İmişli sakini:  “Şəkər Zavodu qanunsuz metal alveriylə məşğuldur”

Qədir Ağayev. Foto: Şəxsi arxivindən

Qədir Ağayev müqavilə tələb etdiyi üçün problemlə üzləşdiyini deyir

“10 ildən çoxdur ki, İmişli Şəkər Zavodundan metal alıb satıram. Bu yaxınlarda tələb etdim ki, bu proses sənədləşdirilsin, alqı-satqı qanuni şəkildə aparılsın. Bundan sonra zavod rəhbərliyinin göstərişilə zavoda girişimi əngəllədilər. Zavodun mənə olan borcu da ödənilməyib. İndi mənimlə nə alqı-satqı edirlər, nə də borcumu ödəyirlər”.

Bunu Meydan TV-yə İmişli rayon sakini Qədir Ağayev deyir. Onun sözlərinə görə, indiyədək zavoddan qeyri-rəsmi aldığı metala görə son vaxtlar müqavilə imzalanmasını tələb etdiyi üçün zavod rəhbərliyi onunla davam edən on illik iş birliyinə son verib:

“Aramızdakı metal alqı-satqısının sənədsiz olması mənə həmişə problemlər yaradıb, əlavə xərclərə düşmüşəm. Çünki aldığım metalı İmişlidən Bakıya daşıyanda yolboyu saxlanılıram, cərimələnirəm. Nəticədə zavodla gördüyüm işdən zərərli çıxıram. Bu yaxınlarda zavodun qarşısında məsələ qaldırdım ki, mənə satdıqları metalı sənədləşdirsinlər. Həmin gündən zavodun direktoru Ceyhun Salmanov zavoda girişimi qadağan etdi. Mən də şikayət etməyə başladım. Gördülər ki, qanunsuz əməllərinin üstü açılacaq, məni zavoda dəvət etdilər, 3 aylıq müqavilə bağladılar və bildirdilər ki, dəymiş 17 min manat zərəri şirkət mənə 3 ay ərzində güzəştli metal satmaqla qarşılayacaq. Ancaq iki həftədən sonra müqaviləni ləğv elədi”.

Qədir Ağayevin sözlərinə görə, zavod metalı “Whatsapp” üzərindən satır:

“İllərdir ki, “Whatsapp”da bir qrup yaradılıb, zavod metalın fotolarını həmin qrupa yerləşdirir, məlumatları qeyd edir, kim çox pul verirsə, ona da satır. Belə deyək də, metalı “Whatsapp” üzərindən hərraca çıxarır. Qrupda mənim kimi yüzlərlə müştəri var. Kim çox pul verir, metal ona da satılır. Zavoddan sonuncu dəfə metal alanda baxdım ki, məni aldadıblar. Depozit qoyandan sonra malların içərisindən lazımlı metalların götürüldüyünü anladım. Bu da məni 17 min manat zərərə saldı. Tələb etdim ki, ya malı versinlər, ya da zərəri ödəsinlər. Bunlar da mənimlə müqavilə imzaladılar. Ancaq 11 dəfə metal götürəndən sonra direktor mənə metal satışını dayandırdı”.

Qədir Ağayev deyir, onunla əməkdaşlığı dayandırmalarının səbəbi vergi ödəməmək məqsədi güdür:

“Bir vətəndaş olaraq mənim istədiyim odur ki, qanuni işləyək, vergisini ödəyək. Alıb apardığım metalın sənədi olsun ki, polis də yolda saxlayıb məni cərimələməsin. Bu tələbi dilə gətirməyim xoşlarına gəlmədi. Zavoda girişimi əngəllədilər, özümü də “Whatsapp” qruplarından kənarlaşdırdılar. Təkcə mən əməkdaşlıq etdiyim 10 il ərzində onlardan milyon yarım manatlıq metal götürmüşəm. Axı mən tək deyiləm, xeyli adamla illərdir ki, sənədsiz, sübutsuz metal alqı-satqısı edirlər. Araşdırılsa, ortaya çıxar ki, zavodun yüz minlərlə manat vergidən yayınma halları var”.

Qədir Ağayev deyir ki, İmişli Rayon Prokurorluğuna şikayət edəndən sonra “Azərsun Holding”in baş ofsinə dəvət olunub:

“Şirkətin hüquqşünasıyla görüşdüm, başıma gələnləri danışdım. Dedi “ərizə yaz, hamısı yoluna qoyulacaq”. Tələbimi soruşdular, dedim, bir ay güzəştli qiymətlə metal satsınlar, borclarımı qaytarım. Bildirdilər ki, 14 gündən sonra zavoda gedim, orada məni dinləyib, məsələni həll edəcəklər. 14 gün keçdi, getdim zavoda, direktorun köməkçisi qəbul etdi, dedi, get, metal satışı olanda xəbər edəcəyik”.

Bir həftə əvvəl Qədir Ağayev yenə “Azərsun Holding”ə gedib, ancaq orada onu qəbul edib dinləyən olmayıb.

Meydan TV “Azərsun Holding”in məsələ ilə bağlı mövqeyini öyrənmək üçün şirkətin mətbuat xidmətinə müraciət edib. Bir neçə gün sonra mətbuat xidmətindən bildirilib ki, şirkətin vətəndaşın dedikləri ilə bağlı hər hansı açıqlaması olmayacaq.

Ana səhifəXəbərlərİmişli sakini:  “Şəkər Zavodu qanunsuz metal alveriylə məşğuldur”