Vəkil aktda yazılanlara etiraz edir
İmişlinin keçmiş icra başçısı, iki ildir həbsdə olan Vilyam Hacıyevin məhkəməsində sənədlərin tədqiqi mərhələsi davam edir. Söhbət maliyyə yoxlamalarının nəticələrilə bağlı sənədlərdən gedir.
İyunun 13-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyilə keçirilən məhkəmə iclasında aktlar elan edilib. İcra hakimiyyətinin fəaliyyətilə bağlı yoxlama aktında göstərilib ki, Vilyam Hacıyevin rəhbərliyi dövründə 356 nəfərin adı “DOST” mərkəzinə işlə təmin edilmiş şəxs kimi rəsmiləşdirilib. Əslində isə o adamlar işə gəlməyib, sadəcə, adlarına əməkhaqqı yazılıb. Bu müddətdə həmin adamların adına olan kartlara ümumilikdə 481 min manat maaş köçürülüb. Lakin həmin əməkhaqqı adı işçi kimi rəsmiləşdirilən şəxslərin özlərinə çatmayıb.
Cinayət işində iddia olunur ki, adı sənəd üzərində olan işçilərin əməkhaqqı kartlarına köçürülən vəsaitlər həbsdəki sabiq icra başçısına çatıb. Amma Vilyam Hacıyev bu ittihamı qəbul etmir, həmin vəsaitlərin ona çatmadığını, bu məsələdən ümumiyyətlə, xəbərsiz olduğunu deyir.
Akta əsasən, İmişlidə rayonun işıqlandırılması üçün işıq dirəklərinin alınması və təmirinə 162 min manat, dövlət arxivində kitabların saxlanması üçün 75 min manat, çoxmənzilli binaların təmirinə 1 milyon manat vəsait köçürülüb. Lakin həmin vəsaitlər təyinatı üzrə xərclənməyib.
Bundan başqa, İmişli Rayon Mərkəzi Xəstəxanasının təmirinə 23 min 701 manat, Yaşıllaşdırma İdarəsinə 559 min manat, İmişli Turizm Şöbəsinə 118 min manat ayrılıb. Bu vəsaitlərin də sənədlərdə nəzərdə tutulduğu qaydada xərclənmədiyi iddia olunur.
Sabiq icra başçısının vəkili Elmar Kərimov aktlarda yazılanlara etiraz edib. Vəkil deyib ki, aktlarda göstərilən məbləğlər seçmə üsuluyla aparılıb:
“Burada söhbət böyük məbləğlərdən gedir. Aktı tərtib edən mütəxəssis mütləq bura gəlib, rəqəmlərə aydınlıq gətirməlidir. Konkretləşdirmə üçün anbarlara baxış keçirilməlilir, aşkarlanan yeyinti faktları dəqiq hesablanmalıdır. Bu rəqəmlər Cəmil Musayevin izahatları əsasında yazılıb. Aktda göstərilib ki, 4 milyon 879 min manat İmişli rayon İcra Hakimiyyətinin inzibati binasının tikintisinə ayrılıb. Amma bu məbləğin nə qədəri mənimsənilib, nə qədəri xərclənib, o rəqəm dəqiq göstərilməyib”, – vəkil bildirib.
Müdafiəçi əlavə edib ki, araşdırılmalı məsələlərlə bağlı vəsatətləri var. Onları hazırlamaq üçün məhkəmədən vaxt istəyib. Ona iyunun 17-nə qədər vaxt verilib.
Vilyam Hacıyev 2020-ci ilin mayında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) əməkdaşlarının İmişli rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyat nəticəsində həbs olunub. O, uzun müddət DTX-nın istintaq təcridxanasında saxlanılıb. Məhkəmə başlayanda Bakı İstintaq Təcridxanasına köçürülüb. Sabiq icra başçısı bir müddət əvvələ qədər Müalicə Müəssisəsində saxlanılırdı.
Vilyam Hacıyev Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə), 311 (rüşvət alma) və başqa maddələrilə ittiham olunur.
O, 2004-2006-cı illərdə Göygöl rayonunun, 2006-2012-ci illərdə Samuxun, 2012-2020-ci illərdə isə İmişlinin icra başçısı vəzifəsində çalışıb.
Vilyam Hacıyevin həbsindən sonra DTX onun evindən, qarajından qutularda milyonlarla manat, xarici valtitada pulların, müxtəlif maşınların çıxmasını əks etdirən görüntülər yayımlamışdı.
Vilyam Hacıyev özünü təqsirli bilmir, ittihamların şər-böhtan olduğunu, sifarişlə həbs edildiyini bildirir.
Azərbaycanda icra başçılarının həbs dalğası 2019-cu ilin dekabrından başlayıb. İlk həbs edilənlər Ağstafa rayonunun icra başçısı Nizaməddin Quliyev və Yevlaxın sabiq icra başçısı Qoca Səmədov olub. 2020-ci ilin ilin fevralında Neftçalanın, mayda isə Biləsuvarın və İmişlinin icra başçısı həbs edildi. Ardınca Kürdəmir, Cəlilabad, Şəmkir rayonlarında da eyni əməliyyatlar həyata keçirildi.