İmişli sakinləri: 20 minlik əhalisi olan küçələr bərbad gündədir

“Depo” adlanan ərazidən Meydan TV-yə şikayət var

Source:


“Depo” adlanan ərazidən Meydan TV-yə şikayət var

“Çox əziyyət çəkirik, hər dəfə qışqır-bağırımızdan sonra ağzımızı yummaq üçün gətirib ora-bura asfalt töküb gedirlər. Bir hissəsi dağınıq, bir hissəsi yamaq-yamaqdı bu küçələrin… Bilirik ki, yolların təmirinə kifayət qədər pul ayrılır, ancaq ilin sonunadək öz aralarında bölüşdürürlər, sonra da saxta hesabat hazırlayırlar, guya il ərzində küçələrimizin təmirinə xərclənib”.

Bunu Meydan TV-yə İmişli şəhəri, Alış Məmmədov küçəsinin sakinləri deyir. Bu küçə İmişlinin mərkəzinin yaxınlığındakı “Depo” deyilən ərazidə yerləşir. Sovet vaxtı bu ərazidə dəmiryolçular yaşayıb. Ancaq son 15-20 ildə burada çoxlu evlər tikilib. Hazırda isə ərazidə yüzə yaxın küçə var və əhalinin sayı 20 min nəfəri ötüb. Ancaq məhəllə yollarının bərbadlığı əhalinin gündəlik qayğılarını daha da artırır.

İndiyədək əsaslı təmir aparılmayıb

Sakin Babək Məmmədli danışır:

“Sovet vaxtı çəkilmiş asfalt örtüklər dağılandan sonra bu küçələrə əsaslı asfalt döşənməyib. Hər dəfə ora-bura şikayət edirik, 1 illik get-gəllərimizdən sonra gətirib harasa asfalt tökürlər, gedirlər. Həm tökdükləri asfalt keyfiyyətsiz olur, həm də gördükləri iş… Qısa müddətdən sonra yenə sökülüb dağılır”.

“Camaatın başı yarılır”

Cəmaləddin Nəsirov küçəsinin sakini Etibar Xanlarov deyir, bir müddət əvvəl kommunikasiya xətlərinin çəkilməsi üzündən yollar daha da pis vəziyyətə düşüb. Çala-çuxurlar da həmin işlərin “nişanəsi” kimi qalıb. Hazırda bəzi küçələrə iri çınqıl daşları tökülüb. Ancaq bu daşlar da narahatlıq yaradır:

“Bu daşların üstündə yerimək olmur, maşınlar keçəndə təkərlərin altından sıçrayan daşlar piyadalara dəyir, camaatın başı yarılır”.

Yolları bərbad küçələr şəhər mərkəzindəki Bayraq Meydanından təqribən 150-200 metr aralıdadı. Bir müddət əvvəl bir iş adamı məhəllələrin yaxınlığında karxana tikmək istəyib. Sakinlər tikintisi başlayan karxanaya görə küçələrə çıxıblar. Səbəb onsuz da bərbad olan yollara bir də karxana tikintisi üzündən qrunt sularının axıdılması, nəticədə yaranan üfunətin evlərədək nüfuz etməsi olub.

Sakinlər deyir, yerli icra hakimiyyəti yalnız mərkəzi təmir edir, bu küçələrin girişinədək olan hissələri səliqəli saxlayır. Küçələrin girişindən içərilərədək gedən yollarsa bərbaddır.

İmişli Bayraq Meydanından ibarətdir

Mirzə Sadıqcan küçəsinin sakini Elton Qurbanov:

“Nə vaxt baxırsan, mərkəzi küçələri söküb təzədən düzəldirlər. Bayraq Meydanının ətrafından başqa heç yeri görmürlər. Elə bil İmişli təkcə Bayraq Meydanından ibarətdir. Nə ətraf məhəllələrə, nə də kəndlərə diqqət var. Qazı, suyu, işığı, yolu – hamısını mərkəzə verirlər”.

Yağışlı günlərdə yollar palçıqlı, çuxurlar su ilə dolu olur. Hazırda isə bu yollarla maşınlar hərəkət etdikcə, təkərlərin altından qalxan toz-torpaq ətrafdakı insanların ciyərlərinə hopur. Elton Qurbanov sözünə davam edir:

“Bir il gedib gəldik, Bakıya da yazdıq, axırda gətirib küçələrin girişinə – təqribən 1 kilometrlik hissəyə asfalt tökdülər. Bizə deyirlər ki, bu yolların təmiri plandadır, ancaq vəsait ayrılmayıb. Qışda uşaqlara çox çətin olur, məktəbə gedib-gələ bilmirlər. Uşağı geyindirib evdən yola salırsan, palçıq içində qayıdıb gəlir. Ayaqqabı da davam gətirmir, qışboyu uşaqlara bir neçə dəfə ayaqqabı almalı oluram”.

İmişli rayon İcra Hakimiyyətindən Meydan TV-yə bildirilib ki, sakinlərin şikayətləri əsasında yerli bələdiyyəyə müraciət olunub. Bu yaxınlarda məhəllələrin giriş hissəsi asfaltlanıb, bəzi küçələrə çınqıl tökülüb.

“İşlər bununla yekunlaşmır, yolların təmiri bundan sonra da davam edəcək”, – qurumdan bildirilib.

Ana səhifəBölgəİmişli sakinləri: 20 minlik əhalisi olan küçələr bərbad gündədir