REAL Partiyası üzv səfərbərliyi kampaniyasına başlayır
İyulun 20-də REAL Partiyasının sədri İlqar Məmmədov Ədliyyə Nazirliyindən aldıqları imtina məktubu ilə bağlı mətbuat konfransı keçirib.
İlqar Məmmədov deyib ki, iyulun 17-də nazirlikdən aldıqları məktub onlara vəziyyəti tam aydınlaşdırmağa imkan vermirdi:
“Ona görə telefonla əlaqə saxladıq, xeyri olmadı. Ardınca məktub göndərdik, iyulun 19-da ikinci rəsmi məlumat aldıq və bu məlumat istədiyimiz qədər təfərrüatlıdır. Buna görə nazirliyə təşəkkür edirik. Yəni hər bir üzv haqda qiymətləndirmə verir, tanınır, yaxud tanınmırsa, qeyri-dəqiqlik nədən ibarətdir. Gecəylə bunları araşdırdıq, təhlil etdik. Belə məlum oldu ki, Ədliyyə Nazirliyi bir neçə parametrdə üzvləri təsdiqləyir. Birincisi vətəndaşların dövlət reyestrində olub-olmaması meyarıdır. Beləliklə, təqdim etdiyimiz 4 min nəfərdən 2040-nı dövlət reyestrində tapa biliblər. 2020 nəfərin məlumatını isə tapa bilməyiblər. Ola bilər ya hərf, ya rəqəm səhvləri olub, yaxud onların da, bizim də məlumatımız düz olmayıb. Bununla da dövlət reyestrində vətəndaşlar haqda məlumatlar düz deyil. Ona görə qarışıq durumu dövlətin öz sistemi yaradıb”.
“Bizim siyahıda 27 nəfərin təkrar qeyd olunduğu, 16 şəxsin vəfat etdiyi, 90 adamın 2 partiya qetdiyyatda olduğunu bildiriblər. İndi sonuncuları aydınlaşdırmalıyıq ki, bu adamlar REAL-da, yoxsa başqa partiyada qalacaq. 986 nəfərin telefon zəngi ilə üzvlüyünü təsdiqləmədiyini vurğulayıblar. Bu, tamamilə gülünc və heç bir hüquqi əsası olmayan prosedurdur, həm yeni qanuna, həm də demokratik təməllərə ziddir. Təsəvvür edin ki, zəng edib “sən mənim hökumətimi bəyənməyən partiyaya üzvsənmi” deyə soruşanda, adamlar nə deyəcəklər?! İstəyirlərsə, 986 nəfəri bir daha nazirliyə çağırıb ərizə yazdırıb daha bir qorxutma kampaniyası aparsınlar. Onsuz da zəng kampaniyası bir ayıb yaşatdı”,-deyə Məmmədov əlavə edib.
Ancaq bütün bunlara rəğmən İlqar Məmmədov Ədliyyə Nazirliyi ilə konstruktiv əməkdaşlığa hazır olduğunu vurğulayıb. O, indiki siyahı əsasında qeydiyyat məsələsinin üzərində işləməyin mümkünlüyünü bildirib:
“Başda Prezident Administrasiyası olmaqla digər dövlət qurumları ilə birgə məlumatları dəqiqləşdirmək və prinsipləri aydınlaşdırmaq olar. Təbii ki, telefon zəngi məqbul deyil, çünki qanunda belə tələb yoxdur”.
İlqar Məmmədov bugündən REAL Partiyasının üzv səfərbərliyi kampaniyasına başladığını bəyan edib:
“Hər kəs, – hətta ideologiyamızı və mövqeyimizi tam bəyənməsə də,- partiyamızın siyasi səhnədə qalmasını istəyən vətəndaşlar üzv yazılsın”.
