özləri dərman verirlər. Halbuki bu dərmanlar dövlət hesabına pulsuz verilməlidir. Buna baxmayaraq, hər dəfə 20–30 manat pul xərcləməli oluram. Qardaşım 4 aydır limfa vəzlərinin şişməsindən əziyyət çəkir, üstəlik əlilliyi var, təcili həkim baxmalıdır”, – deyə o deyib.

Rüstəm Məmmədov onu da qeyd edir ki, dövlət qurumlarına və Ombudsmana edilən müraciətləri cavabsız qalıb. O həmçinin qeyd edib ki, 2-ci kolonun baş həkimi də onlara cavab verməyib.

“Bu barədə Ombudsmana şikayət etmişik. Amma maraqlanan olmadı.Cəmil Kamilli məni qəbulu çağırsa da, sonradan müxtəlif bəhanələrlə məni görə qəbul etmədi. Mənə bir həftə sonraya görüş təyin etdi. Lakin sonradan telefonlarıma cavab vermədi”, – deyə Məmmədov vurğulayıb.

Məmmədovun sözlərinə görə, 2-ci kalonun baş həkimi müəssisəyə Ağamehdi Məmmədovun müalicəsi üçün müraciət etsə də, sənədlər səbəb göstərilmədən geri qaytarılır.

“2-ci kalonun baş həkimi Səddam mənə dedi ki, artıq 4-cü dəfədir ki, sənədləri aparıram ki, Ağamehdi qaraciyərinin böyüməsinə və limfa vəzilərindəki olan problemlərə görə USM müayinəsindən keçməlidir. Amma mənə heç bir səbəb göstərmədən sənədləri geri qaytarırlar. Baş həkim Səddam mənə dedi ki, get hara müraciət edirsən elə”, – deyə o bildirib. 

35 yaşlı Ağamehdi Məmmədov 2023-cü il iyulun 17-də Binəqədi Rayon 43-cü Polis Bölməsinin polisləri tərəfindən saxlanılıb. Ona Cinayət Məcəlləsinin 234.4.3 narkotik vasitələri qanunsuz saxlama, satma, əldə etmə əməllərini külli miqdarda törətməkdə maddəsi ilə ittiham olunur.

Özü iddiaları qəbul etmir,narkomaniyaya qarşı mübarizə apardığı üçün həbs olunduğu  bildirir. 

Məmmədov 2024-cü ilin mart ayında Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 3 il müddətinə azadlıqdan məhrum edilib.

Ana səhifəSiyasətİnanclı məhbusu Penitensiar Xidmətin Müalicə Müəssisəsi qəbul etmir