İcra başçısı
2017-ci ilin avqustunda “Vətənə xidmətə görə” ordeni ilə mükafatlandırılıb
Prezident
İlham Əliyev
in mayın 6-da imzaladığı sərəncamla İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev vəzifəsindən azad olunub.
Vilyam Hacıyev 1957-ci ildə Göygöl şəhərində anadan olub. O, 1979-cu ildə Orenburq vilayətinin Buquruslan Mülki Aviasiya məktəbini, 1991-ci ildə Azərbaycan Texnologiya Universitetini, 1994-cü ildə Mülki Aviasiya Akademiyasını bitirib. Vilyam Hacıyev 1999-2002-ci illərdə Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısı aparatının Hüquq və müdafiə məsələləri şöbəsinin müdiri, 2002-2004-cü illərdə Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini, 2004-2006-cı illərdə Göygöl Rayon İcra Hakimiyyətinin başçısı, 2006-2012-ci illərdə isə Samux Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb. O, 2012-ci ildə İmişli Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunub. Yeni Azərbaycan Partiyasının üzvü olan V.Hacıyev 2017-ci ilin avqustunda “Vətənə xidmətə görə” ordeni ilə mükafatlandırılıb.
Dövlət Təhlükəsizliyi Xidmətinin mayın 5-də adıçəkilən rayonun icra hakimiyyətində əməliyyat apardığı haqda məlumat yayılmışdı.
Bu barədə
Meydan TV
-yə İmişli sakinləri də məlumat vermişdilər. Onların sözlərinə görə, mayın 5-i səhər saatlarından rayon icra hakimiyyəti binasında yoxlama başlanıb. İcra hakimiyyəti binasının ətrafını polis mühafizə edib.
Son zamanlar DTX ümumilikdə dörd rayonun icra başçısını həbs edib. 2019-cu ilin dekabrında Ağstafa rayonu, 2020-ci ilin fevralında Neftçala rayonu, apreldə Biləsuvar rayonunda icra başçısı həbs edilib.
Saxlanılanlar vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, külli miqdarda təkrar rüşvət alma, mənimsəmə, rüşvətalma, rüşvətvermə ilə bağlı faktlara görə ittiham edilirlər.