Meydan TV-nin “Natiq Cəfərli deyib ki, əgər partiyanı qeydə almasalar, Erkin Qədirli mandatdan imtina edə bilər. Belə bir qərarınız varmı” sualına İlqar Məmmədov cavab verib ki, Azərbaycanda seçki sistemi mojaritardır, hər bir deputat partiyası ilə bərabər dairəsini təmsil edir:
“Biz qeydiyyatımız ləğv olunacağı təqdirdə, hansı qərar verəcəyimizi hələ müzakirə edirik. Ola bilər seçicilər hökumətin qərarına görə Erkin Qədirlini parlamenti tərk etməyi çağırsınlar. Bir daha deyirəm, hələlik partiyamızın qəti qərarı yoxdur, amma ola bilər”.
Onun sözlərinə görə, REAL Partiyası buraxılmayacaq, bunu hər kəs anlasın:
“Kimin istəyi varsa, partiyanı bağlasın, amma bizdən təşəbbüs gəlməyəcək”. Bununla belə İlqar Məmmədov çox şeyin hökumətin və müvafiq nazirliyin məsələlərə texniki və hüquqi yanaşmasından asılı olduğunu deyib:
“Biz mümkün qədər konstruktiv yanaşırıq və siyahı üzərində işləyəcəyik”.
“Mən 10 ildən çoxdur seçkidə iştirak edə bilmirəm. Ümid edirəm hökumətlə dialoq və rabitə çərçivəsində konstruktiv ruhda bu məsələni həll edə biləcəyik. Və REAL Partiyasını seçkiyə apara biləcəm”,-Məmmədov fikrini tamamlayıb.
İyulun 17-də Ədliyyə Nazirliyi REAL Partiyasının üzvlərinin reyestrə daxil edilməsi ilə bağlı müraciətinə mənfi cavab verib.
İyulun 19-da isə nazirlik Müsavat və Xalq Cəbhəsi partiyalarına oxşar məktub göndərib. Elə dünən Ədliyyə Nazirliyi hakim Yeni Azərbaycan Partiyasının reyestrdən keçdiyini açıqlayb.
Azərbaycan Ədliyyə Nazirliyi bir həftədən çoxdur müxalif partiya üzvləri ilə əlaqə saxlayıb onlara siyasi mənsubiyyəti ilə bağlı suallar verir. Bu yanaşma sosial şəbəkələrdə və bir sıra ekspertlər tərəfindən birmənalı qarşılanmır. Onlar yoxlama prosesinin qanunun tətbiqində problemlərin olmasından irəli gəldiyini deyirlər.
Son bir neçə ayda Azərbaycanda 30-dan çox partiya özünü buraxıb. Bu sıraya Müstəqil Xalq Partiyası (MXP), Azərbaycan Milli Demokrat Partiyası (AMDP), Yeni Yol Partiyası, Azərbaycan Respublikaçılar Partiyası, Müstəqil Azərbaycan Partiyası, Azərbaycan Vahid Kommunist Partiyası, Azərbaycan Sosial Demokrat Partiyası (ASDP), Azərbaycan Liberal Demokrat Partiyası (ALDP), Milli Vəhdət Partiyası (MVP), Azərbaycan Sosial Rifah Partiyası (ASRP), Azərbaycan Naminə Alyans Partiyası (ANAP), Azərbaycan Təkamül Partiyası, Birlik Partiyası, Aydınlar Partiyası, Kommunist Partiyası, Vahid Azərbaycan Milli Birlik və Azərbaycan Azad Respublikaçılar Partiyası və digərləri daxildir.
Meydan TV-yə daxil olan məlumata görə, partiyaların çoxu özündən xəbərsiz, Prezident Administrasiyası tərəfindən buraxılır və həmin partiyaların rəhbərləri bu haqda hökumətə yaxın media orqanlarında çıxan xəbərlərdən öyrənirlər.
2022-ci ilin dekabrında Milli Məclisin “Siyasi partiyalar haqqında” Qanunu III oxunuşda qəbul edib.
Daxili və xarici etirazlara rəğmən, Prezident İlham Əliyev 2023-cü ilin yanvarında qanunu təsdiqləyib.
Yeni qanunun narazılıq doğuran maddələri sırasında partiyaların 5 min üzv toplaması və onların hər birinin reyestrdən keçirilməsi xüsusi yer tutur.
2022-ci ildə Azərbaycanda 59 siyasi partiya qeydiyyatda olub.